Mediator: Azərbaycanda 35 mediasiya təşkilatı və 400-ə yaxın aktiv mediator fəaliyyət göstərir
Xəbərə keçid
Bakı, 19 fevral, Əli Hüseynov, AZƏRTAC
Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun köməyi ilə öz mövqeləri barədə daha fərqli baxış qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı olduqca yüksəkdir.
Ölkəmizdə 2021-ci ildən tətbiq edilən bu sistem isə cəmiyyətimiz üçün maraqla qarşılanır. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, mediator, mediasiya üzrə beynəlxalq məsləhətçi Qasım Şaliyev AZƏRTAC-a müsahibəsində görülmüş işlərə nəzər salıb, qarşıdakı hədəflərdən danışıb. Müsahibəni təqdim edirik:
- Qasım müəllim, mediasiya nədir? Azərbaycanda mediasiya sisteminin inkişafı ilə bağlı fikirləriniz maraqlıdır...
- Sadə dildə desək, mediasiya danışıqlar prosesidir. Bu danışıqlar prosesində tərəflər neytral üçüncü şəxsin vasitəçiliyi ilə öz aralarındakı mübahisənin həllinə nail olmağa çalışırlar. Mübahisələrin bu yolla həll edilməsində bir çox üstünlüklər də var. Qısa ifadə etsəm, məhkəmədən və ya arbitrajda üçüncü şəxs-hakim və ya arbitrdən fərqli olaraq, mediasiyada tərəflər öz mübahisələrini özləri ən qısa zamanda maraqlarına uyğun həll edirlər. Prosesə nəzarət ilk andan sona kimi tərəflərdə qalır ki, bu da onlara istədikləri zaman mediasiya prosesindən imtinaetmə imkanını verir. Mediasiyada hüquqdan kənar məsələlər də müzakirə mövzusu və maraqların əldə edilməsində sövdələşmə predmeti ola bilər. Mediasiyada qəliz normalar olmadığına görə, insanlar gündəlik həyatlarında olduğu kimi danışa və maraqlarını müzakirə edə bilərlər. Ən önəmlisi də bütün bu sessiyalar məxfi, konfidensial şəraitdə aparılır. Əgər sonda razılıq baş tutmazsa, məhkəmədə mediasiyada müzakirə olunan məsələlərə istinad edilə bilməz və mediator da şahid kimi dindirilə bilinməz. Bütün bu sadalanan məqamlar tərəflərdə fərqli bir güvən hissi yaradır ki, nəticədə onlar mediasiyada rahatlıqla maraqlarına uyğun müzakirə apara bilirlər.
- Mediasiyadan daha çox hansı sahələrdə geniş istifadə edilir?
- Qanunvericiliyə əsasən, ailə, əmək, kommersiya mübahisələri daxil bütün mülki və bəzi inzibati mübahisələrdə mediasiyadan istifadə edilə bilər. Hazırda ölkəmizdə aktuallıq daşıyan məsələ isə, müəyyən kateqoriyalı işlər üzrə məhkəmələrdə iddia qaldırılmazdan əvvəl ilkin mediasiya prosesində məcburi iştirakla bağlıdır. Qeyd etdiyim bu ilkin mediasiya sessiyasında mediator mediasiya və mübahisənin mediasiyada həllinin üstünlükləri barədə tərəflərə məlumat verir, tərəflər də ilkin olaraq öz mövqelərini paylaşırlar. Davamında mübahisə tərəfləri könüllü qaydada qərar verirlər ki, bu mübahisənin həlli üçün mediasiya prosesinə davam edirlər, yoxsa ənənəvi qaydada məhkəməyə müraciət edirlər. Bu qayda ötən aya qədər ailə, əmək və kommersiya mübahisələrində, keçən ay qanunvericilikdə edilən dəyişiklikdən sonra isə yalnız ailə və əmək mübahisələrində tətbiq olunur. Lakin, məcburilik şərti aradan qaldırılsa da, kommersiya və digər mülki mübahisələrdə mübahisələrin alternativ həlli kimi mediasiya tətbiq edilir. Bu da sözsüz təsadüfi deyil. Belə ki, Azərbaycanda bu sistemin tətbiqi Prezidentin 2016-cı ildə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilməyə başlayıb. Məhz həmin yol xəritələrində də kiçik və orta sahibkarlıq subyektləri üçün mübahisələrin alternativ həlli mexanizmləri arasında mediasiyanın vacibliyi xüsusilə fərqləndirilmişdir. Bunun məntiqi nəticəsində, qısa müddət ərzində “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununun qəbul edilməsi və Nazirlər Kabinetinin mediasiya işinin qurulması ilə bağlı ardıcıl qərarları proseslərin sürətlənməsinə təkan verdi. Bu zaman çərçivəsində 2020-ci ildə Mediasiya Şurası yaradılmış və ölkəmizdə mediasiya təlimi qurumu olan Ədliyyə Akademiyasında mediatorların hazırlığı üçün baza və ixtisasartırma təlimlərinin keçirilməsi təmin olunmuşdur. Artıq ölkəmizdə 35 mediasiya təşkilatı və 400-ə yaxın aktiv mediator fəaliyyət göstərməkdədir. Sevindirici haldır ki, yeni yaradılmış Türk Dünyası Mediatorlar Birliyinin bu ildən effektiv fəaliyyət göstərməsi üçün görülən ardıcıl işlərdə azərbaycanlı mediatorlar da xüsusi aktivlik nümayiş etdirirlər.
