Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

Mediasiya yoxsa Məhkəmə: Mübahisələrin məhkəmədənkənar həllinin üstünlükləri

Constantin-Adi Gavrila (Ruminiya Mübahisələrin Alternativ Həlli Mərkəzi) və Tareq Numan Mohamed (Dubay Hökumətində İnsan Resursları Məsləhətçisi) 
(original mətn: https://mediationblog.kluwerarbitration.com/2023/06/14/mediation-vs-litigation-the-advantages-of-settling-out-of-court)

Giriş 

Hüquqi mübahisə ilə qarşılaşdığınızda məsələni məhkəmədə həll etməyin ən yaxşı seçim olduğuna əmin ola bilərsiniz, xüsusilə də, haqqlı tərəf sizsinizsə. Ədalətin tez və qəti şəkildə təmin olunduğunu görməyi kim istəməz ki?! Həmçinin bütün üstünlüklərin sizdə olduğu halda niyə zəiflik göstərəsiniz?
Lakin məhkəmədə iddia qaldırmazdan əvvəl, mediasiya kimi mübahisələrin məhkəmədənkənar həll metodlarını nəzərdən keçirmək vacibdir. Əslində, statistika göstərir ki, mediasiya prosesində olan işlərin təxminən 70-80%-i barışıq ilə nəticələnir ki, bu da belə yanaşmanın effektivliyini sübut edir. 
İndi isə mediasiyadan əvvəl razılıq əldə olunmamış kazuslara diqqət yetirək.
Mediasiya mövqeyinizin məğlubedilməz göründüyü hallarda belə bir çox üstünlüklər təklif edə bilər. Məsələn, Apple və Samsung şirkətləri arasında baş verən mübahisə 2012-ci ildə mediasiya yolu ilə uğurlu bir şəkildə həll olunmuşdu və nəticə hər iki tərəf üçün əlverişli idi. Bu cür real nümunələr, hətta mürəkkəb və mübahisəli hüquqi məsələlərdə belə mediasiyanın potensial üstünlüklərini göstərir.
Bu bloqda biz sadə və ya mürəkkəb olmasından asılı olmayaraq, bütün hüquqi mübahisələrdə mediasiyanın niyə məqəsədəuyğun olduğunu araşdıracağıq və onun hər iki tərəf üçün maksimum müsbət nəticəyə çatmağa necə kömək edə biləcəyini izah edəcəyik. Mediasiyanın maliyyə qənaəti, vaxtın effektiv istifadəsi və münasibətlərin qorunması kimi bir sıra praktik üstünlüklərini dərk edərək, konkret vəziyyət üçün ən yaxşı həll planını daha məlumatlı şəkildə müəyyən edə bilərsiniz. Axı, mümkün olan ən yaxşı həllə nail olmaq, istənilən digər həll variantından, hətta qələbədən və ya zəif bir razılaşmadan daha yaxşıdır.

Niyə mediasiya seçilməlidir, xüsusən də, mübahisədə güclü bir mövqeyə sahibsinizsə?  

1.Pul və Vaxta Qənaət

Benjamin Franklin “Gənc Tacirə Məsləhət” adlı essedə yazdığı kimi, vaxt puldur – və bu prinsip hüquqi mübahisələrdə də keçərlidir. Məhkəmə prosesləri həm baha başa gəlir, həm də çox vaxt aparır. Məhkəmə rüsumları, ekspert xərcləri və məhkəmə proseslərinə sərf olunan vaxt xərclərin sürətlə artmasına səbəb olur. Mediasiya isə daha qənaətcildir, çünki daha az görüş tələb olunur və daha az vaxt sərf olunur. Mediasiyanı seçməklə, mübahisəni daha effektiv şəkildə həll edərək xeyli miqdarda pula qənaət etmiş olarsınız.
Mediasiya, adətən, həm məhkəmə prosesindən, həm də arbitrajdan daha sürətli olur, çünki hər iki tərəfin birgə işlədiyi əməkdaşlıq yanaşmasını özündə ehtiva edir. Əgər mübahisə çox problemli və mürəkkəb deyilsə, eyni zamanda tərəflərin sayı azdırsa, mediasiya sessiyaları bir neçə saatdan bir neçə günə qədər davam edə bilər, əksər hallarda isə mübahisələr tək bir sessiya ərzində həll olunur.
Digər tərəfdən, məhkəmə prosesləri, adətən, mübahisələrin həlli üçün ən ləng üsuldur. Buraya məhkəmədə iddiasının qaldırılması, bütün dəlillərin toplanması prosesi və məhkəmə proseslərində iştirak etmək daxildir. Bu proseslər, məhkəmələrdəki ağır yükünün olduğu və tərəflərin iştirakına uyğun vaxtların müəyyən edilməsi də daxil olmaqla, işin mürəkkəbliyindən asılı olaraq, bir neçə aydan bir neçə ilə qədər çəkə bilər. Eyni zamanda, arbitraj məhkəmə proseslərindən daha sürətli olsa da, mediasiyadan çox vaxt ala bilər. Arbitrajda, adətən, bir və ya üç arbitrdən ibarət heyət hər iki tərəfi dinləyir və məcburi qərar qəbul edir. Arbitraj müddəti işin mürəkkəbliyindən və arbitrların mövcudluğundan asılı olaraq xeyli dəyişir, lakin, əsasən, bir neçə ay, hətta bir ildən çox müddətə qədər çəkə bilər.
Bu müddətlər ümumi təyin olunan müddətlərdir və yurisdiksiya, konkret mübahisə, tərəflərə görə fərqlənə bilər. Bununla müqayisədə, bir neçə gün ərzində 70-80% ehtimalla mübahisəni həll edib bitirmək seçimi mütləq nəzərdən keçirilməlidir.

2.Əziyyətlə Qazandığınız Pulu Toplamaq: Qəbullanması Çətin Reallıq

Hakim qərarını lehinizə versə belə, borclunun sizə bütün pulu vaxtında qaytaracağına, və ya heç olmasa, ümumiyyətlə, qaytaracağına zəmanət yoxdur. Məhkəmə işini udmaq, sadəcə prosesin ilkin mərhələsidir; onu icra etmək və faktiki olaraq borcludan pulu almaq isə tamamilə fərqli bir çətinliklərə səbəb ola bilər. Bu risklə üzləşməyə və hüquqi mübahisəyə vaxt, səy və resurs sərf etdikdən sonra da narahatlıq keçirməyə hazır olub-olmadığınızı düşünməlisiniz.
Hətta məhkəmə qərarından sonra, cavabdeh tərəfin təyin olunan məbləği ödəməyə qadir və ya hazır olub-olmadığını nəzərə almaq vacibdir. Bəzən onlar əmlakı gizlətməyə, müflis olmağa və ya qərarı gözardı etməyə çalışa bilərlər. Bu, əlavə hüquqi mübahsələr və icra tədbirləri tələb edərək prosesi uzada və xərcləri artıra bilər.  
Digər tərəfdən, mediasiya ilə əldə olunan razılaşmaların əksər hallarda könüllü şəkildə həyata keçirilməsi müşahidə olunur. Bunun sadə bir səbəbi var. Bu razılaşmalar könüllülük prinsipinə əsaslanır və adətən, tərəflərin zəruri hesab etdiyi vaxt cədvəlləri, şərtlər, təhlükəsizlik tədbirləri və təminatlar nəzərə alınır. Potensial çətinlikləri nəzərə alaraq və onları mediasiyanın üstünlükləri ilə müqayisə edərək, siz konkret vəziyyət üçün ən uyğun yolu seçib daha yaxşı qiymətləndirə bilərsiniz.

3.Stressin və Emosional Yüklənmənin Azaldılması 

Məhkəmə, adətən, mübahisəli xarakter daşıyır və iştirakçılar üçün böyük stress yarada bilir. Mediasiya isə daha əməkdaşlıq yönümlü və mübahisənin həll olunmasına əsaslanan bir yanaşma olduğundan, hər iki tərəfin emosional cəhətdən yüklənilməsini azalda bilər. Mediasiyanı seçməklə, daha balanslı və az stressli bir mühit təmin edə bilərsiniz ki, bu da məhsuldar müzakirələrə və ümumi təcrübənin yaxşılaşmasına gətirib çıxarır. Bundan əlavə, mediasiya zamanı tərəflər qarşılıqlı görüşlərin faydalı olmadığı və gərginliyin artdığı zaman mediator ilə ayrı-ayrılıqda görüşə bilərlər. Bu, emosional konfliktlərin gizli qalması və tərəflərin proseslərin qiymətləndirilməsinə gecikdiklərinin fərqinə varmaları zamanı fərqli ünsiyyət formasına imkan yaradır və peşəkar mediatorun iştirak etdiyi mühitdə daha konstruktiv dialoqların keçirilməsini təmin edilir.

4.Münasibətlərin Qorunması  

Hüquqi mübahisələr emosional olaraq yorucu ola bilər və iştirak edən tərəflər arasında münasibətləri sarsıda və ya hətta məhv edə bilər. Məhkəmə qərarları konfliktləri həll edir, lakin münasibətləri bərpa etmir. Tərəflər bir-birlərini müəyyən səbəblərdən günahlandıra, və ya utandıra bilərlər ki, bu da münasibətlərin mənfi yöndə inkişafına səbəb olar. Mediasiya isə açıq ünsiyyət və əməkdaşlıq mühitini təşviq edir, bu da fikir ayrılıqlarını həll etməklə yanaşı, münasibətləri qorumağa imkan yaradır. Bu, xüsusilə şəxsi və ya iş əlaqələri olan tərəflər üçün vacibdir. Tərəflər birgə işləyərək həll yolu tapdıqda, həm münasibətlərini, həm də gələcəkdə daha müsbət bir əlaqə qurmaq potensialını qorumaqla prosesi tamamlayırlar.
Məsələn, boşanma zamanı mediasiyanı nümunə kimi götürək. Bu proses, xüsusilə ailələr üçün emosional və daxili konfliktləri həll edərkən faydalıdır, çünki uşaqlar və digər ailə üzvləri üzərində boşanmanın mənfi təsirlərini azalda bilər. Mediasiyada iştirak etməklə, boşanan cütlüklər açıq şəkildə ünsiyyət qura, ailələrinin ehtiyaclarına ən uyğun həll yolunu tapmaq üçün birgə cəhd göstərə bilərlər. Bu, nəticədə daha sağlam bir “post-boşanma dinamika”sının yaranmasına kömək edir.
Oxşar şəkildə, əldə edilən gəlirin bölüşdürülməsi ilə bağlı fikir ayrılığı yaşayan iki iş ortağını təsəvvür edin. Bu fikir ayrılığı uzunmüddətli dostluq və tərəfdaşlığa təhlükə altına sala bilər. Məhkəməyə müraciət etmək əvəzinə mediasiyanı seçərək, tərəflər narahatlıqlarını ifadə edə, bir-birinin baxış bucağını anlayaraq razılığa gələ bilərlər. Bu əməkdaşlıq prosesi sayəsində, tərəflər yalnız maliyyə mübahisəsini həll etməklə kifayətlənməyib, həm də əsas ünsiyyət problemlərini həll edərək, şəxsi və işgüzar münasibətlərini gələcəkdə də qoruya, hətta gücləndirə bilərlər. Göstərilmiş iki nümunədən də aydın olduğu kimi, mediasiya çətin dövrlərdə münasibətləri qorumaq və inkişaf etdirmək üçün dəyərli bir vasitədir.

5.Konfidensiallıq və Məxfilik 

Məhkəmə prosesləri ictimai xarakter daşıyır və bu, şəxsi məlumatların ictimaiyyətə açıqlanmasına səbəb ola bilər. Bu isə hər iki tərəfin nüfuzuna zərər verə bilər və istənilməyən məlumatların açıqlanılması ilə nəticələnə bilər. Mediasiya isə, əksinə, şəxsi və məxfi xarakter daşıyır. Mediasiya zamanı müzakirələr və razılaşmalar məxfi saxlanılır ki, bu da nüfuzunuzu qorumağa və məxfiliyin qorunmasına imkan yaradır. Məxfiliyin qorunması, adətən, rəsmi qaydada tərtib edilir və tərəflər mediasiya razılaşmasını imzalamaqla açıq və səmimi ünsiyyət üçün zəruri olan "təhlükəsiz şərait" yaradan müddəaları qəbul edirlər. Yaradılan bu şərait tərəflərin paylaşdıqları məlumatların sonrakı proseslərdə onlara qarşı istifadə ediləcəyindən narahat olmadan açıqlanmasına imkan verir.
Məsələn, təsəvvür edin ki, keçmiş işçi ədalətsiz işdən çıxarılma iddiası ilə tanınmış bir şirkətlə mübahisədədir. Əgər bu iş məhkəməyə qədər gedib çıxsa, mübahisənin detalları ictimaiyyətə açıla bilər və bu da şirkət haqqında mənfi fikir formalaşdıraraq investorlar, müştərilər və digər maraqlı şəxslər tərəfindən etibarın itirilməsi ilə nəticələnə bilər. Belə bir reputasiya itkisi şirkətin profilinə çox pis təsir edə bilər, çünki müştərilər başqa yerlərdə alış-veriş etməyə qərar verə bilər, hətta investorlar öz investisiyalarını yenidən nəzərdən keçirmək məcburiyyətində də qala bilərlər.
Başqa bir misalda, əqli mülkiyyət hüquqları ilə bağlı mübahisə yaşayan iki iş ortağının, məhkəmədə onların mübahisəsinin ictimaiyyətə açıqlanması nəticəsində, nüfuzuna ciddi ziyan dəyə bilər. Bu, onların reputasiyalarının itirilməsinə, gələcəkdə yeni tərəfdaşlıq qurmağın və ya müştəriləri cəlb etməyin çətinləşməsinə səbəb ola bilər.
Mediasiyanı seçməklə tərəflər mübahisələrini məxfi mühitdə həll edə bilərlər və həssas məsələləri ictimaiyyətə açıqlamadan müzakirə etmək imkanı əldə edərlər. Bu, onların nüfuzunu qorumağa, maraqlı tərəflərlə münasibətlərini qorumağa və nəticədə bizneslərinin maliyyə göstəricilərini təhlükəsiz saxlamağa kömək edə bilər.

