“Həll olunmayan mübahisə qalmayacaq!"
Bütün dünyada bir qayda olaraq insan hüquqları və hüquq elmi bütün ölkələr üçün ən mühüm nüanslardan biridir. Bu günkü mövzumuz son bir il ərzində aktuallıq daşıyan mediasiya və mediatorluq peşəsi ilə əlaqəlidir. Müsahibimiz Mediasiya Şurasının üzvü və Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyevdir.
- Qasım bəy əvvəlcə istərdim ki, özünüz barədə oxucularımıza bir qədər məlumat verəsiniz!
- Mən Qasım Şaliyev 2001-ci ildə Türkiyə Respublikasının nüfuzlu elm ocaqlarından biri olan Ankara Universitetinin Hüquq fakultəsindən məzun olmuşam. Vətənə qayıtdıqdan sonra bir müddət hüquq şirkətlərində hüquqşünas kimi fəaliyyət göstərdikdən sonra son 10-15 il ərzində iqtisadiyyatın fərqli sahələrində böyük layihələri icra etmiş holdinq, şirkətlər qruplarında hüquq sahəsinə rəhbərlik etmişəm. Bunlara Modern Şirkətlər Qrupu və Yeni Həyat Şirkətlər Qrupunu misal verə bilərəm. 2018-ci ilin may ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və 2020-ci ilin oktyabr ayından isə Mediasiya Şurasının üzvüyəm. Ayrıca Beynəlxalq Master Mediasiya Federasiyası tərəfindən Mediasiya üzrə beynəlxalq məsləhətçi diplomuna 2021-ci ilin noyabr ayında layiq görülmüşəm. Hazırda Xəzər Universitetinin mediasiya üzrə MBA tələbəsiyəm.
- Ümumi olaraq Mediasiya termini barədə məlumat verməyinizi istərdim.
- Mediasiya tərəflər aralarındakı mübahisəni onların həqiqi maraq və ehtiyaclarına uyğun həll etmək üçün üçüncü şəxsin iştirakı ilə apardıqları danışıqlar prosesidir. Mediasiyanı fərqləndirən əsas məqam budur ki, buradakı üçüncü şəxs neytral və qərəzsiz olaraq nə tərəflər, nə də mübahisə predmeti ilə əlaqəsi yoxdur. Onun öhdəliyi tərəflər arasından ünsiyyəti, kommunikasiyanı bərpa olunmasında və mübahisənin həllində produktiv müzakirələrin aparılmasında vasitəçilik etmə ilə ifadə olunur. Mediasiya da mahiyyətcə adi həyatda rastlaşdığımız danışıqlardır, lakin xüsusi strukturu olan bir danışıqlar prosesidir. Mediator da məhs bu prosesi aparır və nəticədə tərəflər öz aralarındakı mübahisəni necə həll edilə biləcəklərini qarşılıqlı sivil formada müzakirə edirlər. Təcrübələrimizə əsasən maraqlı bir məqama toxunmaq istəyirəm. Bəzən kənardan uzlaşılması qeyri-mümkün görünən mübahisələr müzakirələrin gedişində elə formada həll formaları tapır ki, heyrətlənməmək mümkün deyil. Çünki mediasiyada tərəflər emosianal yanaşmaları buraxıb müzakirələrdə səslənən təkliflərin onların həqiqi maraqlarına necə cavab verəcəyini düşünürlər və bu əsnada mübahisədən çıxış yolu olacaq daha səmərəli sövdələşmələrin şahidi oluruq. Məhkəmə və arbitrajdan fərqli olaraq burada nə razılıq olacaqsa, buna üçüncü şəxs- mediator yox, məhz mübahisə tərəfləri özləri qərar verirlər. Bağlanacaq barışıq sazişləri hər iki tərəfin iradəsinə uyğun olduğundan heç kəs narazı qalmır və bu sazişlər daha tez icra olunur. Məhkəmədə qaldırılan iddia üzrə verilən qanuni qərardan çox zaman bir tərəf, bəzən tərəflərin ikisi də narazı qalır və bütün instansiyalara şikayət edirlər. Mediasiyada isə hər iki tərəf qazanmış hesab edir, nəticə etibarilə mediasiyada kimin haqlı-kimin haqsız olması müzakirə olunmur, mediatorun mübahisənin həllinin hansı formada fikirləşməsinin də prinsipial əhəmiyyəti yoxdur, çünki mübahisə üzrə mediator hər hansı qərar vermir. Bu baxımdan mediasiyanı xüsusi strukturu olan effektiv danışıqlar prosesi adlandıra bilərik.
