Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası
Birləşmiş Millətlər Təşkilatının Mediasiya nəticəsində əldə olunmuş Beynəlxalq Barışıq Sazişləri haqqında Konvensiyası
(qeyri-rəsmi tərcümə)
Mündəricat
Baş Assambleya Qərarı 73/198.
Mediasiya nəticəsində əldə olunmuş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiyası
Maddə 1. Tətbiq dairəsi
Maddə 2. Anlayışlar.
Maddə 3. Ümumi prinsiplər.
Maddə 4. Barışıq sazişlərinə istinad üçün tələblər.
Maddə 5. Hüquqi təminatın göstərilməsindən imtina üçün əsaslar.
Maddə 6. Qarşılıqlı müraciətlər və ya iddialar.
Maddə 7. Digər qanunlar və ya müqavilələr.
Maddə 8. Qeyd-şərtlər.
Maddə 9. Barışıq sazişlərinə təsiri
Maddə 10. Depozitari
Maddə 11. İmzalanma, ratifikasiya, qəbul, təsdiq və qoşulma.
Maddə 12. Regional iqtisadi inteqrasiya təşkilatlarının iştirak etməsi
Maddə 13. Vahid olmayan hüquq sistemləri
Maddə 14. Qüvvəyə minmə.
Maddə 15. Dəyişiklik.
Maddə 16. Denonsasiya (Konvensiyadan çıxma)
20 dekabr 2018-ci il tarixində Baş Assambleya tərəfindən qəbul edilmiş Qərar
[Altıncı Komitənin hesabatı əsasında (A/73/496)]
73/198. Birləşmiş Millətlər Təşkilatının Mediasiya nəticəsində əldə olunmuş Beynəlxalq Barışıq Sazişləri haqqında Konvensiyası
Baş Assambleya,
17 dekabr 1966-cı il tarixli 2205 (XXI) saylı qərarını rəhbər tutaraq, həmin qərar ilə beynəlxalq ticarət hüququnun mərhələli şəkildə uyğunlaşdırılması və unifikasiyasını təşviq etmək səlahiyyəti olan Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) yaradıldığını və bu baxımdan beynəlxalq ticarətin geniş şəkildə inkişafında bütün xalqların, xüsusilə inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınmalı olduğunu qeyd edərək,
19 noyabr 2002-ci il tarixli 57/18 saylı qərarını də rəhbər tutaraq, həmin qərarda Komissiya tərəfindən “Beynəlxalq Kommersiya Konsilasiyası haqqında Model Qanun”un qəbulunu qeyd etmiş və bu Model Qanunun, 4 dekabr 1980-ci il tarixli 35/52 saylı qərarda tövsiyə olunan Komissiyanın Konsiliasiya Qaydaları ilə birlikdə, beynəlxalq kommersiya münasibətlərində yaranan mübahisələrin ədalətli və səmərəli həllinə yönəlmiş uyğunlaşdırılmış hüquqi çərçivənin formalaşmasına əhəmiyyətli dərəcədə töhfə verdiyini qeyd edərək,
Beynəlxalq kommersiya münasibətləri çərçivəsində yaranan mübahisələrin qarşılıqlı razılıqla həlli üsulu kimi mediasiyanın dəyərini etiraf edərək,
Mediasiya nəticəsində əldə olunmuş beynəlxalq barışıq sazişləri üzrə Konvensiyanın müxtəlif hüquqi, sosial və iqtisadi sistemlərə malik dövlətlər tərəfindən qəbul edilə biləcək bir sənəd formasında qəbul edilməsinin mövcud beynəlxalq mediasiya hüquqi çərçivəsini tamamlayacağına və harmonik beynəlxalq iqtisadi münasibətlərin inkişafına töhfə verəcəyinə inanaraq,
Maraqlı dövlətlərin bu sənədlərdən hər hansı birini qəbul edəcəyi ilə bağlı hər hansı bir gözlənti yaratmadan, Komissiyanın mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişlərinə dair Konvensiya və eyni zamanda “Beynəlxalq Kommersiya Konsiliasiyası haqqında Model Qanun”a dəyişiklik layihəsini hazırlamaq qərarını müxtəlif yurisdiksiyalarda mediasiya ilə bağlı fərqli təcrübə səviyyələrini uyğunlaşdırmaq və mediasiya nəticəsində əldə edilən beynəlxalq barışıq sazişlərinin dövlətlərarası icrasına dair vahid standartlar təqdim etmək məqsədilə qəbul etdiyini qeyd edərək,
