Sərhədlərarası MAH (Mübahisələrin Alternativ Həlli): Fürsətlər və Çətinliklər
Qasım Şaliyev
Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru, mediator
Bakı şəhəri, 26 noyabr 2024-cü il
Hörmətli cənablar və mehriban xanımlar,
İlk növbədə, bu gün dəyərli vaxtınızı ayırıb bizimlə olduğunuz üçün mən Sizə dərin təşəkkür edirəm. Eyni zamanda Sizinlə burada olduğumdan da məmnunluq hissi keçirdiyimi bildirməkdən qürur duyuram.
Bilinən bir gerçəklikdir ki, tarixən Azərbaycan və Pakistan xalqları arasında qarşılıqlı hörmət və sevgi hissləri olub. Hələ 100 il əvvəl bizim xeyriyyəçi iş adamı Hacı Zeynalabdin Tağıyev Pakistanda yerli əhali arasında yayılan kütləvi pandemiyanın qarşısının alınması üçün 300 min ampula peyvənd alıb və indiki Pakistan ərazisinə göndərib. Nəticədə, insanların kütləvi şəkildə dünyasını dəyişdiyi bu ağır xəstəliyin -pandemiyanın qarşısının alınmasında xüsusi rol oynayıb. Səhv etmirəmsə, bu fakt Pakistanın tarix kitablarında hazırda əks olunur.
Sirr deyil ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri məhz qardaş Pakistan olub. Hazırda da iki dövlət və iki xalq arasındakı dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.
Bu baxımdan Pakistan və Azərbaycan mediatorları arasında da bu qəbildən münasibətlərin yaranması və MAH (mübahisələrin alternativ həlli) sahəsində əlaqələrin genişləşməsi, təcrübə paylaşımının artması təsadüfi olmayacaq.
Biz qısa müddət əvvəl cənab Sənaullah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakıda, İçərişəhərdə yerləşən ofisimizdə görüşəndə, gələcək planları ilkin müzakirə etmişdik. Bu planlara seminarların təşkili, təcrübə bölüşümü, gələcəkdə kommersiya mübahisələri üzrə birlikdə mediasiya sessiyalarının keçirilməsi, beynəlxalq ticarət mübahisələrində koordinasiyalı şəkildə fəaliyyət kimi məqamlar daxil idi.
Qısa müddət keçməsinə və hər iki tərəfin sıx qrafikinə baxmayaraq, artıq bu webinarda birlikdə olmamız və MAH-ı müzakirə etməyimiz, həqiqətən, sevindiricidir.
Axırda deyəcəyim sözü, indi başdan demək istəyirəm: MAH hazırki zəmanənin tələbidir. İnsanların yaxşı ədliyyə xidmətləri alması üçün yardımçı rola malik MAH-ın tətbiqi artıq tarixi zərurətdir.
İnsanlığın yarandığı ilk günlərdən bu günə, cəmiyyətin normal davam etməsi üçün həmin cəmiyyəti ərsəyə gətirən şəxslərin statusundan asılı olmayaraq özünü təhlükəsiz hiss etməsi həmin cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Təhlükəsiz mühitdə yaşayan insan gələcək planlarını qura, yeniliklər yarada və yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün daha məhsuldar çalışa bilər. Bu baxımdan, insanlıq yaranan gündən (cəmiyyəti əmələ gətirən mağaradakı qəbilə, tayfa ilə ifadə olunan ibtidai icma quruluşundan) bugünkü müasir dünyamıza gələn bu tarixi prosesdə hansı formada ifadə edilməsindən asılı olmayaraq, cəmiyyətin təhlükəsizliyi həmin quruluş üçün daim öndə nəzərdə tutulan element olmuşdur.