- Ölkəmizdə Mediasiyanın inkişafı ilə bağlı nə kimi addımlar atılmışdır?
- Ölkəmizdə mediasiyanın inkişafı və bu sahədə islahatların intensiv vüsət alması ilkin olaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Cənab Prezidentimizin 2016-cı il tarixli Fərmanından irəli gəlir. Ölkə başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlığın subyektləri arasında mübahisələrin alternativ həll yollarından biri kimi mediasiya nəzərdə tutulmuşdur. Davamında 2019-cu ilin mart ayında “Mediasiya haqqında qanun” qəbul edildi. Həmin qanundan sonra Nazirlər Kabineti “Mediasiya prosesinin aparılması qaydaları” daxil olmaqla bir neçə önəmli qərar qəbul etmişdir. Bununla da bir çox ölkədən fərqli olaraq, qısa müddət ərzində qanunvericilik bazası möhkəmlənmişdir. Nəticə etibarilə, ölkəmizdə mediasiya prosesinin rəsmi olaraq tətbiqinə isə, 1 iyul 2021-ci ildən başlanılıb. Mediasiya Şuramızın açıqladığı məlumata görə, ötən bir il ərzində Bakı şəhərində 14, Naxçıvan MR, Gəncə, Lənkəran, Şəki, Cəbrayıl və Qazax də 1 təşkilat olmaqla cəmi 20 təşkilat fəaliyyət göstərməyə başlamışdır. Ölkə üzrə 200-dən çox aktiv mediator xalqımıza mediasiya xidmətləri təqdim etməkdədir. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinin 19.08.2022-ci il tarixli qərarını da xüsusi qeyd etmək istərdim. Bu inqilabi qərar nəticəsində bütün hallarda mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin, yəni ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödəniləcək. Bu qərar aztəminatlı insanların mediasiya xidmətlərindən lazımi qaydada yararlanması üçün çox əhəmiyyətli addım oldu ki, bu da dövlətimizin Mediasiya Şuramızın fəaliyyətinə verdiyi xüsusi dəyəri göstərir.
-Qüvvədə olan qanunvericiliyə görə, hansı işlər mediasiya prosesinə cəlb olunmalıdır?
-“Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa əsasən, ailə, əmək münasibətləri, kommersiya işləri, digər mülki münasibətlər və inzibati münasibətlərdən irəli gələn mübahisələrə mediasiya şamil olunur. Xüsusilə son bir il ərzində cəmiyyətdə diskussiya mövzusu olan ilkin mediasiya sessiyası isə ailə, əmək münasibətləri və kommersiya işləri üzrə məhkəmədən əvvəl tərəflərin iştirakı məcburi olan bir prosesdir. Lakin qeyd etmək istərdim ki, istənilən mülki xarakterli mübahisənin həlli imkanları mediasiyada müzakirə oluna bilər. Beləki, həyatımızın istənilən anında mülki münasibətlərə giririk, məsələn, kreditlə evimizə aldığımız televizorda keyfiyyət problemi yarandığına görə mağaza ilə mübahisə yaşayırıq, borc verdiyimiz pulun geri qaytarılmamasına görə dostumuzla küsülü oluruq, bütün bu hallar mülki mübahisələrə misaldır. Biz- 15 saylı Mediasiya Təşkilatı olaraq da deyirik ki, “Nə mübahisəniz varsa, gəlin danışaq, mediasiyada müzakirə edək və maraqlarınıza uyğun nəticə əldə edək.” Təsadüfi deyil ki, “həll olunmayacaq mübahisə qalmayacaq” devizi ilə bütün mülki mübahisələrin mediasiya masasında müzakirə olunacağı inancındayıq.