Konvensiya layihəsinin hazırlanmasının lazımi müzakirələrin mövzusu olduğunu və Konvensiya layihəsinin hökumətlər, həmçinin hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə keçirilən məsləhətləşmələrdən faydalandığını məmnuniyyətlə qeyd edərək,
Komissiyanın özünün əlli birinci sessiyasında Konvensiya layihəsini Baş Assambleyaya baxılmaq üçün təqdim etmək qərarını nəzərə alaraq,
Komissiya tərəfindən təsdiq edilmiş Konvensiya layihəsini məmnunluqla qeyd edərək,
Sinqapur Hökümətinə Konvensiyanın imzalanma mərasiminə Sinqapurda ev sahibliyi etmək təklifinə görə minnətdarlığını bildirərək,
- Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişlərinə dair mərasiminin Konvensiya layihəsini hazırladığına görə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasını təqdir edir;
- Hazırkı qərarın əlavəsində ehtiva olunan “Mediasiya nəticəsində əldə olunmuş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”nı qəbul edir;
- Konvensiyanın imzalanması üçün açılış 7 avqust 2019-cu il tarixində Sinqapurda keçirilməsini təsdiq edir və Konvensiyanın “Mediasiya üzrə Sinqapur Konvensiyası” kimi tanınmasını tövsiyə edir;
- Beynəlxalq mübahisələrin həlli üzrə hüquqi çərçivəni gücləndirməyi arzu edən hökumətləri və regional iqtisadi inteqrasiya təşkilatlarını Konvensiyaya tərəf olmağı nəzərdən keçirməyə çağırır.
62-ci plenar iclas
20 dekabr 2018-ci il.
Mediasiya nəticəsində əldə olunmuş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiyası
Preambula
Bu Konvensiyanın Tərəfləri,
Tərəflər arasında yaranmış kommersiya mübahisələrinin qarşılıqlı razılıqla həlli məqsədilə onların üçüncü bir şəxs və ya şəxslərdən yardım istədiyi mediasiya üsulunun beynəlxalq ticarət üçün əhəmiyyətini etiraf edərək,
Mediasiyanın həm beynəlxalq, həm də daxili kommersiya təcrübəsində məhkəmə çəkişməsinə alternativ bir mexanizm kimi artan şəkildə istifadə olunduğunu nəzərə alaraq,
Mediasiyadan istifadənin əhəmiyyətli faydalar verdiyini, o cümlədən mübahisələrin kommersiya münasibətlərinin pozulması ilə nəticələnmə hallarını azaltdığını, kommersiya tərəfləri tərəfindən beynəlxalq əməliyyatların idarə olunmasını asanlaşdırdığını və dövlətlərin ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində sərf etdiyi resurslara qənaət etdiyini nəzərə alaraq,
Fərqli hüquqi, sosial və iqtisadi sistemlərə malik dövlətlər üçün qəbul edilə bilən mediasiya nəticəsində əldə olunmuş beynəlxalq barışıq sazişlərinə dair hüquqi çərçivənin yaradılmasının harmonik beynəlxalq iqtisadi münasibətlərin inkişafına töhfə verəcəyinə əmin olaraq,
Aşağıdakıları razılaşdırmışlar:
Maddə 1. Tətbiq dairəsi
- Bu Konvensiya mediasiya nəticəsində əldə olunmuş və tərəflər tərəfindən yazılı formada bağlanmış, kommersiya xarakterli mübahisənin həllinə yönələn sazişə (“barışıq sazişi”) şamil olunur, hansı ki, həmin sazişin bağlandığı vaxtda aşağıdakı hallarda beynəlxalq xarakter daşıdığı qəbul edilir:
(a) Barışıq sazişinin ən azı iki tərəfi müxtəlif dövlətlərdə yerləşən fəaliyyət ünvanı malik olduqda; və ya
(b) Barışıq sazişinin tərəflərinin fəaliyyət ünvanının yerləşdiyi dövlət fərqlidir:
(i) Barışıq sazişi üzrə öhdəliklərin əhəmiyyətli hissəsinin yerinə yetirildiyi dövlətdən; və ya
(ii) Barışıq sazişinin predmeti ilə sıx əlaqəsi olan dövlətdən.
