Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının Beynəlxalq Kommersiya Mediasiyası və Mediasiya Nəticəsində Əldə Olunan Beynəlxalq Barışıq Sazişləri haqqında Model Qanunu
(qeyri-rəsmi ̉tərcümə, tərcümə etdi hüquqşünas Əsməgül Kamilova)
Baş Assambleya tərəfindən qəbul olunmuş Qərar
Altıncı Komitənin hesabatı əsasında (A/73/496)
Baş Assambleya,
17 dekabr 1966-cı il tarixli 2205 (XXI) saylı qərarını rəhbər tutaraq, həmin qərar ilə beynəlxalq ticarət hüququnun mərhələli şəkildə uyğunlaşdırılması və unifikasiyasını təşviq etmək səlahiyyəti olan Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) yaradıldığını və bu baxımdan beynəlxalq ticarətin geniş şəkildə inkişafında bütün xalqların, xüsusilə inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınmalı olduğunu qeyd edərək,
19 noyabr 2002-ci il tarixli 57/18 saylı qərarını də rəhbər tutaraq, həmin qərarda Komissiya tərəfindən “Beynəlxalq Kommersiya Konsilasiyası haqqında Model Qanun”un qəbulunu qeyd etmiş və bu Model Qanunun, 4 dekabr 1980-ci il tarixli 35/52 saylı qərarda tövsiyə olunan Komissiyanın Konsiliasiya Qaydaları ilə birlikdə, beynəlxalq kommersiya münasibətlərində yaranan mübahisələrin ədalətli və səmərəli həllinə yönəlmiş uyğunlaşdırılmış hüquqi çərçivənin formalaşmasına əhəmiyyətli dərəcədə töhfə verdiyini qeyd edərək,
Beynəlxalq kommersiya münasibətləri çərçivəsində yaranan mübahisələrin qarşılıqlı razılıqla həlli üsulu kimi mediasiyanın dəyərini etiraf edərək,
Beynəlxalq Kommersiya Konsiliasiyası haqqında Model Qanuna edilmiş dəyişikliklərin dövlətlərə müasir mediasiya texnologiyalarından istifadəni tənzimləyən qanunvericiliklərini təkmilləşdirməkdə və belə qanunvericiliyin mövcud olmadığı hallarda onu hazırlamaqda əhəmiyyətli dərəcədə kömək göstərəcəyinə inanaraq,
Komissiyanın mediasiya nəticəsində əldə olunan Beynəlxalq Barışıq Sazişləri haqqında Konvensiyanı və Beynəlxalq Kommersiya Konsiliasiyası haqqında Model Qanuna düzəlişi eyni vaxtda hazırlamaq qərarının, müxtəlif yurisdiksiyalarda mediasiya ilə bağlı təcrübə səviyyələrinin fərqliliyini nəzərə almağa və dövlətlərə mediasiya nəticəsində əldə olunan beynəlxalq razılaşmaların sərhədlərarası icrasına dair uyğun standartlar təqdim etməyə, eyni zamanda maraqlı dövlətlərin hər iki sənədi qəbul edəcəkləri barədə gözlənti yaratmamağa yönəldiyini qeyd edərək,
Model Qanuna düzəlişlərin hazırlanmasının lazımi müzakirələrin mövzusu olduğunu və hökumətlərlə yanaşı, hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə də məsləhətləşmələrdən faydalandığını məmnuniyyətlə qeyd edərək,
- Beynəlxalq Kommersiya Mediasiyası və Mediasiya Nəticəsində Əldə Olunan Beynəlxalq Barışıq Sazişləri haqqında (Beynəlxalq Kommersiya Konsiliasiyası haqqında Model Qanuna dəyişiklik etməklə) Model Qanunu yekunlaşdırdığına və qəbul etdiyinə görə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasına minnətdarlığını ifadə edir;
- Baş katibə Model Qanunun mətnini hökumətlərə və digər maraqlı qurumlara göndərməyi tapşırır;
- Bütün dövlətlərə mediasiyaya aid qanunvericiliyi nəzərdən keçirərkən və ya qəbul edərkən Model Qanunu müsbət şəkildə nəzərə almağı və mediasiya prosedurları hüququnun vahidliyinin arzuolunanlığını və beynəlxalq kommersiya mediasiyası təcrübəsinin xüsusi ehtiyaclarını nəzərə almağı tövsiyə edir və Model Qanundan istifadə edən dövlətləri bu barədə Komissiyaya məlumat verməyə dəvət edir.
62-ci plenar iclas
20 dekabr 2018
Birinci Hissə
Beynəlxalq Kommersiya Mediasiyası və Mediasiya Nəticəsində Əldə Olunan Beynəlxalq Barışıq Sazişləri haqqında UNCITRAL Model Qanunu (2018)
Bölmə 1. Ümumi müddəalar
1-ci Maddə. Qanunun tətbiq dairəsi və anlayışlar
- Bu Qanun beynəlxalq kommersiya mediasiyasına və beynəlxalq barışıq sazişlərinə tətbiq olunur.
- Bu Qanunun məqsədləri üçün “mediator” ifadəsi tək mediatoru və ya iki və daha çox mediatoru nəzərdə tutur.
- Bu Qanunun məqsədləri üçün “mediasiya” - mediasiya, konsiliasiya və ya oxşar məna daşıyan digər ifadə ilə adlandırılmasından asılı olmayaraq, tərəflərin müqavilə və ya digər hüquqi münasibətdən irəli gələn mübahisələrinin qarşılıqlı razılıq əsasında həllinə nail olmaq təşəbbüsündə onlara kömək etmək üçün üçüncü bir şəxsə və ya şəxslərə (“mediator”) müraciət etdiyi prosesi bildirir. Mediator tərəflərə mübahisənin həlli üçün məcburi qərar tətbiq etmək səlahiyyətinə malik deyil.
2-ci Maddə. