Mediasiyanın tərəflər arasındakı sövdələşmədə rolu
Mediasiya prosesi vasitəçi neytral şəxs, yəni mediatorun köməyi ilə tərəflər arasında qarşılıqlı məqbul razılaşma əldə edilməsi üçün danışıqların, ünsiyyətin asanlaşdırıldığı bir prosesdir. Bildiyimiz kimi mediasiya prosesində ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək mübahisələri, mülki işlər, kommersiya mübahisələri və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etmək mümkündür. Mediasiya institutu mübahisələrin məhkəməyə müraciət etmədən, məhkəmədən kənar həll edilməsi vasitələrindən biridir. Mediasiya könüllü prosesdir, yəni tərəflər könüllü olaraq mübahisələrini həll etmək üçün mediasiyanı seçə bilərlər. Bu isə tərəflərə proses zamanı müəyyən imkanlar yaradır. Mediasiya prosesi zamanı tərəflər prosesi özlərinin idarə etmək imkanına malikdirlər, öz istək və mənafelərinə uyğun danışıqlar apara bilirlər və nəticədə proses hər iki tərəfin xeyrinə həll oluna bilir. Bəs mediasiyanın danışıqlar prosesindən (sövdələşmədən) fərqi nədir? Nə üçün insanların öz aralarında apardıqları danışıqlar mediasiya prosesindəki qədər uğurla nəticələnmir? Bunun bir çox səbəbləri var, onlardan bəzilərini və ən əsaslarını aşağıdaki kimi qeyd etmək olar:
1.Tərəflər arasındaki danışıqlar çox vaxt apara bilər, xüsusilə də heç bir tərəf güzəştə getmək istəmirsə və ya mövcud məsələlər mürəkkəbdirsə aparılan danışıqlar uğursuz ola bilər. Lakin, mediasiya prosesində mediator tərəflərə daha qısa müddətə hər iki tərəfin razı qalacağı razılaşmanı əldə etmələrinə kömək edə bilər.
2.Danışıqlar zamanı mövcud məsələlər şəxsi və həssas mövzulardırsa tərəflər üçün emosional gərginlik yaradır və sövdələşmə baş tutmaya bilər. Mediasiya prosesində isə mediator emosional gərginliyi aradan qaldırmaq üçün müəyyən danışıq və vasitələrin köməyi ilə prosesə müdaxilə edə bilir və nəticədə tərəflərin yenidən danışıqlara davam edə bilməsinə kömək etmiş olur.
3.Digər bir məsələ güc balansının pozulmasıdır. Beləki, danışıqlar zamanı tərəflərdən biri daha çox məlumat və resurslara malik ola bilər. Mediasiya prosesi zamanı mediator hər iki tərəfə öz fikirlərini ifadə etmək üçün eyni şəraiti yaradır və qarşılıqlı razılığa gələ bilmək üçün vasitəçi olur.
4.Digər bir məsələ aparılan danışıqların etibarsızlığıdır, bu halda tərəflər öz aralarında razılığa gələ bilmirlər və sövdələşmə baş tutmur. Əgər bir tərəf digər tərəfin dürüst və şəffaf olmadığını hiss edərsə danışıqlar etimadsızlığa gətirib çıxarda bilər. Tərəflər mediasiyaya inanaraq, güvənərək mübahisənin mediasiya prosesində həll olunmasında maraqlı olduqlarını göstərməklə yanaşı, mediasiya prosesinin şəffaf, dürüst, konfidensial olduğunu bilərək, prosesdə iştirak etmək üçün vaxt sərf edir, aralarındakı məsələni mediasiyada həll etməyə üstünlük verirlər. Bu isə tərəflərə açıq və səmimi danışmağa imkan verir.
Mediasiyanın danışıqlar prosesindən fərqləndirən tərəfləri olduğu kimi mübahisələrin məhkəmə prosesində həll olunmasından daha üstün tərəfləri də mövcuddur:
1.Mediasiya prosesi daha az xərc tələb edən və məhkəmə prosesindən daha sürətli bir prosesdir. Mediasiyaya müraciət etməklə tərəflər vaxta qənaət edə bilərlər;
2.Mediasiya tərəflərə mübahisənin nəticələrinə daha çox nəzarət etmək imkanı verir və tərəflər mübahisənin nəticəsi ilə bağlı qərarı özlər verir. Məhkəmə prosesində isə nəticə hakim tərəfindən müəyyən edilir;
3.Mediasiya prosesində vasitəçi (mediator) tərəflər arasında münasibətləri qorumağa, yaxşılaşdırmağa və gələcək münaqişələrin qarşısını almağa kömək edir;
4.Mediasiya prosesində məhkəmə prosesindən fərqli olaraq tərəflər qarşılıqlı razılaşma əsasında hər iki tərəfin mənafeyinə uyğun qərar qəbul edə bildikləri üçün prosesdə “məğlub” tərəf olmur, tərəflərin hər biri “qalib” olur.
Beləki mövcud və ya gələcəkdə baş verə biləcək mübahisələrin məhkəmədən kənar həll olunmasının ən yaxşı alternativ üsüllarından biri mediasiyadır.