- Bu Konvensiya aşağıdakı barışıq sazişlərinə şamil edilmir:
(a) Tərəflərdən birinin (istehlakçının) şəxsi, ailə və ya məişət məqsədləri üçün həyata keçirdiyi əməliyyatlardan irəli gələn mübahisənin həlli məqsədilə bağlanmış sazişlərə;
(b) Ailə, vərəsəlik və ya əmək hüququ ilə əlaqəli mübahisələrə dair sazişlərə.
- Bu Konvensiya həmçinin aşağıdakı hallara şamil edilmir:
(a) Barışıq sazişləri:
(i) Məhkəmə tərəfindən təsdiq olunmuş və ya məhkəmə icraatı çərçivəsində bağlanmış; və
(ii) Həmin məhkəmənin yerləşdiyi dövlətdə məhkəmə qərarı kimi icra edilə bilən barışıq sazişləri;
(b) Qeydiyyata alınmış və arbitraj qərarı kimi icra edilə bilən barışıq sazişləri.
Maddə 2. Anlayışlar
- 1-ci maddənin 1-ci bəndinin məqsədləri üçün:
(a) Əgər tərəfin bir neçə fəaliyyət ünvanı varsa, barışıq sazişi ilə həll olunan mübahisə ilə ən sıx əlaqədə olan, tərəflərə məlum olan və ya barışıq sazişinin bağlanması zamanı nəzərdə tutulan hallar nəzərə alınmaqla həmin ünvan əlaqəli fəaliyyət ünvanı hesab edilir;
(b) Əgər tərəfin fəaliyyət ünvanı yoxdursa, onun daimi yaşayış (olduğu) yeri əsas götürülür.
- Barışıq sazişi əgər onun məzmunu istənilən digər formada qeydə alınıbsa “yazılı formada” hesab edilir, Barışıq sazişinin yazılı forma tələbi, əgər məlumat sonradan istinad etmək üçün əlçatan və istifadə edilə bilən formada elektron kommunikasiya vasitəsilə ötürülürsə, yerinə yetirilmiş sayılır.
- “Mediasiya” - istifadə olunan ifadədən və ya prosesin həyata keçirildiyi əsasdan asılı olmayaraq, tərəflərin mübahisəni tərəflərə məcburi həll təqdim etmək səlahiyyətinə malik olmayan üçüncü şəxs və ya şəxslərin (“mediator”) iştirakı ilə qarşılıqlı razılıqla həll etməyə çalışdıqları bir prosesdir.
Maddə 3. Ümumi prinsiplər
- Konvensiyanın hər bir Tərəfi barışıq sazişlərini onun prosessual qaydalarına və bu Konvensiyada nəzərdə tutulmuş şərtlərə uyğun olaraq icra edir.
- Əgər bir tərəfin iddia etdiyi kimi artıq barışıq sazişi ilə həll olunmuş məsələyə dair bir mübahisə yaranarsa, Konvensiya Tərəfi həmin məsələnin artıq həll olunduğunu sübut etmək məqsədilə öz prosessual qaydalarına və bu Konvensiyada nəzərdə tutulmuş şərtlərə uyğun olaraq barışıq sazişinə istinad edilməsinə icazə verməlidir.
Maddə 4. Barışıq sazişlərinə istinad üçün tələblər
- Bu Konvensiyaya əsasən barışıq sazişinə istinad edən tərəf, hüquqi təminat tələb etdiyi Konvensiya Tərəfinin səlahiyyətli orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
(a) Tərəflər tərəfindən imzalanmış barışıq sazişi;
(b) Barışıq sazişinin mediasiya nəticəsində əldə olunduğunu sübut edən sənəd, məsələn:
(i) Barışıq sazişində mediatorun imzası;
(ii) Mediasiyanın həyata keçirildiyini göstərən mediator tərəfindən imzalanmış sənəd;
(iii) Mediasiyanı həyata keçirən qurum tərəfindən verilmiş təsdiqedici sənəd;
(iv) (i), (ii) və (iii) olmadıqda, səlahiyyətli orqan tərəfindən qəbul edilə bilən digər sübut.
