Tibb müəssisələrində rəhbərlik-həkim münasibətlərində əmək mediasiyasının rolu
Die Rolle der Arbeitsvermittlung in den Beziehungen zwischen Führung und Arzt in Gesundheitseinrichtungen.
Qasım Şaliyev
Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru, mediator
Bakı şəhəri, 07 iyun 2024-cü il
Hörmətli qonaqlar və dəyərli həmkarlar,
Bakımızda belə önəmli tədbirin keçirilməsində zəhməti olan hər kəsə bir hüquqşünas və vətəndaş olaraq minnətdaram. Ayrıca bizdə yeni aktuallıq daşımağa başlayan və son dönəmlərdə araşdırma/müzakirə predmeti olan tibb hüququnun tətbiq dairəsində (ölkəmiz üçün yeni praktika olan) mediasiya imkanlarının da müzakirəsinin simpozium gündəliyinə salınması sevindiricidir.
Tibb hüququnun əhatə dairəsi kifayət qədər geniş olmaqla, kimliyindən, sosial statusundan asılı olmayaraq cəmiyyətin hər bir üzvünün əlaqədar olduğu bir sahədir və hər keçən gün eşitdiyimiz yeni tibbi ixtira və yanaşmalar bu sahədə təməl məsələlər barədə insanlar arasında fərqindəliyin yaradılması və daimi maarifləndirilmə işlərinin əhəmiyyətini xüsusilə göstərməkdədir.
Əvvəlki dövrdə sadəcə ümumi sözlərlə əhalinin və vətəndaşların sağlamlığının qorunması sözləri ilə ifadə etdiyimiz halda, hazırda insanların tibbi fəaliyyət sahəsindəki “oyunçular”la münasibətdə hüquqlarının həyata keçirilməsi prosesində etik təsəvvürlərin və standartların dəyişməsi, orqan nəqli və suni mayalanmanın kifayət qədər əlçatımlı olması, biotəhlükəsizlik, gen mühəndisliyi kimi məsələlər artıq günümüzün reallığı halına gəlmişdir.
Sosial varlıq olan insan həyatını davam etdirmək, cəmiyyətə töhfə vermək və cəmiyyətdən gözlədiyini almaq kimi həyatımızın bütün bu rutin ardıcıllığında biz başqa insanlarla ünsiyyətə giririk. İnsan doğulandan yaxın ailə üzvləri ilə başlayan bu ünsiyyət davamında bağçada, həyətdə, məktəbdə, universitetdə, iş yerində və sosial mühitin bütün sferalarında davam edir. Habelə əvvəllər bizi əhatələyən sosial mühit ancaq qohum/dost çevrəsi və məhdud sayda kənar insanlardan (iş yoldaşları, qonşular və s.) ibarət idisə, 20-ci əsrin möcüsəsi internetin həyatımızın vazgeçilməz gerçəyi olduğu andan artıq bizi əhatələyən çevrə bütün dünyadır, internetə çıxışı olan 10 milyardlıq insanla birbaşa, vasitəsiz kontakta keçə bilmə imkanımız vardır artıq.
Sosial münasibətlərin yaranması və inkişafı insanlara töhfə verdiyi kimi, bu münasibətlər zəminində təbiətin bizə bəxş etdiyi resursların insan övladının arzu etdiyindən dəfələrlə az olması təbii maraq çatışmasını və fərqli məzmunlu mübahisələrin yaranmasını da labüd etmişdir. Təsadüfi deyil ki, Kristofer Moore mübahisələri tətikləyən faktorlar kimi qeyd etdiyi 5 element içində maraqların çatışmasını xüsusilə vurğulamışdır.
Mübahisələrin mövcudluğu halında da həmin mübahisələrin həlli və “ədalətin bərpası” insanların və cəmiyyətin ilk gündən gündəliyinin əsas məsələlərindən biri, birincisi olmuşdur. Çünki, hansı dövrdən asılı olmayaraq, insanların böyük əksəriyyəti mübahisəsiz mühitdə yaşamaq arzusu daşıyır ki, bu zaman təhlükəsizlik hər bir cəmiyyəti gələcəyə motivasiya edən əsas amillərdən biri kimi sayılmaqdadır.