Cəmiyyətdə təhlükəsizlik dedikdə, bu həm xarici yad təsirlər, düşmən hücumlarından qorunma, həm də cəmiyyət daxilində digər insanların haqsız təqib və tələblərindən azad yaşamaq başa düşülür. Buna görə də, cəmiyyətdaxili təhlükəsizlik ibtidai icma quruluşu günlərində qəbilə rəisi və onun qolu güclü nümayəndələri vasitəsilə təmin edilirdisə, dövlətlərin bəşər tarixində görünməyə başlandığı gündən isə müxtəlif adlar daşımasına baxmayaraq, xüsusi idarələr, ixtisaslasmış qurumlar tərəfindən bu işlər görülməyə başlanıldı. Digər bir ifadə ilə, cəmiyyətlər həmişə daxildə yaranan mübahisələrin həlli üçün həmin dövrün tələbləri və şərtləri nəzərə alınmaqla sosial ehtiyaclara cavab verən mexanizmlər tapmağa çalışmışlar.
Əvvəllər həll yolları daha çox dövlətin gücünü təmsil edən qurumlar tərəfindən ərsəyə gətirilməsi bir zərurət idisə, xüsusən 20-ci əsrdən başlayaraq vəziyyət kəskin dəyişmişdir. Belə ki, dünya əhalisinin sayı həndəsi silsiləyə yaxın nisbətdə artmış və proses artan sürətlə davam etməkdə, habelə keçən əsrin möcüzəsi sayılan internet dünyanı artıq qlobal kənd halına gətirmiş, normal rutin həyatda bir-biriləri ilə qarşılaşmaları ehtimal xarici olan insanların sosial şəbəkələr vasitəsi ilə ünsiyyətə girməsi, xarici ölkələrə səyahətlərin artması, əvvəlki dövrlər üçün ənənəvi olmayan biznes münasibətlərinin yaranması, beynəlmiləl ailələrin sayının artması mübahisələrin sayının artmasına səbəb olan qloballaşmasının vacib xüsusiyyətlərindən biri kimi qəbul edilir. Bu konteksdə yaranan mübahisələrin həlli və münaqişələrin aradan qaldırılması artıq ənənəvi məhkəmə sistemi ilə obyektiv səbəblərdən mümkün olmadığından, mübahisələrin alternativ həll yollarının tətbiq imkanlarından yararlanmaq artıq tarixi zərurətdir.
Mediator kimi öz icraatımda olmuş real mediasiaya kazusu əsasında məsələni təhlil edək: A Azərbaycan vətəndaşı xanım və B Rusiya vətəndaşı bəydir. Bu şəxslərin birgə nikahından iki övladları oğlan ABŞ-da və qız övladları isə BƏƏ-də dünyaya gəlmişdir. Cütlüyün hazırda əsas yaşayış yeri Bakı olsa da, əmlakları 4 ölkədə - Azərbaycan, Türkiyə, BƏƏ və Avstriyada idi. Uşaqların hər ikisi Azərbaycanda özəl liseydə oxuyurlar. Bəyin Azərbaycanda heç bir rəsmi gəliri yoxdur, əsas gəliri, əsasən, Çin, İsveçrə və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlərin divident gəlirləridir. Bu cütlüyün nikahının pozulmasından sonra bu şəxslər arasında yaranacaq, sadəcə, əmlak mübahisələrinə görə neçə ölkənin məhkəmələrinə, ən azından məsələlərin hüquqi tərəfini anlamaq üçün hüquq məsləhətlərinin alınmasına görə neçə ölkənin hüquqşünaslarına müraciət edilməlidir? Bu qədər qəliz konturlu ailə mübahisəsi həm tərəflərin, həm də uşaqların maraqları naminə sürətli necə həll oluna bilər?
Şəxsi təcrübəmdə olan bir kommersiya mediasiyasına dair bir misal da vermək olar: A Azərbaycan şirkətidir, B isə bir Avropa ölkəsində qeydiyatda olan şirkətdir. B Azərbaycanda bir dövlət tenderini udmuş, həmin müqavilə üzrə ona həvalə olunan işlərin bir hissəsini A-ya subpodrata vermişdir. A subpodrat üzrə üzərinə götürdürü öhdəliklərinin təminatı olaraq, müqavilə qiyməti həcmində (B-nin tövsiyəsinə əsasən) digər Avropa dövlətinin C bankından zəmanət məktubu almışdır. Müqavilənin icrası zamanı B A-ya ödənişləri vaxtında etmədiyi üçün A zəmanətə görə C-yə aylıq məbləğlərin ödənişini gecikdirmiş, nəticədə C zəmanət məktubunu geri çəkmişdir. Zəmanət ləğv olunca B də müqavilənin şərtinə görə, müqaviləni ləğv etmək istəyirdi. Bir yandan da, işin Sifarişçisi işin vaxtında yekunlaşmasını B-dən tələb edirdi. Bu mübahisənin məhkəməyə getməsi isə, məhkəmə icraatındakı minimal prosessual müddəti nəzərə alsaq, sifarişin vaxtında icra olunmaması demək idi. Bu qəliz mübahisənin bütün tərəfləri razı salacaq şəkildə ənənəvi qaydada həlli mümkün olması realdır?