- Barışıq sazişinin tərəflər və ya, tətbiq olunduğu hallarda, mediator tərəfindən imzalanması tələbi elektron kommunikasiya vasitəsilə aşağıdakı hallarda yerinə yetirilmiş hesab olunur:
(a) Tərəflərin və ya mediatorların şəxsiyyətini müəyyən edən və ya elektron kommunikasiya vasitəsindəki məlumatlara dair tərəflərin və ya mediatorun niyyətini ifadə edən üsuldan istifadə edilmişdirsə; və
(b) İstifadə olunan üsul:
(i) Bütün halları, o cümlədən tərəflər arasında mövcud olan razılaşmanı nəzərə almaqla, elektron kommunikasiya vasitəsinin yaradılması və ya göndərilməsi məqsədi üçün kifayət qədər etibarlıdırsa; və ya
(ii) Bu üsul (a) bəndində qeyd olunan funksiyaları faktiki olaraq yerinə yetirdiyini, öz-özlüyündə və ya əlavə sübutlarla birlikdə təsdiq edə bilirsə.
- Əgər barışıq sazişi hüquqi təminatın tələb olunduğu Konvensiyaya Tərəf olan dövlətin rəsmi dilində deyilsə, səlahiyyətli orqan həmin sazişin rəsmi dilə tərcüməsini təqdim etməyi tələb edə bilər.
- Səlahiyyətli orqan, Konvensiyanın tələblərinə əməl olunub-olunmadığını yoxlamaq üçün zəruri hesab etdiyi istənilən sənədi tələb edə bilər.
- Hüquqi təminat üçün edilən müraciətə baxarkən səlahiyyətli orqan operativ şəkildə hərəkət etməlidir.
Maddə 5. Hüquqi təminatın göstərilməsindən imtina üçün əsaslar
- Bu Konvensiyanın 4-cü maddəsinə əsasən hüquqi təminatın tələb olunduğu Tərəfin səlahiyyətli orqanı, yalnız qarşı tərəfin tələbi əsasında və bu tərəfin aşağıdakı halları sübut etməsi şərtilə hüquqi təminat göstərməkdən imtina edə bilər:
(a) Barışıq sazişinin tərəfi hüquqi fəaliyyət qabiliyyətinə malik olmamışdır;
(b) İstinad edilən barışıq sazişi:
- (i) Tərəflərin qanuni şəkildə tətbiq etdikləri və ya belə bir göstərişin olmadığı halda, 4-cü maddəyə əsasən hüquqi təminat tələb olunan Konvensiya Tərəfinin səlahiyyətli orqanı tərəfindən tətbiq edilə bilən hüquq üzrə etibarsız, qüvvədən düşmüş və ya icrası mümkün olmayan hesab olunursa;
- (ii) Şərtlərinə görə məcburi və ya yekun xarakterli deyilsə;
- (iii) Sonradan dəyişdirilmişdirsə;
(c) Barışıq sazişindəki öhdəliklər:
- (i) Yerinə yetirilmişdirsə; və ya
- (ii) Aydın və ya başa düşülən deyilsə;
(d) Hüquqi təminatın verilməsi barışıq sazişinin şərtlərinə ziddirsə;
(e) Mediator və ya mediasiyaya tətbiq olunan standartların mediator tərəfindən ciddi şəkildə pozulması halı nəticəsində barışııq sazişi bağlanmışdırsa;
(f) Mediatonun qərəzsizliyi və ya müstəqilliyi ilə bağlı əsaslı şübhələr doğuran hallar barədə tərəflərə məlumat verilmədikdə və bu məlumatın verilməməsi tərəfə ciddi təsir göstərmiş və ya onu həddindən artıq təsir altına salmışsa və belə məlumat verilsəydi, həmin tərəf barışıq sazişini imzalamazsa.;
- Bu Konvensiyanın 4-cü maddəsinə əsasən hüquqi təminatın tələb olunduğu Tərəfin səlahiyyətli orqanı, həmçinin aşağıdakı hallarda hüquqi təminat verməkdən imtina edə bilər:
(a) Hüquqi təminatın göstərilməsi həmin Tərəfin ictimai qaydalarına (public policy) ziddirsə; və ya
(b) Mübahisənin predmeti həmin Tərəfin qanunvericiliyinə əsasən mediasiya yolu ilə həll edilməsi bilinməzsə.
