Mübahisələrin Məsafədən Həlli üzrə UNCITRAL Texniki Qeydləri
(qeyri-rəsmi ̉tərcümə, tərcümə etdi hüquqşünas Əsməgül Kamilova)
Baş Assambleya tərəfindən 13 dekabr 2016-cı ildə qəbul edilmiş Qərar
[Altıncı Komitənin hesabatı əsasında (A/71/507)]
71/138. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydləri
Baş Assambleya,
17 dekabr 1966-cı il tarixli 2205 (XXI) saylı qərarını yada salaraq, həmin qərar ilə Beynəlxalq Ticarət Hüququ üzrə Birləşmiş Millətlər Təşkilatının Komissiyasının yaradıldığını və ona beynəlxalq ticarət hüququnun mərhələli şəkildə uyğunlaşdırılması və unifikasiyasını daha da inkişaf etdirmək mandatının verildiyini, bu kontekstdə isə bütün xalqların, xüsusilə də inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağın vacibliyini vurğulayaraq,
Sərhədlərarası məsafədən əməliyyatların kəskin artmasının, bu əməliyyatlardan irəli gələn mübahisələrin həlli üçün mexanizmlərə ehtiyac yaratdığını, və belə mexanizmlərdən birinin də mübahisələrin məsafədən həlli olduğunu qəbul edərək,
Mübahisələrin məsafədən həllinin tərəflərə görüş və ya dinləmədə fiziki iştirak zərurəti olmadan, sadə, sürətli, çevik və təhlükəsiz şəkildə mübahisəni həll etməyə kömək edə biləcəyini nəzərə alaraq,
Mübahisələrin məsafədən həllinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sərhədlərarası kommersiya əməliyyatlarını həyata keçirən alıcılar və satıcılar üçün mübahisələrin həllinə çıxış baxımından mühüm imkanlar yaratdığını nəzərə alaraq,
Komissiyanın 2010-cu ildə keçirilmiş 43-cü sessiyasında bu sahədə iş aparmaq üçün işçi qrupunun yaradılması barədə razılığa gəldiyini, və Komissiyanın 2015-ci ildə keçirilmiş 48-ci sessiyasında həmin işin mübahisələrin məsafədən həlli prosesinin elementlərini əks etdirən tövsiyə xarakterli, təsviri bir sənəd formasında aparılması barədə qərar qəbul etdiyini yada salaraq,
Texniki Qeydlərin məcburi qüvvəyə malik olmadığını, təsviri xarakter daşıdığını və qərəzsizlik, müstəqillik, səmərəlilik, effektivlik, qanunçuluq, ədalətlilik, hesabatlılıq və şəffaflıq prinsiplərini əks etdirdiyini nəzərə alaraq,
Texniki Qeydlərin elektron rabitə vasitəsilə bağlanmış, sərhədlərarası aşağı dəyərli satış və ya xidmət müqavilələrindən irəli gələn mübahisələrin həllini mümkün edən sistemlərin inkişafına mühüm töhfə verəcəyini nəzərə alaraq,
Texniki Qeydlərin bütün dövlətlərə, xüsusilə inkişaf etməkdə olan ölkələrə və iqtisadiyyatları keçid mərhələsində olan dövlətlərə, mübahisələrin məsafədən həlli administratorlarına, mübahisələrin məsafədən həlli platformalarına, bitərəf şəxslərə və mübahisələrin məsafədən həlli prosesinin iştirakçılarına mübahisələrin məsafədən həlli sistemlərinin hazırlanmasında və istifadəsində əhəmiyyətli dərəcədə kömək göstərəcəyinə əmin olaraq,
Bütün dövlətlər və maraqlı beynəlxalq təşkilatların Komissiyanın 44-cü sessiyasından 49-cu sessiyasınadək Texniki Qeydlərin layihə mətninin bütün dövlətlərə, həmçinin Komissiyanın iclaslarına müşahidəçi qismində dəvət olunan beynəlxalq təşkilatlara şərh üçün göndərilməsi yolu ilə, Texniki Qeydlərin hazırlanmasında iştirak etməyə, üzv və ya müşahidəçi qismində qatılmağa dəvət edildiyini minnətdarlıqla qeyd edərək
