Niyə Mediasiya? Üstünlükləri nədir?
Xəbərə keçid
Son iki-üç il ərzində cəmiyyətimizdə aktuallaşan, kütləvi informasiya vasitələrindəki müsahibələrdə davamlı toxunulan və sosial-media hesablarında hər gün qarşımıza çıxan yeni bir anlayış var artıq: mediasiya.
Nədir bu mediasiya və kimdir bu mediatorlar?
Mübahisələrin alternativ həll yollarından biri olan Mediasiya müəyyən prinsiplər əsasında aparılan danışıqlar prosesidir. Xüsusi struktura malik olan bu danışıqlar prosesində iştirak edən neytral üçüncü şəxs-mediator tərəflərə mübahisənin onların maraqlarına-ehtiyaclarına uyğun həllinə kömək edir. Mediasiyanın məqsədi- tərəflər arasında səmərəli ünsiyyətin yaradılması/bərpası və məhsuldar sövdələşməni təmin etməkdir ki, nəticədə tərəflərə məhkəməyə getmədən mübahisəni qarşılıqlı razılıqla həll etməyə imkan verir.
Mediasiyaya xarakterik bəzi məqamlara toxumaq faydalı olar:
Neytral üçüncü şəxs: Mediator neytral və qərəzsiz şəxsdir və mübahisədə bir tərəf tuta bilməz, hər hansı tərəfə hüquqi və ya mənəvi dəstək göstərə bilməz. Mediatorun rolu danışıqları səmimi atmosferdə təşkil etmək, suallar verərək tərəflərin mübahisənin mahiyyəti və potensial nəticələri barədə fərqindəliyini yaratmaq və bununla mübahisənin həlli üzrə ortaq məxrəc tapmalarına kömək etməklə məhdudlaşır.Mediator heç bir halda tərəflərə məsləhət vermir, “bilən şəxs” kimi yol göstərmir, hüquqi məsləhətlər vermir və iş üzrə gələcəkdə vəkil kimi iştirak etmir.
Könüllülük: Mediasiya ümumilikdə könüllü prosesdir. Tərəflər mübahisənin mediasiyada müzakirə olunmasına özləri qərar verirlər. Prosesin istənilən mərhələsində danışıqların səmərəsizliyinə görə mediasiyadan imtina edə bilərlər. Ölkəmizdə müəyyən iddialar üzrə məhkəməyə müraciət üçün icbari şərt kimi tətbiq olunan İlkin mediasiya sessiyasında iştiraksonrası işin mediasiyada həllinə yoxsa məhkəməyə müraciətə tərəflər yenə könüllü qərar verirlər.
Məxfilik: Mediasiya müzakirələri məxfi şəraitdə aparılır. Mediasiya danışıqları zamanı hansı təkliflərin edildiyi, kimin nə danışdığı daxil bütün müzakirə mövzularına məhkəmədə və ya başqa yerdə istinad/istifadə oluna bilməz. Bu da tərəflərə güvən içində fərqli versiyalar üzrə ətraflı müzakirə aparmağa imkan verir. Hazırda ölkəmizdə qüvvədə olan qanunvericilə əsasən, müəyyən hallar üzrə məxfilik qorunmur. Misal kimi, barışıq sazişinin təsdiqi və icrası, uşaqların diqqətəlayiq mənafeləri, ağır və ya xüsusilə ağır cinayət barədə məlumat əldə edildiyi ilə bağlı halları göstərə bilərik.
Qeyri-rəsmi şərait: Mediasiya məhkəmə iclaslarından fərqli olaraq qeyri-rəsmi mühitdə təşkil olunur. Mediasiya sessiyaları öncəsi hazırlıq mərhələsində mediator tərəflərlə əlaqə saxlayaraq ilkin ünsiyyət yaradır və onları qeyri-rəsmi mühitə, daha çox maraqlara fokuslanmağa təşviq edir. Mediasiya sessiyası günü xoşməramlı qarşılama, müzakirələrdə çay-kofe və şirniyyat təqdim etməklə formallıqdan uzaqlaşılır. Nəticədə mediasiyada, xüsusən təkbətək sessiyalarda yaranan açıq və səmimi atmosferdə tərəflər əsl ehtiyaclarını mediatorla paylaşırlar və mediator da əldə etdiyi bu məlumatlarla yeni dəyər yaradaraq tərəfləri həll yolları tapmağa kömək edir.
Həll yönümlü yanaşma: Mövqelərdə israr və ya qarşılıqlı günahlandırma yerinə mediasiyada tərəflər gizli ehtiyaclarının qarşılanmasına yönələn danışıqlar aparırlar. Danışıqlar sırasında birbaşa kreativ həllər ortaya çıxara bilərlər ki, bununla məmnunedici nəticələrlə mediasiya yekunlaşa bilər.
Nəticədə qarşılıqlı uzlaşma: Mediasiyada tərəflərin yekun həllə çatmasına xüsusi həssaslıqla çalışılır. Buna görə də, mediator prosesə “rəhbərlik etsə də”, məhkəmədən fərqli olaraq, nəticəyə nəzarət daim tərəflərdə qalır. Yəni, yekun nəticənin- barışıq şərtlərinin hansı məqamda tamamlanmasına yalnız tərəflər özü qərar verir.
Geniş müzakirə diapazonu: Mediasiyada tərəflər ilkin tələblə bağlı deyillər. İlkin müzakirə qeyd olunan mübahisə predmetindən kənara çıxıb, nəticənin əldə edilməsi üçün istənilən məsələni müzakirəyə çıxara və qarşı tərəflə sövdələşə bilərlər.
Münasibətlərin mühafizəsi: Mediasiya prosesi özlüyündə açıq ünsiyyəti və əməkdaşlığı təşviq edir, bu da tərəflər arasında münasibətləri mühafizə və ya inkişaf etdirir. Xüsusən ailə mediasiyası işlərində uşaqların diqqətəlayiq mənafelərinin qorunması üçün boşanan valideynlər arasında sağlam münasibətin davam etməsi çox əhəmiyyətlidir.
Zamana qənaət: Mediasiya danışıqları aylarla uzanan ənənəvi məhkəmə işlərinə görə daha tez zamanda baş tutur. Tərəflərin rahatlığının təmini məqsədilə mediator mediasiya sessiyalarının vaxtını tərəflərlə qarşılıqlı razılaşdırır ki, nəticədə mediasiya müddəti günlərlə ölçülməkdədir.
Sonda qeyd edilməsi zəruridir ki, mediasiyadanışıqlarının mübahisələrin həllində effektiv və səmərəli olması üçün tərəflərin münaqişənin həllinə maraqlı olmaları və həllyönümlü ortaq zəmin tapmağa birlikdə çalışmaları lazımdır.
Bu isə könüllülük prinsipi ilə birbaşa əlaqəli məqamdır..
(ardı var)
09 Oktyabr 2023