Bu baxımdan günümüzün reallığı budur ki, ortalama insan hər hansı formada tərəfi olduğu mübahisələrin onların razı qalacağı şəkildə tez zamanda və çox məsrəfə girmədən həll edilməsini arzulayır, hansı ki ənənəvi mübahisələrin həll vasitələri bu imkanlara sadəcə malik deyil. Bununla belə, əvvəlki dövrlərdən fərqli olaraq dünyada insanlar arasında kommunikasiya sürətli şəkildə yaranır və günü-gündən sıxlaşaraq məzmunca şaxələnir.
Yuxarıda sadaladığım bir neçə kazusdan belə aydın görünür ki, MAH alətləri ənənəvi məhkəmə sisteminin iş yükünün azaldılması və mübahisələrin daha çevik həllinə xidmət edir. Adında alternativ sözü olsa da, əslində bu yeni bir qapı, yeni çağırışdır. Hazırki qlobal konyokturada mübahisələrin həlli yolları daha tez, daha operativ, ən önəmlisi isə, hər iki tərəf üçün vəziyyətdən daha optimal çıxış kimi qiymətləndirilə bilən imkanlar təqdim etməlidir.
Ümumiliklə qeyd edilməlidir ki, mübahisələrin ənənəvi həll yolu olan məhkəmədə mübahisə həll olunduqda, yekunda qərarı hakim qanunun tələbləri və öz daxili inamı əsasında verir. Həmin qərardan yuxarı instansiya məhkəmələrinə tərəflər şikayət verə bilərlər, yuxarı məhkəmələrdə də hakimlər qanunun tələbləri və öz daxili inamı əsasında tərəfin şikayətinin əsaslı olub-olmadığına qərar verirlər, həmin sonuncu qərar tərəflər üçün məcburidir.
Kommersiya mübahisələri (müəyyən şərtlərə cavab verdiyi halda) üzrə işlər arbitrajda baxıla bilər, bu zaman da üçüncü şəxs olan arbitr qanunun tələbləri və öz daxili inamı əsasında qərar verir və bu qərar tərəflər üçün məcburi olur. Bəzi ölkələrdə rast gəlinən daha bir üsul var ki, tərəflər mübahisələrin həlli üçün həmin sahə üzrə ekspert olan neytral üçüncü şəxsi cəlb edirlər və belə razılaşırlar ki, ekspertin rəyi onlar üçün məcburi mötəbər sənəd olacaq. Həmin ekspert də işin hallarını öyrəndikdən sonra, mübahisənin məğzi və onun qarşısında qoyulmuş suallar üzrə cavabını açıq şəkildə göstərən ekspert rəyini təqdim edir. Tərəflər könüllü olaraq razılıq verdikləri üçün üçüncü şəxsin ekspert rəyi tərəflər üçün məcburi xarakter daşıyır.
Az əvvəl qısaca təhlil olunan yollardan fərqli olaraq, mediasiya mübahisələrin həll yolları içində fərqli baxış bucağından və yanaşmadan çıxış edir. Mediasiyadakı neytral üçüncü şəxs olan mediator bu prosesdə iştirak edir, prosesin necə aparılacağını və danışıqların hansı formada qurulacağına rəhbərlik edir, tərəflərin maraqlarının üzə çıxarılmasında önəmli missiya həyata keçirir, emosiyaları idarə edir, bununla belə sonda mübahisənin necə və hansı zəmində həll olmasına və ya həll olmamasına tərəflər özü qərar verir.
Mediasiyanı digər mübahisələrin alternativ həll yollarından fərqləndirən əsas xüsusiyyətlərindən biri məhz nəzarətin tərəflərdə qalmasıdır. Müasir dünyada texnologiyanın inkişafı, suni intelektin gündəlik həyatımızın reallığına çevrilməsi və insanların məlumatlara daha rahat əlçatımlılığı nəticəsində insanlar hər hansı səbəbdən daxil olduqları mübahisələrin həllində aktiv rol oynamağa və özlərinin razı olacaqları şərtləri əldə etməya daha çox həvəsli davranırlar. Mediasiya da insanlara bu imkanı bütün prinsipləri və fəlsəfəsi ilə təqdim edir. Bu baxımdan, mediasiya institutu inkişaf perpektivi olan sahədir və dəyişən dünyada insanların ədalət mühakiməsindən gözlədiyi ehtiyaclarının vaxtında, bütün mübahisə tərəflərini razı salacaq şəkildə tamamlanması istiqamətində mediasiya səmərəli yol kimi diqqət çəkir.
Mən bugünki təqdimatımda mediasiyadan danışmaq istəyirəm.
Beynəlxalq Mediasiya İnstitutunun verdiyi tərifə görə isə, Mediasiya mübahisəni idarə etmək məqsədilə, maraqlara əsaslanan, vasitəçinin köməyi ilə aparılan danışıqlar kimi başa düşülə bilər
Almaniyanın Mediasiya qanununda, mediasiyanın mübahisə tərəflərinin bir və ya bir neçə mediatorun yardımı ilə, cavabdehliyi özlərinə aid olmaq və öz azad iradələri ilə qərar verməklə güvənə və etibara dayalı bir mühakimə olduğu qeyd edilmişdir.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir.
Qazaxıstanın Mediasiya haqqında qanununa əsasən, Mediasiya tərəflərin arasında mübahisənin həlli prosedurudur, hansıki burda mediatorun iştirakı ilə tərəflər könüllü şəkildə mübahisələrini qarşılıqlı razılıqla həll edirlər.
Yuxarıda verilən fərqli izahlarda da olduğu kimi, mediasiya mübahisəni idarə etmək məqsədilə, maraqlara əsaslanan, vasitəçinin köməyi ilə aparılan xüsusi strukturlu danışıqlar kimi başa düşülə bilər.
Bununla belə, mediasiyanı digər danışıqlardan və işgüzar münasibətlər üzrə aparılan söhbərlərdən fərqləndirilən prinsiplərini vurğulamaq xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək istərdim ki, səfər etdiyim Niderland, Fransa, Türkiyə, Latviya, Gürcüstan, Macarıstan, Çexiyada, habelə işgüzar əlaqələr qurduğum İtaliya, Ruminiya, Ukrayna və Rusiya mediatorları ilə müsahibələrdə tərəfimdən aşkar edilmişdir ki, bu təməl prinsiplər bütün ölkələrdə eynilik təşkil edir.
Könüllülük.
Mediasiyanın könüllülük prinsipinin bir neçə elementi ehtiva etdiyini qeyd etmək zəruridir. Belə ki, mediasiyada könüllülük dedikdə, tərəflərin öz mübahisələrini mediasiyada müzakirə etmək, yoxsa bu imkandan istifadə etməyib məhkəməyə müraciət etməkdə sərbəst olduqları ifadə edilir. Mediasiyanın müəyyən işlər üçün məcburi xarakter daşıdığı hüquq sistemləri belə, məcburi şərtin yalnız məlumatlandırma sessiyasında iştirakı ehtiva etdiyini açıq bildirmiş, Mediasiya prosesinin davam edib-etməmə qərarının Tərəflərə aid olduğu qəbul edilmişdir. Təsadüfi deyil ki, Avropa İttifaqının Ədalət Məhkəməsi bir qərarında qeyd etmişdir ki, “Beləliklə, Mediasiyanın könüllü xarakteri Tərəflərin bu prosesdən istifadə edib-etməmək barədə seçim etmək azadlığından ibarət deyil, Tərəflərin özlərinin prosesə görə cavabdeh olmasından və onu istədikləri kimi təşkil edə bilməsindən və istədikləri kimi ona xitam verə bilməsindən ibarətdir.”Digər bir ifadə ilə, Tərəflər bu kimi məcburi sayılan hallarda da aralarındakı mübahisənin mediasiyada həll olunub-olunmamasına azad iradələri ilə qərar verirlər. Bu prinsip həm də prosesin istənilən məqamında dayanmaq və prosesdən imtina etmək imkanını təmin edir. Bu kiçik detal tərəflərə fərqli psixolojik rahatlıq və əminlik verir ki, nəticədə