6. Nəticə üzərində nəzarət  

Məhkəməyə müraciət etdikdə, nəticəni bir hakim və ya münsiflər heyətinin qərarına buraxırsınız. Lakin, mediasiyada hər iki tərəf öz ehtiyaclarına uyğun bir razılaşma əldə etmək imkanı qazanır. Bu əməkdaşlıq xarakteri daşıyan yanaşmada, məhkəmə mühitində mümkün olmayan yaradıcı həll yollarına imkan verir. Nəticəni mövcud problemlərə uyğunlaşdıraraq hər iki tərəfi daha yaxşı razı salan bir həll yolu əldə etmək mümkündür. 
Bir Rumın atalar sözündə deyilir: "Ədalətsiz bir razılaşma, ədalətli bir hökmdən yaxşıdır." Bu atalar sözü, tərəflərin həm mediasiya prosesi, həm də onun nəticələri üzərindəki nəzarətinə işarə edir. Hər iki tərəf istənilən vaxt mediasiyadan imtina edə bildiyi kimi, həll yolu da daxil olmaqla, istənilən prosedur və ya məzmunla bağlı məsələlərdə də azaddır. Bu, məğlub olma riskini idarə etmək üçün əla bir strategiyadır.

7. Yüksək Səviyyəli Razılaşma 

Mediasiyada hər iki tərəf razılaşmanın formalaşmasında iştirak etdiyi üçün, adətən, razılaşmanın şərtlərinə daha yaxşı əməl olunur. Bir hakim qərar verdikdə, tərəflərdən biri narazı və ya məğlub olduğunu hiss edə bilər ki, bu da razılaşmadan imtinaya və ya əlavə mübahisələrə səbəb ola bilər. Mediasiya isə hər iki tərəfin könüllü şəkildə əməl edəcəyi uzunmüddətli həll yolunun ehtimalını artıra bilər. Bu, mediasiya prosesində əldə edilən razılaşmanın könüllü şəkildə həyata keçirilməsi üçün vacib olan prosedur razılığı ilə sıx əlaqəlidir. Hörmət, ləyaqət, ədalət və insanlıq kimi dəyərlər burada əsas rol oynayır və yüksək razılaşma səviyyəsinə səbəb olur.

Nəticə  

Mübahisəni həll etmək üçün, xüsusilə də, perspektivli məhkəmə işi olduqda hüquqi sistemə əsaslanan yanaşmaya üstünlük vermək diqqətinizi daha çox cəlb edə bilər. Lakin mediasiya diqqətəlayiq bir alternativ olaraq bir çox üstünlük təqdim edir. Mediasiya pul və vaxta qənaət, münasibətlərin qorunması və məxfiliyin saxlanması kimi amillərlə hər kəs üçün daha məmnunedici nəticələrə gətirib çıxara bilər.
Əgər güclü bir hüquqi mübahisənin içindəsiniz və tərəflər arasında ünsiyyət baş tutmursa, məhkəməyə müraciət etməzdən əvvəl mediasiyanın faydalarını düşünmək üçün vaxt ayırmaq məqsədəuyğundur. Əməkdaşlıq xarakteri daşıyan bu yanaşmanı seçərək nəticələri maksimum dərəcədə faydalı edə, vaxt və pula qənaət edə, həmçinin işə nəzarət etmək imkanına sahib ola bilərsiniz. Açıq fikirli olmaq və mediasiyanın faydalarını qəbul etməklə, yalnız daha məmnun bir nəticəyə nail olmaqla qalmayacaq, həm də tərəflər arasında daha yaxşı anlaşma yaradacaq, daha pozitiv bir gələcək üçün zəmin hazırlayacaqsınız. Nəhayət, mediasiya ilk baxışdan qorxuducu görünən hüquqi mübahisəni konstruktiv və qarşılıqlı faydalı bir təcrübəyə çevirə bilər. Beləliklə, məhkəmə prosesinə başlamazdan əvvəl mediasiyaya şans versəniz, nəticə sizi, sözün əsl mənasında, təəccübləndirəcək. Əgər mediasiya işə yaramazsa, məhkəmə, əlbəttə ki, həmişə növbəti addım olaraq qalacaq. Amma unutmayın ki, mediasiya 70-80% hallarda uğur qazanır və bu göstərici kifayət qədər çoxdur.

Məqalə hüquqşünas Nigar Alıyeva tərəfindən tərcümə edilmişdir.