- Mediasiya prosesi tərəflərə hansı üstünlükləri verir? Niyə insanlar mübahisələrinin mediasiyada həllini seçməlidir?
- Öncə qeyd edim ki, mediasiyanı seçmək məhkəməyə müraciəti istisna etmir. Yəni tərəflər hər zaman mediasiyadan əvvəl də, sonra da məhkəməyə müraciət edə bilərlər. Sadəcə biz mübahisə tərəflərinə məhkəməyə getməmişdən əvvəl mediasiyanın səmərəli üstünlüklərindən istifadə etməyi tövsiyyə edirik. Mediasiyanın insanlara ən böyük faydalarından biri vaxta qənaətdir. Azərbaycanda hazırki prosesual qanunvericiliyə görə, mülki mübahisələr üzrə məhkəmə icraatı üç instansiya üçün nəzərdə tutsaq, ortalama 12 ay vaxt tələb edir. İcraat çərçivəsində ekspertiza təyin olunanda məhkəmə araşdırması daha uzun müddətdə gedə bilir. Mediasiya masasında müzakirənin müddəti isə saatlarla ölçülür. Nadir hallarda proses növbəti günə çəkə bilər, bu da çox qəliz və mübahisəli işlərdə olur. Ümumi müddətin 30 gün olması kifayət qədər açıqlayıcıdır.
Digər tərəfdən, mediasiyada necə razılıq olacaqsa, buna mediator yox, yalnız tərəflər özləri razılaşdırır. Nəticə etibarilə mübahisə və onun həlli tərəflərin öz nəzarətində qalır, razılıq şərtləri hər iki tərəfin istəyinə uyğun olur.
Daha bir məqam, mübahisənin qısa müddətdə həlli imkan verir ki, tərəflər arasında gərginlik çox uzun çəkmədiyindən münasibətlər korlanmır və ünsiyyət qalır. Məsələ daha yaxşı anlaşılsın deyə yerli mediasiya təcrübəsindən misal vermək istərdim. İki ilə yaxın davam edən kommersiya mübahisəsi üzrə keçiriən mediasiya sessiyasında ilk öncə kifayət qədər sərt mübahisələrə şahid olduqdan sonra hər iki tərəf bu vəziyyətdən bezdklərini bildirdi. Bunu fürsət bilən mediator ustalıqla xüsusi ünsiyyət texnikalarından istifadə edərək müzakirələri ayrı-ayrı otaqlarda davam etdirdi və nəticədə barışıq sazişi imzalandı. Daha fərqlisi də budur ki, iki il “dalaşan” tərəflər yenidən əməkdaşlıq barədə razılaşdılar və iş münasibətləri davam etməyə başladı. Mediasiya məhz budur, mübahisə həll olur, qırılan ünsiyyət bərpa olunur və tərəflər maraqlarına uyğun şəkildə gələcəyə köklənir.
Digər üstünlük, az öncə də qeyd etdiyim kimi, tərəflərin qəliz hüquqi biliklərə və ya prosedurları bilməyə ehtiyacı qalmır. Gündəlik həyatda olduğu kimi mediasiyada danışıqlar aparırlar. Bu da səmimi atmosferin yaranmasına səbəb olur ki, mediatorun köməkliyi ilə tərəflər həll yolları barədə daha real təklif səsləndirirlər və nəticə yönümlü sövdələşirlər. Burada vacib bir qeydi də nəzərə çatdırmaq istərdim ki, mediasiya üzrə ödənilən xidmət haqları da həll olunan mübahisənin həcminə, digər ifadə ilə əldə edilən faydanın dəyərinə görə kifayət qədər azdır.