mediasiya ərzində insanlarda daha əmin şəkildə iştirak etmək həvəsi müşahidə edilir. Könüllülük ikinci addımda, mediator seçimində ifadə olunur. Bir qayda olaraq, tərəflər özləri aralarındakı mübahisə üzrə mediasiyanı keçirəcək mediator seçimində azaddırlar. Tərəflər Mediasiya prosesinin tək mediator, ya da bir neçə mediator tərəfindən aparılacağını öz aralarında könüllü razılaşdırırlar. Könüllülük psinsipinin daha bir imkanı isə, məhkəmədən fərqli olaraq, mediasiya daxilində prosessual bir çox qaydanın tərəflərlə razılaşdırılması imkanıdır. Belə ifadə edə bilərik ki, tərəflər aralarındakı mübahisənin həll etmə və danışıqlarda riayət olunacaq qaydalarını özləri mediatorun köməkliyi ilə müəyyən edə bilirlər. Bildiyimiz kimi, məhkəmədə bu kimi prosessual qaydalar, əsasən, qanun və hakimin göstərişləri əsasında müəyyən edilir. Könüllülük prinsipinin həyatdakı daha bir qarşılığı mediasiyanın sonunda əldə edilən razılaşmanın, Barışıq Sazişinin icrası ilə əlaqədardır. Belə ki, Mediasiyada bağlanan Barışıq Sazişi bir qayda olaraq, könüllü şəkildə icra olunur, dövlətin aidiyyəti qurumlarının iştirakı tələb olunmur. Bununla bağlı kiçik bir statistikanı paylaşmaq istərdim ki, Bakı 15 saylı Mediasiya Təşkilatında 2022-ci ilin may ayından 2024-cü ilin oktyabr ayına kimi bağlanılmış (89 ailə, 32 kommersiya, 19 əmək, 24 digər mübahisələr üzrə olmaqla) toplam 164 sayda barışıq sazişlərinin cəmi 3 ədədi könüllü icra olunmamış, maraqlı tərəfin məhkəməyə müraciətindən sonra məcburi qaydada icra edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasında bu institutun yeni olmasına və bu səbəblə sosial qəbulediləbilirliyi istənilən səviyyədə olmamasına baxmayaraq, Mediasiya prinsiplərini iş rejimində tətbiq edən bir Mediasiya mərkəzində barışıq sazişlərinin icra nisbəti 98.17 % təşkil etmişdir. Sözsüz ki, qeyd olunan icra nisbətinin belə yüksək olmasının kökündə mediasiyadakı könüllülük prinsipinin təmin etdiyi imkan durur.
Mediatorun qərəzsizliyi və Neytrallığı. Mediatorun könüllü seçimin məntiqi nəticəsi olaraq, müzakirələrin gedişində hər iki tərəfə eyni şəraiti yaradan mediator tərəf tutmur və hər hansı tərəfin maraqlarını təmsil etmir. Mediator, hüquqşünas olsa belə, tərəflərlə vəkil və ya hüquq təmsilçisi münasibəti qurmur, onlara hüquqi dəstək göstərmir, hüquqi müzakirələr aparmır. Mediator müzakirələrdə mübahisəyə fərqli baxış bucağının yaranması,bu zəmində tərəflərin tələblərinin kökündə duran həqiqi maraqların üzə çıxarılması, mübahisənin həlli üçün təkliflərin ortaya çıxması və tərəflərin öz istəyinə uyğun variantlarda uzlaşmanın yaranması üçün xüsusi danışıqlar texnikalarını tətbiq edir. Bu zaman tərəflərin şəxsiyyəti, mübahisənin tarixi və qəlizlik səviyyəsi, motivlər nəzərə alınmaqla müəyyən strategiya üzrə addım atılır. Bütün proses boyunca, mediator mübahisənin necə həll olmasında maraq göstərmir və bu da tərəflərə öz ehtiyaclarını yenidən qiymətləndirməyə imkan verir. Prosesin başlanğıcında özünün bitərəfliyi barədə müvafiq məlumatları bəyan edərək prosesə başlayan mediator davamında davranışları ilə heç bir şübhəyə yer vermədən tərəflərdə yaranmış əminlik hissinin bütün proses boyu davamlılığına xüsusi səy göstərir. Təsadüfi deyil ki, Almaniya Mediasiya qanununa görə, mediatorlar qərar vermə səlahiyyəti olmayan, mediasiya prosesi boyunca tərəflərə bələdçilik edən müstəqil və tərəfsiz şəxslərdir. Bu baxımdan, qərar vermə səlahiyyəti olmayan neytral mediatorun tərəfləri qınamadan asanlaşdırıcı mediasiya danışıqlarını təşkil etməsi mübahisənin həlli istiqamətində atılmış ən önəmli addım sayıla bilər.
Gizlilik.
Mediasiyanın sonuncu fundamental prinsipi isə mediasiyanın gizliliyidir. Bununla bağlı tətbiqatda və ölkə qanunvericilikdə müəyyən fərqliliklər müşahidə edilsə də, ümumi orta yanaşma, mediasiyada tərəflərin açıqladığı məlumatların gizli saxlanılmasıdır. Konfidensiallıq tərəflərdə prosesə inam yaradır və prosesin hər hansı səbəbdən dayandırılması halında Mediasiya müzakirələrinə və orada səslənən bəyanlara görə hər hansı cavabdehlik daşınılmaması tərəflərdə mediasiyada daha produktiv iştiraka şərait yaradır. Bir sözlə, məxfilik tərəflərin mediasiyaya inamının yaradılması üçün əvəzsiz komponentdir. Mediatorun və tərəflərin konfidensiallıq prinsipinə ciddi riayət olunması üçün bir çox ölkə qanunvericiliyində bununla bağlı müvafiq tənzimləmələr aparılmışdır. Məsələn, Azərbaycan Respublikasında konfidensiallıqla bağlı qaydaların pozulmasına görə ‒ fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Habelə, mediasiya zamanı məlum olan məlumatlar barədə - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər şahid kimi dindirilə bilməzlər. Bu öhdəlik həm mediatora, mediasiya qurumunun işçilərinə, həm də prosesin iştirakçılara aiddir. İştirakçı dedikdə, mübahisənin tərəfləri ilə yanaşı, prosesə cəlb olunmuş üçüncü şəxslər, tərcüməçi, mütəxəssis, ekspertlər və digər şəxslər başa düşülür. Bir çox ölkə qanunvericiliyində də, məxfiliyə mediatorla yanaşı, Mediasiya prosesində iştirak edən hər kəsə şamil edildiyi müəyyən olunmuşdur. Daha bir önəmli məqam isə, məxfiliyin ehtiva etdiyi məlumatların dairəsi ilə əlaqədardır. Mediasiya başlandığı andan proses yekunlaşana kimi davam edən Mediasiya prosesində açıqlanan məlumatların məxfi olması “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci maddəsində açıq tənzimlənmişdir: mediasiya zamanı əldə olunan bütün məlumatların, o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s. konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur. Azərbaycan qanunvericiliyində təməl yanaşma, bütün məlumatların məxfi olmaqla yanaşı, müəyyən istisnaların da ola biləcəyidir: a) tərəflər arasında ayrı şərt müəyyən etdikləri hal, b) barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar, c) mediasiya zamanı ağır və xüsusilə ağır cinayət hadisələri haqqında əldə olunan məlumatların verilməsi halları, d) cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması vəzifəsinin məhkəmə qərarı ilə müəyyən edilməsi halı, e) ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olduğu hallar. Bu istisnaların qoyulma səbəbi birinci olaraq, ictimai qayda və imperativ hüquq norması ilə əlaqədardır. Bununla insanın fiziki və psixoloji toxunulmazlığına təhdidlər, cinayətin qarşısının alınması və uşaqların maraqlarının qorunmasının təmini hədəflənir. İkinci məqam isə, Mediasiya vasitəsilə barışıq sazişinin bağlanması və icrası ilə əlaqədardır. Mediasiya məxfiliyi dedikdə riayət olunası daha bir məqam isə, Mediasiya prosesində mediatora