Bu təhlükəsiz mühitin formalaşdırılması zəminində mübahisələrin həlli ibtidai dövrlərdə qəbilə/tayfa rəhbərləri tərəfindən həll olunurdusa, sivilizasiyanın inkişafı fonunda mübahisələrin həlli (dövrə görə fərqli adlar daşısa da) dövlətin gücünü təmsil edən məhkəmələr tərəfindən təmin edilmişdir.
Xüsusən 20-ci əsrin ortalarından başlayaraq qloballaşan dünyada beynəlxalq iqtisadi münasibətlərin şaxələnməsi və transmilli əməliyyatların çoxalması nəticəsində dövlətdaxili ənənəvi həll yoluna (məhkəməyə) alternativ kimi arbitrajın və mediasiyanın tətbiq imkanlarının yaranması müşahidə olunmuşdur.
Yuxarıda da qeyd edildiyi kimi, 20-ci əsrin möcüzəsi internetə əlçatımlılığın sadələşməsi yekununda (əvvəllər xüsusi biliyə/vərdişə sahib olduqdan sonra statik komputerlərlə qoşula bildiyimiz bu qlobal ağ indi uşaqların belə çox rahatlıqla mobil telefondan istifadə edərək axtarış apara bildiyi sadə bir alət, vasitə olmuşdur.) insanlar arasında daha geniş diapazonda münasibətlər yaranmış, bu konteksdə fərqli məzmunda mübahisələr də ortaya çıxmışdır.
Başqa ölkədə yaşayan fərqli ölkələrin vətəndaşları arasında nikah münasibətlərinin yaranması və pozulması, uşaqların saxlanılması və tərbiyyəsi kimi məsələlər, transmilli şirkətlərlə işçiləri arasında əmək münasibətlərindən yaranan mübahisələr, qlobal markalar ilə istehlakçılar arasında qüsurlu mal və xidmətlərə görə yaranan problemlərin ənənəvi qaydada həlli insanlar üçün çətin və külfətli, əvvəlcədən müəyyən ediləbilinməyəcək (unpredictable) qədər məsrəfli olacaqdır. İnsanlar başqa ölkələrin qanunvericiliyindən qaynaqlanan riskləri nəzərə almalı, bunun üçün hüquq xidmətdən yararlanmalı və vəkil axtarışında olmalı və iş yekunlaşana kimi isə həyəcan və stress ilə həyatına davam etməlidir.
Bu isə, günümüzün dünyasında heç bir şəxsin arzulamadığı bir həyat tərzidir, insanlar şəxsiyyətlərinin qəbul olunduğu/hörmət edildiyi daha rahat və güvənli emosiaonal komfortlu həyat yaşamağı arzulayırlar. Mübahisələrini də özlərinin razı qalacağı və maraqlarına cavab verəcəyi şəkildə həll etməyi arzulayırlar. Bəzən qanunən irəli sürülməsi mümkün olmayan və ya hüquqi perspektivi az olan məsələləri öz aralarında müzakirə edərək hər iki tərəfi razı salan nəticələr barədə razılaşa bilirlər. Ənənəvi həll yollarında bir tərəfin razı, digər tərəflərin məğlub olduğu bir varianta qarşı mübahisənin bütün tərəflərinin razı qaldığı alternativ həll yolu kimi mediasiya daha səmərəli bir vasitə kimi qəbul oluna bilər.
Bu baxımdan, son dövrdə bir çox ölkənin qanunvericiliyində alternativ həll yolları barədə tənzimləmələr aparılmaqla insanlara öz mübahisələrini maraqlarına uyğun, istədikləri kimi həll etmə imkanı yaradılmaqdadır. Dövlətlər isə tərəflərin mübahisələrinin öz aralarında razılaşdığı formada həllinə hörmət edir, barışıq/razılıq sənədini isə mötəbər hüquqi sənəd kimi qəbul edirlər.
Mübahisələrin alternativ həll yollarından biri olan mediasiya mahiyyətcə bir danışıqlar prosesidir, üçüncü neytral şəxsin moderatorluğu ilə aparılan bu danışıqlar prosesinin strukturu hüquqi mövqelər yox, tərəflərin həqiqi ehtiyac və maraqları əsasında qurulur. Könüllü bir proses olduğundan tərəflər özlərini rahat hiss etmədiyi istənilən məqamda bu danışıqlardan imtina edə bilərlər. Hətta barışıq sazişinin şərtlərinin müzakirə edildiyi son görüşmələrdə belə heç bir səbəb göstərmədən mediasiya danışıqlarını dayandıra və prosesdən imtina edə bilərlər. Mediasiya prosesinin bu özəlliyi tərəflərə ayrı bir rahatlıq verir ki, çəkinmədən maraq əsaslı danışıqlarda cəsarətlə iştirak etsinlər və həqiqi ehtiyaclarına cavab verən nəticələr əldə etsinlər. Ayrıca bu müzakirələrin gedişatında hər hansı prosessual tələb olmadığından və danışıqlardakı ümumi məsələlər (iclas vaxtı, iclasların müddəti, müzakirələrin formatı, kimin birinci çıxış etməsi, mediatorun təkbətək görüşə ilk kiminlə başlaması və s.) qarşılıqlı razılıqla müəyyən edildiyindən mediasiya iştirakçıları özlərinin məhkəmədən fərqli olaraq mediasiya prosesində daha komfortlu hiss edirlər. Əlavə olaraq, mediatorun müzakirələri səmimi və qeyri-rəsmi atmosferdə aparmağa təşviq etməsi iştirakçılarda şüuraltı rahatlıq yaranmasına, gərgin emosinal vəziyyətin azalmasına və ya neytrallaşmasına səbəb olur ki, insanlar “beyinlərinin sakit olduğu” məqamda daha rahat müzakirə edə və münaqişələrinə həll yolları axtara bilirlər.
Sözsüz ki, burada mediatorun qərəzsizliyi və neytrallığı vacib rol oynayır. Mediator hər iki tərəfə eyni şərait yaratmaqla mediasiya müzakirələrində tərəflər arasında bərabərliyin təmin olunmasını əldə edir ki, nəticədə tərəflər psixolojik təzyiq və narahatlıq yaşamırlar. Bu xüsusən, əmək mübahisələrində xüsusi əhəmiyyət daşıyır. Bir tərəfdə güclü resurslara malik işəgötürən, digər tərəfdə isə əzildiyini hiss edən və ya iddia edən işçi. Mediatorun qərəzsiz davranması və müzakirələrin gündəlik həyatımızdakı danışıq dili ilə aparılması insanlarda “qorxu” və “çəkingənlik” hisslərinin getməsinə, prosesin başlanğıcından sonuna kimi mediatora qarşı güvən hiss etməsinin yaranmasına səbəb olur. Mediasiya proseslərində tez tez bir qənaətə gəlirik ki, insanların dinlənilmək, dediyi sözlərin və bildirdiyi fikirlərin sadəcə anlaşılmaq ehtiyacı var. Çox zaman, müzakirələrdə tərəflərin səsləndirdiyi fikirlərin mübahisənin həllinə birbaşa təsiri yoxmuş kimi görünməsinə baxmayaraq, müzakirələrdə produktiv mühitin yaranmasının xəbərçisi olur və tərəflərin bir-birinin maraqlarını daha düzgün qiymətləndirmə və “win-win” məxrəcinə gəlməsinə səbəb olur. Bu məqamda mediasiyanın onurğasını təşkil edən digər bir prinsip olan- məxfilik/konfidensiallıqdan bəhs etmək yerinə düşər. Müşahidələrimiz də göstərir ki, tərəflərin mediasiya prosesinə güvənməsinin kökündə konfidensiallıq əsas yer tutur. Neytral və qərəzsiz şəxs olan mediatora güvən hissi ilə tərəflər mediasiya sessiyasında aysberqin görünməyən tərəflərini “win-win” məxrəcində nəticə əldə etmək üçün mediatorla paylaşırlar, mediator isə ona açıqlanan məlumatlar əsasında tərəflərin uzlaşma nöqtələrinin tapılmasında onlara “yalnız və yalnız” suallar verməklə dəstək olur. Ən önəmlisi isə, bu danışıqlar uğursuz yekunlaşdıqda səslənən fikirlər və təqdim olunan məlumatlar məhkəmədə dəlil kimi istifadə oluna bilinmir, onlara istinad edilmir. Bu isə tərəfləri mediasiya danışıqlarında daha cəsarətli davranmağa həvəs yaradır.