Texniki Qeydlərin hazırlanmasının Komissiyada lazımi müzakirələrin mövzusu olduğunu və layihə mətninin hökumətlərlə, maraqlı hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatları ilə aparılmış məsləhətləşmələrdən faydalandığını nəzərə alaraq,
- Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasına Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydləri hazırladığı və Komissiyanın 49-cu sessiyasının işinə dair hesabata əlavə olaraq qəbul etdiyi üçün minnətdarlığını bildirir;
- Baş katibdən xahiş edir ki, Texniki Qeydlərin mətnini Birləşmiş Millətlər Təşkilatının altı rəsmi dilində, müvafiq bütün vasitələr, o cümlədən elektron formada dərc etsin və həmin mətni hökumətlərə və digər maraqlı qurumlara geniş şəkildə yaymış olsun;
- Bütün dövlətlərə və digər maraqlı tərəflərə tövsiyə edir ki, sərhədlərarası kommersiya əməliyyatları üçün mübahisələrin məsafədən həlli sistemlərinin hazırlanmasında və həyata keçirilməsində Texniki Qeydlərdən istifadə etsinlər;
- Bütün dövlətlərdən xahiş edir ki, Texniki Qeydlərin təşviqini və istifadəsini dəstəkləsinlər.
62-ci plenar iclas 13 dekabr 2016-cı il Beynəlxalq Ticarət Hüququ üzrə Birləşmiş Millətlər Komissiyasının Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydləri qəbul etməsi haqqında qərarı Beynəlxalq Ticarət Hüququ üzrə Birləşmiş Millətlər Komissiyası,
17 dekabr 1966-cı il tarixli 2205 (XXI) saylı Baş Assambleyanın qərarı ilə verilmiş mandatını, yəni beynəlxalq ticarət hüququnun mərhələli şəkildə uyğunlaşdırılması və unifikasiyasını daha da inkişaf etdirmək öhdəliyini və bu baxımdan bütün xalqların, xüsusilə də inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq ticarətin geniş inkişafında nəzərə almaq zərurətini yada salaraq,
Sərhədlərarası məsafədən əməliyyatların kəskin artmasının bu əməliyyatlardan irəli gələn mübahisələrin həlli üçün mexanizmlərə ehtiyac yaratdığını və belə mexanizmlərdən birinin mübahisələrin məsafədən həlli (“MMH”) olduğunu nəzərə alaraq,
MMH-nin tərəflərə görüş və ya dinləmədə fiziki iştirak zərurəti olmadan, sadə, sürətli, çevik və təhlükəsiz şəkildə mübahisəni həll etməyə kömək edə biləcəyini müşahidə edərək,
Həmçinin müşahidə edərək ki, MMH inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sərhədlərarası kommersiya əməliyyatlarını həyata keçirən alıcılar və satıcılar üçün mübahisələrin həllinə çıxış baxımından mühüm imkanlar yaradır,
Komissiyanın 2010-cu ildə keçirilmiş 43-cü sessiyasında MMH sahəsində iş aparmaq üçün işçi qrupunun yaradılması barədə razılığa gəldiyini yada salaraq,
Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydlərin layihəsini hazırladığına görə III İşçi Qrupuna minnətdarlığını bildirərək,
Həmçinin, Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydlərin məcburi qüvvəyə malik olmadığını, təsviri xarakter daşıdığını və qərəzsizlik, müstəqillik, səmərəlilik, effektivlik, qanunçuluq, ədalətlilik, hesabatlılıq və şəffaflıq prinsiplərini əks etdirdiyini nəzərə alaraq,