açıqlanan məlumatların müvafiq icazə olmadıqda digər tərəfə açıqlanmaması barədədir. Belə ki, Mediasiya prosesinin təkbətək görüşlər hissəsində tərəflər tələblərinin kökündə duran əsas maraqlarını və ehtiyaclarını mediatorla paylaşır, habelə mübahisənin həllində güzəştinin son limitini açıqlayırlar. Halbuki digər tərəfin də iştirak etdiyi birgə görüşlərdə həmin məlumatlar zəif görünməmək və ya daha çox mənfəət əldə etmək və ya qarşı tərəfdən daha çox güzəşt qoparmaq üçün bir qayda olaraq açıqlanmır. Əslində, mediasiyanın mahiyyətindəki əsas nöqtə və mübahisənin həllinə produktiv dəstəyi təmin edən əsas konfidensiallıq şərti budur. Belə ki, tərəflərin təklikdə açıqladığı bu məlumatlar mediatora müzakirələrdə dəyər yaratmağa və danışıqların daha səmərəli ssenari üzrə aparılmasına töhfə verir, peşəkar mediator ona açıqlanan bu məxfi məlumatlardan istifadə edərək maraqların uzlaşması məqsədilə istifadə edir. Hər təkbətək sessiya sonrasında mütləq şəkildə məxfi saxlanılmalı olan məlumatlar və qarşı tərəfə mütləq çatdırılmalı olan məlumatlar dəqiqləşdirilir. Bununla da, tərəflərdə də danışıqların onların iradəsi daxilində davam etməsi və sonra gəlinəcək razılığın rənginin necə olmasından asılı olmayaraq onların iradəsinin nəticəsi olduğu inamı tərəflərə şüuraltı aşılanır. Bu onların daha özünəinamlı şəkildə danışıqlarda iştirak etməsi və gələcəkdə barışıq sazişinin könüllü icrasına şərait yaradır.
Tərəflərin hüquq və bərabərliyi, əməkdaşlığı prinsipi.
Bu prinsip tərəflərə bütün mediasiya prosesi ərzində bütün vasitələrdən eyni səviyyədə yararlanma imkanı verir, bir sözlə, bütün imkanlara tərəflərin bərabər həcmdə əlçatımlığı var. Bu barəbərlik mediasiyanı mübahisənin həll yolu kimi seçməkdən tutmuş mediatorun və ya mediatorların müəyyən edilməsinə, mediasiya prosesinin qaydalarının və gündəliyinin razılaşdırılmasında, mediasiya vaxtının bəlirlənməsində xüsusilə nəzərə alınır. Mediasiya prosesinin iştirakçıları başlanmış mediasiya prosesində bu prinsip əsasında birlikdə müəyyən edilmiş gündəliyə uyğun hərəkət edərək mübahisəni həll etməyə və razılığa gəlməyə səy göstərirlər. Mediasiyanın bütün mərhələlərində “bərabər hüquqlu” oyunçu olaraq, hər bir tərəf maraqlarına uyğun şərtləri qəbul edir, razılaşmanın şərtlərini dəqiqləşdirir, bazarlıq edir və saziş layihəsinin məzmununun razılaşdırılmasını bu prinsip əsasında təmin edir. Hətta mediasiya prosesinin istənilən məqamında (könüllülük prinsipində izah edildiyi kimi) mediasiya prosesindən və ya mediatordan imtina etməkdə də bərabər hüquqlara malikdirlər.
Yekun olaraq, bu prinsip tərəflərə bu imkanı verir ki, hər iki tərəf anlayır ki, mediasiya prosesinin taleyi və mübahisənin gələcəyi öz əllərindədir, nəticədə mübahisənin barışıqla tam və ya qismən həll edilməsi, ya da ümumiyyətlə, həllsiz qalması yalnız özlərindən asılıdır, bütün bu proseslərin rəngindən asılı olmayaraq nəticəyönümlü istiqamətində son söz özlərinə aiddir.