Göründüyü kimi, mediasiyanın könüllülük, qərəzsizlik, müstəqillik və konfidensiallıq prinsipləri ayrılıqda və birlikdə məhsuldar müzakirələrin ərsəyə gəlməsində önəm daşıyır. Xarici ölkələrin təcrübəsində və milli praktikada da əldə etdiyimiz informasiyanın təhlili açıq göstərir ki, insan hər hansı formada mübahisənin tərəfi olsa da, mübahisəni “vicdanlı və ədalətli” həll etməyə çalışan şəxslərin mediasiyada iştirakı əksər hallarda uğurlu nəticə ilə yekunlaşır. Əslində bunun çox sadə bir izahı var: insanlar sürətlə axan bu həyat yolçuluğunda gələcəyə ümidlə baxmağa və ayaqbağı olan problemlərdən qurtulmuş şəkildə yaşamağa çalışırlar.
Bu baxımdan tibb müəssisələrində rəhbərlik ilə həkim heyəti arasından yaranan çox spektli münaqişələrin həllində də mediasiya çox lüzumlu rol oynayacaq.
Bu simpoziuma hazırlıq prosesində görüşdüyüm həkimlər və tibb qurumları rəhbərlərindən əldə etdiyim məlumat və təəssürat belə oldu ki, bu mübahisələri iki hissəyə ayıra bilərik: a) həkimin çalışdığı dövrdə ortaya çıxan münaqişə b) həkimin iş yerindən ayrıldığı və ya ayrıldıqdan sonrakı dövrdə yaranan mübahisələr.
Birinci istiqamətdə fikirlərimi paylaşmaq istərdim. Apardığım araşdırma zamanı təəccübümə səbəb olan əsas məqamlardan birisi bu oldu ki, tibb müəssisələrində rəhbərlik ilə həkim heyəti arasında (Thomass Klimann modeli əsasında ifadə etsək) “əməkdaşlıq” konseptindən daha çox “rəqabət” konsepti müşahidə olunur. Belə olan halda, həkim heyəti haqlı olaraq başqa tibb qurumundan daha yaxşı təklif gələnə kimi həmin müəssisədə sadəcə olaraq işini görməyə və müəyyən qazanc əldə etmə niyyəti ilə funksiyasına səssiz davam edir. Nəticədə hər şey axarında gedirmiş kimi bir “yalançı” mənzərə qarşımızda durur. Bu mənzərənin izahını belə ifadə edə bilərik: məsələ bu günlük həll edilmiş kimi görünsə də, məsələ daha böyük ağır yük ilə sabaha transfer olmaqdadır. Halbuki tibb sahəsi kifayət qədər rəqabətli bazardır, sabaha problem yox, birgə iş və sinerji atmosferi daşımaq lazımdır. Rəhbərliyin də özünə məxsus haqlı görünən tərəfləri var. Tibb müəssisəsi daxilində həkim heyəti arasında bir balans qorunmalıdır, hərçənd ki tibb müəssisəsi həkim heyətinin beyin gücü sayəsində bazarda yer edir, ama bu o demək deyil ki, işçilərin şərtləri diktə etməsinə şərait yaransın. Bir anlığa iki fərqli baxış bucağını birlikdə təsəvvür etdikdə, belə bir mühitdə “win-win” nəticəli hansısa münasibətin mövcudluğundan danışmaq sadəcə xəyal ola bilər. Halbuki tibb müəssisəsinin inkişafı həkimlərin daha çox məmnun olması, həkimlərin həvəsli motivasiyalı olması isə tibb müəssisəsinin inkişafına təsir edən əsas amildir. Tibb