Həmçinin, Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydlərin elektron rabitə vasitəsilə bağlanmış sərhədlərarası aşağı dəyərli satış və ya xidmət müqavilələrindən irəli gələn mübahisələrin həllini mümkün edən sistemlərin inkişafına mühüm töhfə verəcəyini nəzərə alaraq,
Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydlərin bütün dövlətlərə, xüsusilə inkişaf etməkdə olan ölkələrə və iqtisadiyyatları keçid mərhələsində olan dövlətlərə, MMH administratorlarına, MMH platformalarına, bitərəf şəxslərə və MMH prosesinin iştirakçılarına MMH sistemlərinin hazırlanmasında və istifadəsində əhəmiyyətli dərəcədə kömək göstərəcəyinə əmin olaraq,
- Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydləri qəbul edir və onlar BMT Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının 49-cu sessiyasına dair hesabatının I əlavəsində əks olunmuş formada qəbul edilir;
- Baş katibdən xahiş edir ki, Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydlərin mətnini, o cümlədən elektron formada, Birləşmiş Millətlər Təşkilatının altı rəsmi dilində dərc etsin və həmin mətni, o cümlədən elektron vasitələrlə, hökumətlərə və digər maraqlı qurumlara geniş şəkildə yaymış olsun;
- Bütün dövlətlərə və digər maraqlı tərəflərə tövsiyə edir ki, sərhədlərarası kommersiya əməliyyatları üçün MMH sistemlərinin hazırlanmasında və tətbiqində Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydlərdən istifadə etsinlər; və
- Bütün dövlətlərdən xahiş edir ki, Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydlərin təşviqini və istifadəsini dəstəkləsinlər.
Mübahisələrin Məsafədən Həlli üzrə Texniki Qeydlər
I Bölmə – Giriş
Mübahisələrin məsafədən həllinə ümumi baxış
1. Sərhədlərarası məsafədən əməliyyatların kəskin artımı ilə yanaşı, bu əməliyyatlardan irəli gələn mübahisələrin həlli üçün mexanizmlərə ehtiyac yaranmışdır.
2. Belə mexanizmlərdən biri mübahisələrin məsafədən həllidir (MMH). MMH tərəflərə görüş və ya dinləmədə fiziki iştirak zərurəti olmadan, sadə, sürətli, çevik və təhlükəsiz şəkildə mübahisəni həll etməyə kömək edə bilər. MMH müxtəlif yanaşma və formaları (ombudsman, şikayət idarələri, danışıqlar, konsiliasiya, mediasiya, barışıq sazişi, arbitraj və digər vasitələr daxil olmaqla, lakin onlarla məhdudlaşmamaq şərtilə) əhatə edir və həm məsafədən, həm də əyani elementləri birləşdirən hibrid proseslərə imkan yaradır. Beləliklə, MMH inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sərhədlərarası kommersiya əməliyyatlarını həyata keçirən alıcı və satıcılar üçün mübahisələrin həllinə çıxış baxımından mühüm imkanlar təklif edir.
Texniki Qeydlərin məqsədi
3. Texniki Qeydlərin məqsədi MMH-nin inkişafını təşviq etmək və MMH administratorlarına, MMH platformalarına, bitərəf şəxslərə və MMH proseslərinin iştirakçılarına kömək göstərməkdir.
4. Texniki Qeydlər qərəzsizlik, müstəqillik, səmərəlilik, effektivlik, qanunçuluq, ədalətlilik, hesabatlılıq və şəffaflıq prinsiplərini özündə əks etdirən MMH sistemlərinə yanaşmaları əks etdirir.
5. Texniki Qeydlər elektron rabitə vasitəsilə bağlanmış sərhədlərarası aşağı dəyərli satış və ya xidmət müqavilələrindən irəli gələn mübahisələrdə istifadə üçün nəzərdə tutulmuşdur. Onlar hər hansı bir MMH praktikasını ən yaxşı təcrübə kimi təşviq etmir.
