Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

MEDİASİYANIN KÖNÜLLÜLÜYÜ

Xəbərə keçid

Mediasiya danışıqlarının mübahisələrin həllində effektiv və səmərəli olması üçün tərəflərin münaqişənin həllində maraqlı olmaları və həllyönümlü ortaq zəmin tapmağa birlikdə çalışmaları lazımdır.  

Bu isə könüllülük prinsipi ilə birbaşa əlaqəli məqamdır.

Mediasiyanın könüllülüyü dedikdə, mübahisənin tərəflərinin heç bir təsirə məruz qalmadan üçüncü neytral şəxsin-mediatorun vasitəçiliyi ilə bu mübahisənin və həll yollarının mediasiya danışıqlarında müzakirə edilməsinə könüllü razı olmaları, habelə həmin mediasiya sessiyalarında iştirak etmələri başa düşülür.

Könüllü mediasiya proseslərinin əsas məqamlarını aşağıdakı kimi təsnifləşdirə bilərik:

Könüllülük: Bütün tərəflər özləri hər hansı kənar təsirə və yan müdaxiləyə məruz qalmadan mediasiya sessiyalarında iştirak etməlidirlər. Onlar mediasiya danışıqlarının istənilən anında- prosesin başlanmasına razılıq anından barışıq sazişi imzalan ana kimi mediasiyadan hər hansı səbəb göstərmədən imtina etməkdə azaddırlar. Digər bir ifadə ilə, mediasiya prosessinə daxil olmaqla və istənilən an xaric olmaq iradəsi yalnız Tərəflərə məxsusdur. 

Vicdanlı və xoşməramlı yanaşma: Mediasiyanın uğurlu olması üçün tərəflərin mediasiya müzakirələrində xoş niyyətli olması çox vacibdir. Bu önəmli nöqtə danışıqlarda tərəflərin dürüst davranaraq digər tərəflə vicdanlı əməkdaşlıq etməsini və həll yollarının birgə tapılması üçün aktiv iştirakını təmin edir. Qeyd edilməlidir ki, tərəflərin könüllü mediasiya xidmətlərinə dair müqavilə bağlaması və  xidmət haqqı ödəməsinə baxmayaraq mediator prosesdə mediasiyadan sui-istifadə halı hissetsə mediasiya aparılmasından imtina edir. Bu qayda tərəfləri mediatorun iştirakı ilə aparılan müzakirələrdə səmimi davranışa təşviq edir.  

Gizlilik: Mediasiyanın başlanğıc anından prosesin tamamlanmasına kimi məxfiliyə xüsusi həssaslıqla riayət olunur. Mediasiyada nələrin danışıldığı və müzakirə edildiyi, bir qayda olaraq, üçüncü şəxslərin dairəsində açıqlanmır. Gizliliyin qorunmadığı hallar isə qanunvericilikdə məhdud şəkildə tənzimlənmişdir (uşaqların mənafeyinə toxunan hallar, ağır və xüsusilə ağır cinayətlər barədə məlumatın əldə edilməsi və s.) Bu qəbildən məxfiliyin olması da tərəflərə mediasiyada dürüst və açıq müzakirə aparmasına şərait yaradır.  

Qərəzsizlik və neytrallıq: Mediatorun seçilməsi və prosesin sona qədər seçilmiş mediator tərəfindən aparılması da könüllülük prinsipinin yaratdığı imkanlardan biridir. Könüllü seçimin məntiqi nəticəsi olaraq, müzakirərlərin gedişində hər iki tərəfə eyni şəraiti yaradan mediator tərəf tutmur və hər hansı tərəfin maraqlarını təmsil etmir. Davranışları ilə heç bir şübhəyə yer vermədən özünün bitərəfliyi barədə tərəflərdə yaranmış əminlik hissinin bütün proses boyu davamlılığına xüsusi səy göstərir. Bu baxımdan, mediatorun tərəfləri qınamadan asanlaşdırıcı mediasiya danışıqlarını təşkil etməsi mübahisənin könüllü həlli istiqamətində atılmış ən önəmli addım  sayıla bilər.   

Mediatorun xüsusi rolu: Mediatorun əsas rolu tərəflərə aralarındakı səmərəli ünsiyyətin qurulmasına, aysberqin görünməyən tərəfini- tərəflərin maraqlarını üzə çıxartmağa və mümkün həll seçimləri barəsində fərqindəliyin yaranmasına kömək etməkdir. Sözsüz burada mediator tərəflərdə prosesə inam yaratmaq üçün onları həm mediasiyanın gedişatı və qanunvericilikdən irəli gələn üstünlüklər barədə tam məlumatlandırır, lakin (düşünüləndən fərqli olaraq) bu məlumatlandırma hər hansı hüquqi və mənəvi köməklik ehtiva etmir.  Məhz tərəflər mediatorun bu rolunu qəbul edərək mübahisənin həllində onun dəstəyini könüllü alırlar.

Qeyri-rəsmilik: Xüsusi struktura malik mediasiya danışıqlarının gedişatının əsas məqamlarının (görüşlərin vaxtı, sayı, müddəti və s.) tərəflərlə əvvəlcədən razılaşdırılması artıq başlanğıcdan qeyri-rəsmi mühit yaradır. Məhkəmə iclasından tamamilə fərqlənən formatda aparılan bu danışıqlarda hüquqi mövqedən çox, tərəflərin ehtiyaclarının müzakirə edilməsi səmimi atmosferdə açıq və rahat diskussiya aparılması ilə nəticələnir.  

Nəticəyə nəzarət:  Mediasiya prosesinin nəticələrinə nəzarət Tərəflərin birbaşa özündədir. Onlar danışıqları istədikləri kimi aparır, maraq və ehtiyaclarını öz təsəvvürlərinə uyğun təqdim edir və əldə olunan razılıq şərtlərini özləri müəyyən edirlər. Mediatorun tərəflər arasında qırılmış kommunikasiyanı bərpa etməsinə və sövdələşmə üçün səmərəli ünsiyyətin yaranmasına töhfə verməsinə baxmayaraq, nəticəyə müdaxilə etməsinə yol verilmir. Başqa şəkildə desək, mediator tərəfləri “öz həqiqətinə” inandıra bilməz.  

Müqavilə şərtlərinin gizliliyi. Mediasiya prosesinin ən önəmli məqamlarından birisi kimi bu prinsip xüsusi vurğulanmalıdır. Nəticəyə nəzarət edən tərəflər mediasiyanın sonunda uzlaşdıqları şərtləri, yəni Barışıq Sazişinin müddəalarını digər tərəfin razılığı olmadan, üçüncü şəxslərə açıqlaya bilməzlər. Ümumilikdə gizlilik örtüsünün Barışıq sazişinin şərtlərinə də şamil olunması tərəflərin güvənli şəkildə mediasiyada razılığa gəlməsinə şərait yaradır. 

Yekun olaraq, yuxarıdakı məsələlər mediasiyanın könüllülüyündən irəli gəlir ki, bu prinsip bütünlükdə tərəflərin öz mübahisələrinin tam həllinin və ya münaqişə səviyyəsinin azaldılmasının qarşılıqlı razılıqla əldə edilməsinə xidmət edən səmimi atmosfer yaradır. 

Nəticədə aradakı mübahisələrin həll yollarının insanları könüllü razı qalacaqları şəkildə əldə edilməsi ilə mediasiyanın məhkəmələrin iş yükünün azalmasına əhəmiyyətli töhfə verməsi qarşıya qoyulmuş vəzifələrin icrasında rol oynayacaqdır.