müəssisələri ilə həkim heyəti arasında bu qəbildən “yumşaq münaqişə və pərdəli müzakirələrin” daha sivil və məhsuldar nəticə ilə ərsəyə gəlməsində əmək mediasiyasının töhfəsi misilsizdir. Tərəflərə yuxarıda qeyd etdiyim mediasiya prinsipləri təminat verir ki, pərdə arxasındakı qorxularını “simanı qoruyaraq” digər tərəflə daha təhlükəsiz formatda müzakirə etsin. Bu həm də daha düzgün kommunikasiyanın formalaşması, “win-win” konsepsiyalı danışıq vərdişlərinin əldə edilməsidir ki, bu bacarıqlardan həyatın başqa məqamlarında da rahatlıqla istifadə oluna və həyatımızı rahatlaşdıran nəticələr əldə edilə bilər.
İkinci istiqamət üzrə də, müsahiblərimdə kifayət qədər “narahatlıq” hiss etdiyimi qeyd etmək istərdim. Bu narahatlıq tibb müəssisələrində belə müşahidə olunurdu ki, həkim getməklə müəssisənin müştərilərini-pasientləri də özü ilə digər tibb qurumuna aparır, halbuki o pasientləri həkim özü əldə etməyib, tibb qurumunun marketinq fəaliyyəti nəticəsində həkim tanıdılıb və s. Həkim tərəfindən baxılanda isə, pasientləri müəssisə versə də, nəticədə pasientləri həkim kimi özünün razı saldığını, müəssisənin buna görə kifayət qədər qazanc əldə etdiyi irəli sürülür. Habelə başqa quruma gedən həkim digər həkimlərə nüfuzu ilə təsir edib onların da yer dəyişməsinə “kömək etmiş olur.” Bu isə tərəflər arasında gərginliyin yaranmasına və peşəkarlığa yaraşmayan əlavə söz söhbətin ortalığa yayılmasına səbəb olur. Nəticə də, bu toksik münasibətlərdən həkimin reputasiyası zədələndiyi kimi, tibb qurumunun da nüfuzuna xələl gəlir. Kliman ifadəsi ilə, “lose-lose” nəticəsinin şahidi oluruq. Əmək mediasiyası isə, tərəflərin münasibətinin bu “lose-lose” səviyyəsindən “win-win” dərəcəsinə çıxarılmasına şərait yaradan, ona xidmət edən bir alətdir. Hüquqi etibarlı nəticələr yaradan mötəbər bir yoldur.
Sonda bildirim ki, hazırda mediasiyanın əlifbası sayılan məhşur “Mediasiya prosesi” kitabında Kristofer Moore bütün mediasiya alətlərini xəyali Whittamore-Singson mübahisəsi əsasında oxucularına izah etmişdir. Bəli, Richard Singson bir bölgədə fəaliyyət göstərən Fairview Tibb Mərkəzinin direktoru, Andrew Whittamore isə həmin tibb mərkəzində çalışan həkim idi. Bir sözlə, dünya mediatorlarının əksəriyyəti, bu 686 səhifəlik əlifbamızı öyrənərkən məhz tibb qurumu ilə həkimlər arasındakı yaranan mübahisənin həllini öyrənməklə bu peşənin icrasına başlayır.
İnanıram ki, sondakı bu kiçik ayrıntı belə bizləri bu qəbildən mübahisələri əmək mediasiyası vasitəsi ilə həllinə təşviq edəcək.
Biz mediatorların isə bir arzusu var:
“Həll olunmayan mübahisə qalmayacaq!”
Diqqətiniz üçün minnətdaram.
07 İyun 2024