Texniki Qeydlərin məcburi qüvvəyə malik olmaması
6. Texniki Qeydlər təsviri xarakter daşıyan bir sənəddir. Onlar nə tam, nə də istisna xarakter daşımaq məqsədi güdür və heç bir MMH prosesində qayda kimi istifadə üçün uyğun deyildir. Onlar tərəflərə və ya MMH prosesini idarə edən və/və ya həyata keçirən hər hansı şəxslərə və/və ya qurumlara məcburi hüquqi öhdəlik qoymur, həmçinin tərəflərin seçə biləcəyi hər hansı MMH qaydalarına dəyişiklik edilməsini nəzərdə tutmur.
II Bölmə – Prinsiplər
7. Hər hansı bir MMH prosesinin əsaslandığı prinsiplərə ədalətlilik, şəffaflıq, qanunçuluq və hesabatlılıq daxildir.
8. MMH, sərhədlərarası elektron kommersiya əməliyyatlarından irəli gələn halların, yəni ənənəvi məhkəmə mexanizmlərinin sərhədlərarası e-ticarət mübahisələri üçün adekvat həll təklif etmədiyi vəziyyətlərin aradan qaldırılmasına kömək edə bilər.
9. MMH sadə, sürətli və səmərəli olmalıdır ki, “real həyat şəraitində” istifadə edilə bilsin; yəni, iqtisadi dəyəri ilə müqayisədə həddindən artıq xərclər, gecikmələr və yüklər yaratmamalıdır.
Şəffaflıq
10. Xidmət istifadəçilərinin potensial maraq toqquşmaları barədə məlumatlı olmaları üçün MMH administratoru ilə konkret bir satıcı arasındakı münasibətin açıqlanması arzuolunandır.
11. MMH administratoru, məxfilik prinsiplərinə uyğun olaraq, tərəflərin onun ümumi fəaliyyət göstəricisini qiymətləndirə bilmələri məqsədilə, MMH proseslərinin nəticələri barədə anonimləşdirilmiş məlumat və ya statistik göstəricilər dərc edə bilər.
12. Bütün müvafiq məlumatlar MMH administratorunun veb-saytında istifadəçi üçün rahat və əlçatan formada yerləşdirilməlidir.
Müstəqillik
13. MMH administratorunun bitərəf şəxslər üçün etik davranış kodeksi qəbul etməsi arzuolunandır ki, bu da bitərəf şəxslərə maraqların toqquşması və digər davranış qaydaları ilə bağlı rəhbərlik etsin.
14. MMH administratorunun maraqların toqquşmasını müəyyənləşdirmək və idarə etmək üçün siyasətlər qəbul etməsi faydalıdır.
Peşəkarlıq
15. MMH administratoru bitərəf şəxslərin seçilməsi və təlimi ilə bağlı hərtərəfli siyasətlərin həyata keçirilməsini təmin edə bilər.
16. Daxili nəzarət/keyfiyyət təminatı prosesi MMH administratoruna bitərəf şəxsin özü üçün müəyyən etdiyi standartlara uyğun fəaliyyət göstərdiyinə əmin olmağa kömək edə bilər.
Razılıq
17. MMH prosesi tərəflərin açıq və məlumatlı razılığına əsaslanmalıdır.
III Bölmə – MMH prosesinin mərhələləri
18. MMH prosesinin mərhələləri aşağıdakıları əhatə edə bilər: danışıqlar; razılaşma; və üçüncü (yekun) mərhələ.
19. İddiaçı MMH platforması vasitəsilə MMH administratoruna bildiriş təqdim etdikdə (aşağıda VI bölməyə bax), MMH administratoru cavabdehi iddianın mövcudluğu barədə, iddiaçını isə cavab barədə məlumatlandırır. Prosesin birinci mərhələsi – texnologiya vasitəsilə həyata keçirilən danışıqlar başlayır, burada iddiaçı və cavabdeh birbaşa MMH platforması üzərindən danışıqlar aparır.