- Uzun müddətdir ki, sahənin mütəxəssisi kimi çalışırsınız. Bu mənada mediasiyanın hansı sahələri sizin üçün daha maraqlıdı?
- Bakı 15 saylı Mediaisiya Təşkilatı olaraq qüvvədə olan qanunvericilik çərçivəsində nəzərdə tutulan bütün sahələr üzrə peşəkar mediasiya xidmətləri təqdim edirik. İstər tərəflərin emosional vəziyyətinin daha öndə olduğu ailə və əmək mediasiyası, istər də iqtisadi maraqların xüsusilə diqqətdə olduğu kommersiya və mülki işlər üzrə mediator heyətimiz lazımi təlimləri uğurla başa vurmuşlar. Həm nəzəri bilgilər, həm də əvvəlki peşakar qabiliyyətləri heyətimizə imkan verir ki, bütün sahələr üzrə yüksək səviyyədə mediasiya xidmədləri təklif edək. Sualınızı şəxsiləşdirsəm, uzun müddət böyük şirkətlərin hüquq rəhbəri kimi əmək fəaliyyətində olmam, habelə vəkil kimi mürəkkəb biznes əməliyyatlarını müşayiət etməmin məntiqi nəticəsidir ki, kommersiya və mülki mübahisələrin mediasiya yolu ilə həllinə xüsusi maraq göstərirəm.
- Son olaraq oxucularımıza nə demək istərdiz?
-Bakı 15 saylı Mediasiya Təşkilatı olaraq tövsiyyə edirik ki, vətəndaşlarımız məhkəməyə müraciətdən əvvəl mülki mübahisələrinin mediasiyada müzakirə imkanlarını nəzərdən keçirsinlər. Necə olsa, mediasiyada nəticə olmasa, məhkəmə və məhkəməyə müraciət hər zaman var. Lakin qanundakı son dəyişikliklər bir daha bunu deməyə əsas verir ki, mediasiyanın ölkəmizdə uğurlu gələcəyi var. Təsadüfi deyil ki, yaxın ölkələrdən fərqli olaraq ölkəmizdə mediasiya qanunvericiliyi üzrə normativ aktlar tez qəbul olunaraq tətbiqinə başlanıldı. Misal, mediasiyada bağlanılmış barışıq sazişlərinin icrası üzrə mülki prosesesual qanunvericiliyə önəmli dəyişikliklər edildi və daha qısa müddətdə-10 gün ərzində təsdiq olunub məcburi icra yönəldilmə imkanları yaradıldı. Bütün bunlar mediasiya institututun ölkəmizdə uğurlu tətbiqi üçün dövlətimizin atdığı önəmli addımlardır. Bu baxımdan 15 saylı Mediasiya Təşkilatı olaraq, bütün mülki mübahisələri müzakirə edərək tərəfləri razı salacaq həll yollarını tapmağa qapımız hər zaman açıqdır. Bir sözlə, gəlin danışaq, mübahisəni necə həll edə biləcəyimizə dair seçimləri birlikdə nəzərdən keçirək. Hər zaman təkrarladığımız kimi, mediasiyada kimin haqlı kimin haqsız olduğunu deyil, ortaq “qızıl” nöqtəni axtarılır, bu da tərəflərin öz iradəsi ilə müəyyən edilir. Təşkilatımız öz peşəkar mediator heyəti ilə bu məsələdə əzmkarlıqla vətəndaşlarımızın qulluğunda durmağa hazırdır. Son olaraq bir daha, “Həll olunmayan mübahisə qalmayacaq!” deyirik.
Söhbətləşdi: Bünyamin Bünyadzadə
26 Avqust 2022