Şahidi olduğumuz iş adamlarının bir əzmkarlığı xüsusi diqqət çəkir: Ticarət dünyası “anı” düzgün qiymətləndirərək “dəyər” yaradır və o “dəyər” biznesi bərəkətləndirir. Əslində, hüquqi problemlər və məhkəmə çəkişmələri iş adamlarının daxili enerjisini tükətir və o “anı” qiymətləndirmək şansı əllərindən gedir. Ədəbiyyatdan öyrənirik ki, iş dünyası “şübhəli sularda” üzmək istəmir, çünki pulunun, sərvətinin təminat altında olmasına diqqət yetirir. Hüquqi təhlükəsizlik də vacib elementdir. Bu baxımdan, biz Azərbaycan Pakistan mediatorları olaraq öz məhsulumuzu düzgün təqdim etsək, iş dünyası bunun faydalarından yararlanacaq, nəticədə mediasiya xidmətlərini düzgün satmış olacağıq. Bu isə, gələcəkdə iki ölkə arasında daha böyük layihələrin icrasına töhfə vermiş olacaq.
Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi istənilən səviyyədə olmasa da, son 1 ildə 2 dəfədən çox artmışdır. 2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2.238 idi, 2024-cü ilin əvvəlinə isə Azərbaycanda Pakistan kapitallı 3.706 şirkət qeydiyyatdan keçib, onlardan 3.304-ü aktiv fəaliyyət göstərir. Mediada qarşıma çıxdı, 2022-ci il yanvar-may aylarında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 12 milyon 889 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 2,7 dəfə çoxdur. 2023-cü ildə isə, Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsi 27 milyon dollar təşkil edib. Bu da göstərir ki, ölkələr arasında ticarət artan trendlə yüksəlir.
Habelə, Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar həyata keçirilir. Bu isə yaxın gələcəkdə turizm əlaqələrinin inkişafına xüsusi töhfəsini verəcəyi şübhəsizdir. Cənab Sanaullah Amanın dəvətinə qarşılıq verib ən yazın uyğun zamanda Pakistana gələcəyəm)
Digər tərəfdən, hər iki dövlətin gündəlik həyatında həm islam ənənələri, həm də müasir elm-texnologiya nailiyyətlərinin real həyatda tətbiq imkanları iki dövlətin pratik hüquqşünasları və mediatorları üçün də xüsusi imkanlar yaradır.
Sonda bir məqamı da qeyd edim, mediasiya barədə Azərbaycan qanunvericliyinin təmin etdiyi bir üstünlükdən danışmaq istəyirəm. Bu xüsusən, Sinqapur konvensiyasına qoşulmamış ölkələr üçün maraqlı ola bilər. Azərbaycan qanunvericiliyinə əsasən, əgər mediasiyada bağlanılmış barışıq sazişi razılaşdırılmış müddətdə icra edilmirsə, həmin barışıq sazişi maraqlı tərəfin ərizəsi əsasında 10 gün ərzində məhkəmə tərəfindən əlavə araşdırma aparılmadan təsdiq edilir və məcburi icraya yönləndirilir. Bu o imkanı verir ki, adi qaydada və ya notarial qaydada müqavilə bağlanılıb, sonra da icra olunmayanda ənənəvi olaraq məhkəməyə mürqaciət edilir, məhkəmə işin hallarını və s. araşdırır və sonda qiymət verir. Bu isə, Azərbaycanda birinci instansiya 4 ay, ikinci və son instansiyanı da nəzərə aldıqda, ən azı bir il deməkdir. Halbuki mediasiyadakı barışıq sazişi 10 gün kimi qısa müddətdə təsdiq olunur və məhkəmə qətnaməsi çıxarılır. Bu baxımdan, beynəlxalq biznes sövdələşmələrində Azərbaycan mediasiya təşkilatlarının xidmətlərindən istifadə etməklə belə bir qanuni imkandan yararlanmaq şansı əldə etmək olar. Bu da, uzun məhkəmə prosesləri və iddia sübut məşəqqətindən azad olmaq demək olacaqdır.
Əvvəldə dediyim sözü, indi yenidən sonra təkrarlayıram: MAH hazırki zəmanənin tələbidir. MAH-ın tətbiqi artıq tarixi zərurətdir.
27 Noyabr 2024