20. Əgər həmin danışıqlar prosesi uğursuz olarsa (yəni iddianın həlli ilə nəticələnməzsə), proses ikinci – “razılaşma” mərhələsinə keçə bilər (aşağıda 40–44-cü bəndlərə bax). Bu mərhələdə MMH administratoru bitərəf şəxs təyin edir (25-ci bəndə bax), bitərəf şəxs isə tərəflərlə ünsiyyət quraraq razılaşmaya nail olmağa çalışır.
21. Əgər asanlaşdırılmış razılaşma uğursuz olarsa, MMH prosesinin üçüncü və son mərhələsi başlaya bilər və bu halda MMH administratoru və ya bitərəf şəxs tərəflərə həmin mərhələnin mahiyyəti barədə məlumat verə bilər.
IV Bölmə – MMH prosesinin tətbiq dairəsi
22. MMH prosesi xüsusilə sərhədlərarası, aşağı dəyərli elektron ticarət əməliyyatlarından irəli gələn mübahisələrin həlli üçün faydalı ola bilər. MMH prosesi həm biznesdən-biznesə (B2B), həm də biznesdən-istehlakçıya (B2C) əməliyyatlardan irəli gələn mübahisələrə tətbiq edilə bilər.
23. MMH prosesi həm satış, həm də xidmət müqavilələrindən irəli gələn mübahisələrə tətbiq edilə bilər.
V Bölmə – MMH anlayışları, rolları və öhdəlikləri, həmçinin kommunikasiya
24. Mübahisələrin məsafədən həlli, yəni “MMH”, “elektron kommunikasiya və digər informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə mübahisələrin həlli mexanizmi”dir. Bu proses müxtəlif administratorlar tərəfindən müxtəlif şəkildə həyata keçirilə bilər və zamanla inkişaf edə bilər.
25. Bu sənəddə istifadə olunduğu kimi, “iddiaçı” MMH prosesini başladan tərəfdir, “cavabdeh” isə iddiaçının bildirişinin ünvanlandığı tərəfdir. Bu terminologiya ənənəvi, əyani alternativ mübahisələrin həlli anlayışına uyğundur. Bitərəf şəxs isə tərəflərə mübahisəni həll etməkdə və ya razılaşma əldə etməkdə kömək göstərən şəxsdir.
26. MMH texnologiyaya əsaslanan vasitəçini tələb edir. Başqa sözlə, əyani alternativ mübahisələrin həllindən fərqli olaraq, MMH prosesi yalnız mübahisə tərəflərinin və bitərəf şəxsın iştirakı ilə (yəni administrator olmadan) ad hoc qaydada həyata keçirilə bilməz. Əksinə, texnologiyadan istifadə etməklə mübahisələrin həllinə imkan yaratmaq üçün MMH prosesi məlumatların təhlükəsizliyini təmin edən, kommunikasiya yaratmaq, göndərmək, almaq, saxlamaq, mübadilə etmək və ya başqa üsullarla emal etmək üçün nəzərdə tutulmuş bir sistem tələb edir. Belə bir sistem bu sənəddə “MMH platforması” adlandırılır.
27. MMH platforması idarə olunmalı və əlaqələndirilməlidir. Bu cür idarəetmə və əlaqələndirməni həyata keçirən qurum bu sənəddə “MMH administratoru” adlanır. MMH administratoru MMH platformasından ayrı ola bilər və ya onun bir hissəsi ola bilər.
28. MMH kommunikasiya imkanlarını təmin etmək üçün mübahisələrin həlli maddəsində həm MMH administratoru, həm də MMH platforması göstərilməsi arzuolunandır.
29. Proses ərzində baş verə biləcək kommunikasiya “informasiya vasitəsilə yaradılan, göndərilən, qəbul edilən və ya saxlanılan, elektron, maqnit, optik və ya oxşar vasitələrlə həyata keçirilən hər hansı ünsiyyət (o cümlədən bəyanat, açıqlama, tələb, bildiriş, cavab, təqdimat, məlumatlandırma və ya sorğu)” kimi müəyyən edilmişdir.