Maddə 6. Qarşılıqlı müraciətlər və ya iddialar
Əgər barışıq sazişi ilə bağlı bir ərizə və ya iddia artıq məhkəməyə, arbitraj tribunalına və ya hüquqi təminatın Konvensiyanın 4-cü maddəsi üzrə verilməsinə təsir edə biləcək hər hansı digər səlahiyyətli orqana təqdim edilibsə, hüquqi təminatın tələb olunduğu Konvensiya Tərəfinin səlahiyyətli orqanı, əgər məqsədəuyğun hesab edərsə qərarın qəbulunu təxirə sala bilər və tərəflərdən birinin müraciəti əsasında digər tərəfə müvafiq təminat verməyi əmr edə bilər.
Maddə 7. Digər qanunlar və ya müqavilələr
Bu Konvensiya, barışıq sazişindən istifadə etmək hüququ olan maraqlı tərəfi, həmin barışıq sazişindən, Konvensiyaya Tərəf Dövlətin daxili qanunvericiliyinə və ya tətbiq olunan beynəlxalq müqavilələrə əsasən icazə verilən formada və həcmdə istifadə etmək hüququndan məhrum etmir.
Maddə 8. Qeyd-şərtlər
- Konvensiyaya Tərəf olan Dövlət bəyan edə bilər:
(a) Bu Konvensiyanı yalnız özünün, dövlət orqanlarının və ya dövlət orqanları adından çıxış edən şəxslərin tərəf olduğu barışıq sazişlərinə bəyanatda göstərilən həcmdən artıq tətbiq etməyəcək;
(b) Bu Konvensiyanı yalnız barışıq sazişinin tərəfləri onun tətbiqinə razılıq verdikdə tətbiq edəcək;
- Bu maddədə açıq şəkildə nəzərdə tutulmuş hallar istisna olmaqla, heç bir digər qeyd-şərtə icazə verilmir.
- Konvensiyaya Tərəf olan Dövlət istənilən vaxt qeyd-şərt edə bilər. İmzalanma zamanı verilmiş qeyd-şərtlər ratifikasiya, qəbul və ya təsdiqlə təsdiq olunmalıdır. Belə qeyd-şərtlər həmin Tərəf üçün Konvensiyanın qüvvəyə minməsi ilə eyni vaxtda qüvvəyə minir. Ratifikasiya, qəbul, təsdiq və ya qoşulma zamanı, həmçinin 13-cü maddəyə əsasən bəyanat verildiyi zaman edilən qeyd-şərtlər də Konvensiyanın həmin Tərəf üzrə qüvvəyə mindiyi tarixdə qüvvəyə minir. Konvensiyanın həmin Tərəf üçün qüvvəyə mindiyi tarixdən sonra təqdim edilən hər hansı bir qeyd-şərt depozit tarixindən altı ay sonra qüvvəyə minir.
- Qeyd-şərtlər və onların təsdiqləri depozitariyə (sənədlərin təsdiqindən məsul orqan) təqdim edilir.
- Hər hansı bir Konvensiya Tərəfi istənilən vaxt verdiyi qeyd-şərtdən imtina edə bilər. Belə imtinalar da depozitariyə təqdim edilir və depozit tarixindən altı ay sonra qüvvəyə minir.
Maddə 9. Barışıq sazişlərinə təsiri
Bu Konvensiya və onunla bağlı verilmiş qeyd-şərtlər və ya qeyd-şərtdən imtina yalnız Konvensiyanın, qeyd-şərtin və ya qeyd-şərtdən imtinanın Konvensiya Tərəfi üçün qüvvəyə mindiyi tarixdən sonra bağlanmış barışıq sazişlərinə tətbiq edilir.
Maddə 10. Depozitari
Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın depozitari kimi müəyyən edilir.
Maddə 11. İmzalanma, ratifikasiya, qəbul, təsdiq və qoşulma
1. Bu Konvensiya 7 avqust 2019-cu ildə Sinqapurda və sonra Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı Baş Qərargahında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.
2. Bu Konvensiya onu imzalayanlar tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilməlidir.
3. Bu Konvensiya imzalanmaq üçün açıq olduğu tarixdən onu imzalamamış bütün dövlətlərin qoşulması üçün açıqdır.
4. Ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədləri depozitariyə verilməlidir.