- Ölkəmizdə mediasiya sisteminin inkişafını necə görürsünüz?
- Mediasiya institutunun bizim üçün yeni olduğunu nəzərə alıb deyə bilərik ki, Azərbaycan hüquq sistemində mediasiya layiqli səviyyədə inkişaf etməkdədir. Burada aparılan çoxşaxəli fəaliyyətin məntiqi nəticəsini görməkdəyik. İlk öncə bildirim ki, mediatorların hazırlığı və onların daimi peşəkarlığının artırılması istiqamətində Ədliyyə Akademiyasında aparılan periodik təlimləri misal göstərmək olar. Bütün hallarda vətəndaşla bu sahədə üzləşən və dövlətin bu istiqamətdə siyasətinin əsas icraçıları mediatorlardır. Bu baxımdan onların zəruri nəzəri və praktiki biliklərə sahib olması xüsusi əhəmiyyət daşıyır. Habelə Mediasiya Şurasının təlimçiləri tərəfindən periodik daxili məşğələlərin keçirilməsi də vacibdir ki, bununla qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq imkanları müzakirə olunur. Davamında Mediasiya Şurasının dəstəyi ilə ali təhsil müəssisələrində maarifləndirmə tədbirləri çərçivəsində mediasiya ilə bağlı təşviqat işləri həyata keçirilir. Demək olar ki, ölkəmizin bütün ali təhsil ocaqlarında mediasiya təşkilatları tərəfindən bu kimi seminar və vebinarların təşkili təmin edilib. Habelə KOB evlərində kommersiya mübahisələrinin və DOST mərkəzlərində əmək mübahisələrinin həll edilməsi üçün mediasiya otaqları yaradılıb. Bu da xarici ölkələrlə müqayisədə cəmiyyətdə mediasiya mədəniyyətinin formalaşması üçün uğurlu addımlardır. Habelə dövrün tələbinə uyğun olaraq, sosial media platformalarında mediasiya qanunvericiliyi və onun ölkəmizdə tətbiqinin insanlara faydası geniş təbliğ olunur. Bütün bunlar da gələcəyə daha ümidlə baxmağa imkan verir və zamanla bu unikal üsulun tətbiqinə fiziki və hüquqi şəxslər tərəfindən daha çox üstünlük veriləcəyinə inanırıq.
- Qasım müəllim, bir mütəxəssis kimi xarici təcrübədə mediasiya sahəsində tətbiq olunan hansı yeniliklərin ölkəmizdə olmasını istərdiniz?
- Bu sistemin ölkəmizdə yeni tətbiq edildiyini nəzərə alaraq cəmiyyətin mediasiya savadlılığının artırılması məqsədilə bu məsələyə orta məktəblərdə, iş yerlərində təlimlər və treninqlər keçirilməsindən başlayardım. Misal olaraq, qonşu Türkiyədə geniş tətbiq olunan “məktəb mediasiyası” layihəsi ölkəmizdə də uğurlu ola bilər. Məktəblərdə xüsusən yeniyetmələr arasında şiddət və gərginliyin çarəsinin məktəb mediasiyası olduğunu əminliklə deyə bilərəm. Bu həm məktəbdən başlayaraq uşaqlarda mübahisələrin qol gücünə deyil, danışıqlarla həll edilə biləcəyi fikrinin formalaşmasına xidmət edir. Həm də valideynlərə uşaqlar vasitəsiilə mediasiya fəlsəfəsinin çatdırılması təmin olunur. Habelə, Avropa ölkələrində maraqla tətbiq olunan və gündən-günə tətbiq dairəsi genişləndirilən cinayət işlərində “bərpaedici mediasiya” institutu da ölkəmizdə uğur qazana bilər. Burada yanlış anlaşılmanın qarşısının alınması məqsədilə bir aydınlıq gətirim ki, “bərpaedici mediasiya” təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və ya cəzasının azaldılması ilə bağlı məsələlərlə əlaqəli deyil. Burada diqqət olunan məsələ, cinayət işlərindəki tərəflər arasında bu proses çərçivəsində kommunikasiyanın yaradılması və nəticə etibarilə düşmənçilik və münaqişə səviyyəsinin azaldılmasıdır. Qəribə səslənsə də, Avropada geniş yayılmış “qonşu mediasiyası” anlayışının da yaxın gələcəkdə bizim də gündəliyimizdə ola biləcəyini düşünürəm. Əslində bu bizim mental dəyərlərə də uyğun bir yoldur, sadəcə bu formada daha səmərəli icra ediləcəyini hesab edirəm. Qeyd edim ki, “qonşu mediasiyası” çox vaxt peşəkar mediatorlar tərəfindən deyil, bu işə həvəsi olan sıravi şəxslər tərəfindən hər hansı ödəniş olmadan aparılır. Burada əsas məqsəd, sırf cəmiyyət daxilində insanlara faydalı olmaq başlıca motivasiyadır. Misal üçün, Latviyada bu işi mediatorların ictimai birlikləri həyata keçirir. Sadaladığım hər üç mediasiya modeli cəmiyyətdə sosial barışın möhkəmlənməsinə birmənalı xidmət edir. Habelə, ali təhsil müəssisələrinin idarəetmə, hüquq, menecment, sosial iş və digər humanitar ixtisaslarda mediasiya ilə bağlı ayrı fənnin tədris edilməsi də mediasiya ilə bağlı maarifləndirmədə yeni cığır aça biləcək üsul hesab edirəm.
19 Fevral 2024