30. Arzuolunandır ki, bütün MMH proseslərində kommunikasiya yalnız MMH platforması vasitəsilə həyata keçirilsin. Bu səbəbdən həm mübahisə tərəfləri, həm də MMH platformasının özü müəyyən olunmuş “elektron ünvan”a malik olmalıdır. “Elektron ünvan” anlayışı UNCITRAL-ın digər mətnlərində müəyyən olunmuşdur.
31. Səmərəliliyi artırmaq üçün arzuolunandır ki, MMH administratoru dərhal:
(a) MMH platforması vasitəsilə göndərilən hər hansı kommunikasiya ilə bağlı qəbul olunduğunu təsdiqləsin;
(b) Tərəflərə MMH platformasında mövcud olan hər hansı kommunikasiya barədə məlumat versin;
(c) Tərəfləri prosesin müxtəlif mərhələlərinin başlanması və başa çatması barədə məlumatlandırıb xəbərdar etsin.
32. Vaxt itkisini aradan qaldırmaq üçün arzuolunandır ki, administrator həmin tərəfi platformada onun mövcudluğu barədə məlumatlandırdığı andan kommunikasiya tərəfə o zaman qəbul edilmiş hesab edilsin və prosesdəki müddətlər isə administrator həmin bildirişi təqdim etdiyi andan etibarən hesablanmalıdır. Eyni zamanda arzuolunandır ki, MMH administratoruna uyğun hallarda müəyyən elastiklik təmin etmək məqsədilə müddətləri uzatmaq səlahiyyəti verilsin.
VI Bölmə – MMH proseslərinin başlanması
33. MMH prosesinin başlaya bilməsi üçün arzuolunandır ki, iddiaçı MMH administratoruna aşağıdakı məlumatları özündə əks etdirən bir bildiriş təqdim etsin:
(a) İddiaçının və varsa, MMH prosesində iddiaçını təmsil etmək səlahiyyəti verilmiş nümayəndəsinin adı və elektron ünvanı;
(b) Cavabdehin və varsa, iddiaçıya məlum olan cavabdehin nümayəndəsinin adı və elektron ünvanı;
(c) İddianın irəli sürülməsi üçün əsaslar;
(d) Mübahisənin həlli üçün təklif edilən həll yolları;
(e) İddiaçının proses üçün üstünlük verdiyi dil;
(f) İddiaçının və/və ya onun nümayəndəsinin imzası və ya şəxsiyyətini və autentifikasiyasını təsdiqləyən digər vasitə.
34. Əgər iddiaçının administratora bildirişi göndərməsindən sonra MMH administratoru tərəfləri həmin bildirişin MMH platformasında mövcudluğu barədə məlumatlandırarsa, MMH prosesi başlanmış hesab edilə bilər.
35. Arzuolunandır ki, cavabdeh iddiaçının bildirişinin MMH platformasında mövcudluğu barədə məlumatlandırıldıqdan sonra müəyyən edilmiş məqbul vaxt ərzində MMH administratoruna cavabını göndərsin və cavab aşağıdakı elementləri əhatə etsin:
(a) Cavabdehin və varsa, MMH prosesində cavabdehi təmsil etmək səlahiyyəti verilmiş nümayəndəsinin adı və elektron ünvanı;
(b) İddianın irəli sürülmə əsaslarına cavab;
(c) Mübahisənin həlli üçün təklif edilən həll yolları;
(d) Cavabdehin və/və ya onun nümayəndəsinin imzası və ya şəxsiyyətini və autentifikasiyasını təsdiqləyən digər vasitə;
(e) Əgər varsa, qarşılıqlı iddianın bildirişi və qarşılıqlı iddianın əsasları.
36. Mümkün olduğu qədər, arzuolunandır ki, həm bildiriş, həm də cavab hər bir tərəf tərəfindən əsas götürülən bütün sənədlər və digər sübutlarla birlikdə təqdim edilsin və ya onlara istinad edilsin. Bundan əlavə, əgər iddiaçı digər hüquqi vasitələrdən istifadə edirsə, bu məlumatın da bildirişlə birlikdə təqdim edilməsi arzuolunandır.
