Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

Azərbaycan Mediasiya Şurasının təbrik mesajı

“Bakı 15 saylı mediasiya təşkilatının mediatorları fəaliyyət göstərdikləri iki il müddətində vətəndaşlara keyfiyyətli mediasiya xidmətlərini göstərməklə bərabər, barışıq sazişlərinin imzalanmasında ciddi rol oynamışlar.”

Ölkəmizdə mediasiyanın inkişafı və bu sahədə islahatların intensiv vüsət alması ilkin olaraq, "Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gəlir. Adıçəkilən Fərman ilə ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlığın subyektləri arasında mübahisələrin alternativ həlli imkanlarının təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilmiş və mediasiyanın mübahisələrin həllinin məhkəmədənkənar metodu kimi qanunvericilik əsaslarının möhkəmləndirilməsi zərurəti vurğulanmışdır. Bu əsnada Yol Xəritəsində görüləcək tədbirlər sırasında "Mediasiya haqqında qanun layihəsinin hazırlanması" və "Mediasiya Şurasının yaradılması" öz yerini tapmışdır.

Bununla da, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən aparılan mütərəqqi dövlət siyasəti çərçivəsində Azərbaycanda mediasiya institutunun inkişafının təməli qoyulmuşdur.

Həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması Azərbaycan dövlətinin hüquq siyasətinin prioritetlərindən olduğu üçün Azərbaycanda mediasiya institutunun yaradılması üzrə tədbirlərin davam etdirilməsi, o cümlədən, bu fəaliyyəti tənzimləyən normativ bazanın formalaşdırılmasının, beynəlxalq təşkilatların dəstəyi ilə pilot qaydada tətbiqinin və əhalinin bu sahədə maarifləndirilməsinin təşkil edilməsi ilə bağlı işlərin görülməsi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilmasi üzrə Tədbirlər Planında da öz əksini tapmışdır.

Bu istiqamətdə görülmüş işlər nəticəsində beynəlxalq təşkilatların dəstəyi ilə qabaqcıl dünya təcrübəsinə uyğun tənzimləməni özündə ehtiva edən Azərbaycan mediasiyasının normativ-hüquqi bazası qurulmuş və nəticədə bu sahəni tənzimləyən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 

Mediasiya təsisatının ölkəmizdə tətbiqinə başlanan ərəfədə cənab Prezident İlham Əliyev tərəfindən məhkəmə-hüquq sisteminin inkişafı sahəsində yeni yol xəritəsi hesab olunan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərman imzalanmışdır. Həmin Fərmanla ölkə başçısı tərəfindən Ədliyyə Nazirliyinə mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq verilmişdir ki, bu tapşırıq çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən əhali arasında, habelə hüquq cəmiyyəti çərçivəsində geniş maarifləndirmə işləri aparılmışdır. Hazırda mediasiyanın tətbiqi ilə bağlı məlumatlılığın artırılması istiqamətində mühüm dəstək tədbirləri görülməkdədir.

Yuxarıda qeyd edilən məsələlər sayəsində ölkəmizdə keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi məqsədi ilə Qanunla nəzərdə tutulan mediasiya təşkilatları təsis edilir, dövlət qeydiyyatına alınaraq mediasiya reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərirlər. Bu təşkilatlardan biri də Bakı 15 saylı mediasiya təşkilatıdır. Təcrübəli və peşəkar mediatorumuz Qasım Şaliyevin rəhbərlik etdiyi və Mediasiya Şurasının üzvü olan Bakı 15 saylı mediasiya təşkilatının mediatorları fəaliyyət göstərdikləri iki il müddətində vətəndaşlara keyfiyyətli mediasiya xidmətlərini göstərməklə bərabər, barışıq sazişlərinin imzalanmasında, yüksək səviyyəli marketinq fəaliyyətinin aparılmasında ciddi rol oynamışlar.

Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri Qasım Şaliyev başda olmaqla, təşkilatla əməkdaşlıq edən bütün mediatorları təşkilatın iki yaşı münasibətilə təbrik edir və təşkilatın fəaliyyəti sahəsində apardıqları şəffaflıq, yüksək səviyyəli marketinq fəaliyyətinə görə dərin təşəkkür edirik. 

Hörmətlə,

Nadir Adilov

Mediasiya Şurası

İdarə heyətinin sədri