Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

Mediasiyanın inkişafı ölkəmizdə ədalət mühakiməsi islahatlarının dərinləşməsində önəmli element qismində çıxış edəcək

"Mediasiyada elə işlər həll edilə bilir ki, onun məhkəmə perspektivi olmur
Mediasiyanın inkişafı ölkəmizdə ədalət mühakiməsi islahatlarının dərinləşməsində önəmli element qismində çıxış edəcək" - Qasım Şaliyev
"Mediasiyada mübahisələr hətta bir neçə saat ərzində həll edilə bildiyi halda, məhkəmədə bu müddət prosesin uzunluğu və instansiya məhkəmələrinə şikayət verilməsi nəticəsində 1 ildən artıq çəkə bilir" - Narvin Mahmudova
"Mediasiyanın fəlsəfəsini anladıqda, onu bürokratik əngəllərlə çərçivələmədikdə mediasiya insanların işinə yarayır" - Aynur Hüseyn


1.F.B: Bir çox şəxslər, hətta, bəzi hüquqşünaslar da mediasiyanı sadəcə “vaxt itkisi” adlandırır. Bəs siz mediator olaraq bunu inkar edən hansı nüansları qeyd edə bilərsiniz?

Aynur Hüseyn: Bu, təbii ki, yanlış fikirdir. Çünki mediasiya institutu ilə yaxından tanış olan, onun fəlsəfəsini dərk edən şəxs açıq-aydın görür ki, mediasiya institutu böyük bir gücə sahibdir. Mediasiya prosesini düzgün apardıqda, onu bürokratik əngəllərlə çərçivələmədikdə mediasiya insanların işinə yarıyır və hətta onlar üçün mübahisənin həllini, bununla bağlı prosesləri asanlaşdırır.

Qasım Şaliyev: Bu məsələyə vəkil mövqeyindən yanaşsaq, istənilən mülki mübahisənin həlli prosessual qaydalara uyğun olaraq, 1 il çəkə bilir. Amma mediasiyada bu müddət 1 ay təşkil edir. Müəyyən hallarda bu 1 ay daha uzadıla bilər. Fikirləşin, bir mübahisə ən çoxu 2 aya həll edilə bilir. İndi özünüz cavab verin, bu, vaxt itkisidir mi yoxsa əksinə?!

2. F.B: Ölkəmizdə mediasiya institunun tam formalaşdığını deyə bilərik mi?

Qasım Şaliyev: “Mediasiya haqqında” Qanun 2019-cu ildə qəbul edilmiş, təlimlər, yerli mediatorların hazırlanması isə 2020-2021-ci illərdə həyata keçirilmişdir. Mediasiya institunun 2021-ci ilin iyul ayından fəaliyyətə başladığını hesab etsək, mediasiyanın mahiyyət etibarilə tam formalaşdığını deməklə özümüzü aldatmış oluruq. Lakin nəzərə almaq lazımdır ki, mediasiya institunu tətbiq edən bütün ölkələr bu yolu keçmişdir. Səhvlərimiz, təbii ki, var, həm səhvlərimizdən, həm doğrularımızdan öyrənərək təkmilləşirik. Ən əsası odur ki, getdiyimiz yolun düzgünlüyünə inanırıq. Cəmiyyətdə maarifləndirmə edərək, qanunvericiliyimizdə mediasiya bağlı sadalanan üstünlükləri insanlara doğru formada çatdıraraq “Azərbaycanda mediasiyanın uğurlu gələcəyi var” ifadəsini əminliklə deyə bilirik.

3. F.B: Barışıq sazişi nədir? Necə bağlanır? Onun pozulması hansı nəticələrə gətirib çıxarır?

Narvin Mahmudova: Barışıq sazişi, ilk növbədə, könüllü olaraq bağlanır. Məsələn, ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı gələn tərəflər “barışıq sazişi” dedikdə elə hesab edir ki, onlar barışırlar və biz nikahın pozulmaması ilə bağlı saziş bağlayırıq, lakin bu belə deyil. Ola bilir ki, tərəflərdən biri nikahın pozulmasında israr edir, lakin digər məsələlərlə, məsələn: aliment, uşağın himayəsi, əmlak bölgüsü, uşağın xaricə çıxarılması ilə bağlı razılığa gəlmək istəyirlər, bu zaman biz barışıq sazişi bağlamağı onlara təklif edirik. Onlar bu məsələlərlə bağlı barışıq sazişi bağlayır, lakin nikahın pozulması üçün məhkəməyə müraciət edilməlidir.

4. F.B: Mediator mübahisənin həllində, əsasən, nə kimi rol oynayır?

Aynur Hüseyn:  Ümumiyyətlə, mediasiya bir sıra baza prinsiplər əsasında qurulmuşdur, məsələn: mediatorun qərəzsizliyi, müstəqilliyi, konfidensiallıq, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və s.

Mediatorun qərəzsizliyi o deməkdir ki, biz əslində mübahisənin nəticəsini, məhkəməyə müraciət edilərsə bunun nə ilə nəticələnəciyini müəyyən mənada əvvəlcədən görə bilirik. Lakin bu barədə təraflərə məlumat verə bilmərik, buna səlahiyyətimiz yoxdur. Əsas gücümüz insanlara sual verərək onların əsl məqsədlərini üzə çıxarmağa çalışmaqdan ibarətdir. Bu zaman tərəflər suallara cavab verdikcə özlərini kənardan eşidirlər və başa düşmədikləri məsələləri bir daha nəzərdən keçirmiş olurlar.  Bununla da, qısa müddət ərzində onları fikirləri dəyişə bilir. Təbii ki, biz sona qədər qərəzsizliyimizi qorumalıyıq.

Bizim işimiz lazımi mesajları insanlara çatdırmaqdır. Qeyd edək, mediasiya prosesinə ya tərəf özü, ya da etibarnamə ilə onu təmsil edən şəxs iştirak edir. Bəzən ola bilir ki, insanların yetərli özgüvəni olmur və onlar yaxınları ilə prosesə gəlirlər. Və soruşurlar ki, olar başqa bir qohumum da mənimlə birgə iştirak etsin?

Bu zaman biz digər tərəfə sual veririk, əgər etiraz etmirsə, bu ola bilər. Etiraz edirsə biz artıq onun iştirakını təmin edə bilmərik, çünki əks təqdirdə bu, mediasiyanın məxfilik prinsipinə ziddir.


F.B: Qasım bəy, Aynur xanım, Narvin xanım, nəzəri bilikləriniz və təcrübənizlə zəngin müzakirə üçün bütün İnjuria ailəsi adından təşəkkür edirəm.

Qasım Şaliyev: mən də komandam adından bu maraqlı görüş və söhbət üçün təşəkkür edir, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.