VII Bölmə – Danışıqlar
37. Birinci mərhələ, tərəflər arasında MMH platforması vasitəsilə aparılan danışıqlar ola bilər.
38. Prosesin birinci mərhələsi cavabdehin MMH platformasına cavabını göndərməsindən sonra aşağıdakı hallarda başlaya bilər:
(a) Bu barədə iddiaçının məlumatlandırılması; və ya
(b) Cavab verilmədikdə, bildiriş cavabdehə çatdırıldıqdan sonra müəyyən edilmiş məqbul müddətin keçməsi.
39. Arzuolunandır ki, əgər danışıqlar məqbul müddət ərzində razılaşma ilə nəticələnməzsə, proses növbəti mərhələyə keçsin.
VIII Bölmə – Sadələşdirilmiş razılaşma
40. MMH prosesinin ikinci mərhələsi sadələşdirilmiş razılaşma ola bilər, bu mərhələdə bitərəf şəxs təyin olunur və tərəflərlə ünsiyyət quraraq razılaşmaya nail olmağa çalışır.
41. Bu mərhələdəki platforma vasitəsilə aparılan danışıqlar hər hansı səbəbdən (o cümlədən iştirak etməmək və ya məqbul müddət ərzində razılığa gəlməmək) uğursuz olduqda və ya mübahisənin bir və ya hər iki tərəfi birbaşa növbəti mərhələyə keçmək istədikdə başlaya bilər.
42. Sadələşdirilmiş razılaşma mərhələsi başlayanda, arzuolunandır ki, MMH administratoru bitərəf şəxs təyin etsin, tərəfləri bu təyinat barədə məlumatlandırsın və aşağıdakı 46-cı bənddə göstərilən bitərəf şəxsın şəxsiyyəti ilə bağlı müəyyən detalları təqdim etsin.
43. Sadələşdirilmiş razılaşma mərhələsində arzuolunandır ki, bitərəf şəxs tərəflərlə ünsiyyət quraraq razılaşmaya nail olmağa çalışsın.
44. Əgər razılaşma məqbul müddət ərzində əldə edilə bilməzsə, proses yekun mərhələyə keçə bilər.
IX Bölmə – Yekun mərhələ
45. Əgər bitərəf şəxs razılaşmaya nail ola bilməyibsə, arzuolunandır ki, MMH administratoru və ya bitərəf şəxs tərəfləri yekun mərhələnin mahiyyəti və onun hansı formada həyata keçirilə biləcəyi barədə məlumatlandırsın.
X Bölmə – Bitərəf şəxsin təyini, səlahiyyətləri və funksiyaları
46. Səmərəliliyi artırmaq və xərcləri azaltmaq üçün arzuolunandır ki, MMH administratoru bitərəf şəxsi yalnız mübahisənin həlli prosesi üçün müvafiq MMH qaydalarına uyğun olaraq bitərəf şəxs tələb olunduqda təyin etsin. MMH prosesində bitərəf şəxsin tələb olunduğu anda, arzuolunandır ki, MMH administratoru bitərəf şəxsi “tezliklə” təyin etsin (yəni, adətən razılaşma mərhələsinin başlanğıcında). Təyin olunandan sonra arzuolunandır ki, MMH administratoru tərəfləri bitərəf şəxsin adı və bitərəf şəxs ilə əlaqəli digər müvafiq və identifikasiyaedici məlumatlarla dərhal məlumatlandırsın.
47. Bitərəf şəxslərin mübahisəni həll etmək üçün müvafiq peşə təcrübəsinə və mübahisələrin həlli bacarıqlarına malik olması arzuolunandır. Lakin, hər hansı peşə qaydalarına uyğun olaraq, MMH bitərəf şəxslərinin mütləq hüquqşünas olması tələb olunmur.