Maddə 12. Regional iqtisadi inteqrasiya təşkilatlarının iştirak etməsi
- Suveren dövlətlərdən ibarət olan və bu Konvensiyanın əhatə etdiyi müəyyən məsələlər üzrə səlahiyyətə malik olan regional iqtisadi inteqrasiya təşkilatı da bu Konvensiyanı imzalaya, ratifikasiya edə, qəbul və ya təsdiq edə və ya ona qoşula bilər. Belə hallarda, regional iqtisadi inteqrasiya təşkilatı bu Konvensiyada nəzərdə tutulan müvafiq səlahiyyətlər çərçivəsində Konvensiyanın Tərəfi kimi hüquq və öhdəliklərə malik olur. Əgər bu Konvensiyada tərəf dövlətlərin sayı önəm daşıyırsa, regional iqtisadi inteqrasiya təşkilatı, ona üzv olan və artıq bu Konvensiyanın tərəfi olan dövlətlərə əlavə olaraq Konvensiyanın ayrıca Tərəfi kimi sayılmır.
- Regional iqtisadi inteqrasiya təşkilatı imzalama, ratifikasiya, qəbul, təsdiq və ya qoşulma zamanı, üzv dövlətləri tərəfindən bu təşkilata ötürülmüş səlahiyyətləri dəqiq şəkildə göstərən bir bəyanatı depozitariyə təqdim etməlidir. Təşkilat bu bənd üzrə bəyanatda göstərilən səlahiyyət bölgüsündə edilən istənilən dəyişikliyi, o cümlədən yeni səlahiyyət ötürülmələrini təxirəsalınmadan depozitariyə bildirməlidir.
- Bu Konvensiyada “Konvensiyaya Tərəf”, “Konvensiyaya Tərəflər”, “Dövlət” və ya “Dövlətlər” ifadələri kontekstdən asılı olaraq regional iqtisadi inteqrasiya təşkilatına eyni dərəcədə tətbiq olunur.
- Bu Konvensiya regional iqtisadi inteqrasiya təşkilatının ziddiyyət təşkil edən qaydalarına üstünlük vermir, istər bu qaydalar Konvensiyadan əvvəl, istərsə də sonra qəbul edilib və ya qüvvəyə minmiş olsun:
(a) Əgər 4-cü maddəyə əsasən hüquqi yardım bu təşkilata üzv olan bir dövlətdən tələb olunursa və 1-ci maddənin 1-ci bəndinə uyğun olaraq bütün müvafiq dövlətlər həmin təşkilatın üzvüdürsə; və ya
(b) Həmin təşkilatın üzv dövlətləri arasında qərarların tanınması və ya icrası ilə bağlı məsələlərə münasibətdə.
Maddə 13. Vahid olmayan hüquq sistemləri
- Əgər Konvensiyaya Tərəf olan bir dövlətin iki və ya daha çox ərazi vahidində bu Konvensiyanın əhatə etdiyi məsələlərə dair fərqli hüquq sistemləri tətbiq olunursa, həmin dövlət imzalanma, ratifikasiya, qəbul, təsdiq və ya qoşulma zamanı bəyan edə bilər ki, bu Konvensiya ya onun bütün ərazi vahidlərinə, ya da yalnız bir və ya bir neçəsinə şamil ediləcəkdir. Həmin dövlət istənilən vaxt yeni bəyanat təqdim etməklə əvvəlki bəyanatını dəyişə bilər.
- Bu bəyanatlar depozitariyə bildirilir və Konvensiyanın hansı ərazi vahidlərinə şamil olunduğu açıq şəkildə göstərilməlidir.
- Əgər Konvensiyaya Tərəf olan bir dövlətin iki və ya daha çox ərazi vahidində bu Konvensiyanın əhatə etdiyi məsələlərə dair fərqli hüquq sistemləri tətbiq olunursa, o zaman:
(a) Dövlətin hüququna və ya prosessual qaydasına istinadlar, uyğun olduqda, həmin məsələyə dair müvafiq ərazi vahidində qüvvədə olan hüquqa və ya prosessual qaydaya istinad kimi şərh olunmalıdır;
(b) Dövlətdəki fəaliyyət ünvanı ilə bağlı istinadlar, uyğun olduqda, müvafiq ərazi vahidində yerləşən fəaliyyət ünvanına istinad kimi şərh olunmalıdır;
(c) Dövlətin səlahiyyətli orqanına dair istinadlar, uyğun olduqda, müvafiq ərazi vahidindəki səlahiyyətli orqana istinad kimi şərh olunmalıdır.