48. Bitərəf şəxslərin təyini və funksiyaları ilə bağlı arzuolunandır ki:
(a) Bitərəf şəxsin təyinatını qəbul etməsi onun prosesə vaxt ayıra biləcəyini təsdiqləyir;
(b) Bitərəf şəxsin qərəzsizlik və müstəqilliyini bəyan etməsi və hər hansı vaxt qərəzsizlik və ya müstəqilliklə bağlı şübhələr yarada biləcək faktları və ya halları açıqlaması tələb olunur;
(c) MMH sistemi tərəflərə bitərəf şəxsə etiraz etmək imkanı təqdim etməlidir;
(d) Bitərəf şəxsə etiraz edildikdə, MMH administratoru bitərəf şəxsin əvəz olunub-olunmayacağı barədə qərar verməlidir;
(e) Xərclərin səmərəliliyi baxımından hər mübahisədə eyni anda yalnız bir bitərəf şəxs təyin olunmalıdır;
(f) Tərəf, bitərəf şəxsin danışıqlar müddətində yaranan məlumatları almasına etiraz etmək hüququna malik olmalıdır;
(g) Əgər bitərəf şəxs MMH prosesi ərzində istefa verərsə və ya əvəz olunmalı olarsa, MMH administratoru ilkin bitərəf şəxsi təyin edərkən tətbiq olunan eyni qoruyucu tədbirləri nəzərə alaraq əvəzçi təyin etməlidir.
49. Bitərəf şəxsin səlahiyyətləri ilə bağlı arzuolunandır ki:
(a) Müvafiq MMH qaydalarına uyğun olaraq, bitərəf şəxs MMH prosesini özünün uyğun hesab etdiyi şəkildə aparmaq imkanı əldə etsin;
(b) Bitərəf şəxs prosesin aparılmasında lazımsız gecikmə və ya xərclərdən çəkinməlidir;
(c) Bitərəf şəxs mübahisələrin həlli üçün ədalətli və səmərəli proses təmin etməlidir;
(d) Bitərəf şəxs proses ərzində müstəqil, qərəzsiz olmalı və hər iki tərəfi bərabər şəkildə rəftar etməlidir;
(e) Bitərəf şəxs prosesi yalnız proses ərzində qarşısında olan kommunikasiya əsasında aparmalıdır;
(f) Bitərəf şəxs tərəflərin proseslə bağlı əlavə məlumat təqdim etməsinə imkan verməlidir;
(g) Bitərəf şəxs hər hansı müvafiq MMH qaydalarında müəyyən edilmiş müddətləri məqbul bir zaman ərzində uzatmaq imkanına malik olmalıdır.
50. MMH prosesi üçün bitərəf şəxsin təyinat prosesi, əyani kontekstdə tətbiq olunan eyni qanuni prosedur standartlarına tabe olsa da, MMH-un ənənəvi mübahisə həll üsullarına nisbətən sadə, zaman və maliyyət baxımından səmərəli alternativ təmin etməsi üçün təyinat və etiraz prosedurlarının sadələşdirilmiş şəkildə tətbiqi arzuolunandır.
XI Bölmə – Dil
51. MMH-da mövcud texnoloji vasitələr prosesin aparılacağı dil üzrə böyük çeviklik təmin edə bilər. MMH razılaşması və ya MMH qaydaları proses üçün istifadə olunacaq dili müəyyən etsə belə, arzuolunandır ki, tərəf bildiriş və ya cavabda prosesin başqa dildə aparılmasını istədiyini göstərə bilsin, beləliklə MMH administratoru tərəflərin seçə biləcəyi digər dil seçimlərini müəyyən edə bilsin.
XII Bölmə – İdarəetmə
52. MMH platformalarının və administratorlarının fəaliyyətinə dair rəhbərlik prinsiplərinin (və/və ya minimum tələblərin) mövcud olması arzuolunandır.
53. MMH proseslərinin əyani mübahisə həlli proseslərinə tətbiq olunan eyni məxfilik və qanuni prosedur standartlarına, xüsusilə müstəqillik, neytrallıq və qərəzsizlik prinsiplərinə tabe olması arzuolunandır.
10 Sentyabr 2025