- Əgər Konvensiyanın Tərəfi olan dövlət bu maddənin 1-ci bəndinə uyğun olaraq bəyanat verməzsə, Konvensiya həmin dövlətin bütün ərazi vahidlərinə şamil olunur.
Maddə 14. Qüvvəyə minmə
- Bu Konvensiya bu üç - ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədlərinin depozitə verilməsindən altı ay sonra qüvvəyə minir.
- Əgər bir dövlət bu Konvensiyanı bu üç - ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədinin təqdim edilməsindən sonra ratifikasiya edərsə, qəbul edərsə, təsdiq edərsə və ya qoşularsa, bu Konvensiya həmin dövlət üzrə, onun ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədinin təqdim edildiyi tarixdən altı ay sonra qüvvəyə minir. Konvensiya, 13-cü maddəyə uyğun olaraq ona şamil edilən bir ərazi vahidi üçün isə, həmin maddəyə əsaslanan bəyanatla bağlı bildirişin təqdim edilməsindən altı ay sonra qüvvəyə minir.
Maddə 15. Dəyişiklik
- Konvensiyaya Tərəf olan istənilən dövlət, Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim etməklə bu Konvensiyaya dəyişiklik təklif edə bilər. Baş katib, təklif olunan dəyişiklikləri Konvensiyaya Tərəflərə çatdırmalı və onlardan bu məqsədlə Konvensiyaya Tərəflərin konfransının çağırılmasına tərəfdar olub-olmadıqlarını bildirmələrini xahiş etməlidir. Əgər bu bildiriş tarixindən dörd ay ərzində Konvensiyaya Tərəflərin azı üçdə biri belə bir konfransın keçirilməsini dəstəkləyərsə, Baş katib BMT-nin himayəsi altında konfrans çağırır.
- Konvensiyaya Tərəflərin konfransı, hər bir dəyişiklik üzrə konsensusa nail olmaq üçün bütün səyləri göstərməlidir. Əgər konsensusa nail olunması mümkün olmazsa və bütün cəhdlər nəticəsiz qalarsa, dəyişiklik yalnız son çarə olaraq, səs verən Tərəflərin üçdə iki çoxluğu ilə qəbul edilə bilər.
- Qəbul edilmiş dəyişiklik depozitari (Baş katib) tərəfindən bütün Konvensiyaya Tərəflərə ratifikasiya, qəbul və ya təsdiq üçün təqdim olunur.
- Qəbul olunmuş dəyişiklik, bu üç - ratifikasiya, qəbul və ya təsdiq sənədinin təqdim edilməsindən altı ay sonra qüvvəyə minir. Dəyişiklik qüvvəyə mindikdən sonra, yalnız onunla bağlı öhdəlik götürmüş Tərəflər üçün məcburi qüvvəyə malik olur.
- Əgər Konvensiyaya Tərəf olan Dövlət bu üç sənədin təqdimindən sonra həmin dəyişiklik üzrə ratifikasiya, qəbul və ya təsdiq edərsə, bu dəyişiklik həmin Tərəf üçün onun ratifikasiya, qəbul və ya təsdiq sənədinin depozit tarixindən altı ay sonra qüvvəyə minir.
Maddə 16. Denonsasiya (Konvensiyadan çıxma)
- Konvensiyaya Tərəf olan hər hansı bir dövlət depozitariyə ünvanlanmış rəsmi yazılı bildiriş vasitəsilə bu Konvensiyanı denonsasiya edə (Konvensiyadan çıxa) bilər. Denonsasiya, vahid olmayan hüquq sistemi olan bu Konvensiyanın tətbiq olunduğu müəyyən ərazi vahidləri ilə məhdudlaşdırıla bilər.
- Denonsasiya depozitari tərəfindən bildirişin alındığı tarixdən 12 ay sonra qüvvəyə minir. Əgər bildirişdə daha uzun bir müddətin tətbiqi nəzərdə tutulmuşdursa, o zaman denonsasiya həmin daha uzun müddət başa çatdıqdan sonra qüvvəyə minir. Konvensiya, denonsasiya qüvvəyə minməzdən əvvəl bağlanmış barışıq sazişlərinə tətbiq olunmağa davam edir.
Ərəb, Çin, İngilis, Fransız, Rus və İspan dillərində eyni dərəcədə autentik olan bir nüsxədə tərtib edildi.
Tərcümə etdi: hüquqşünas Əsməgül Kamilova
28 İyul 2025


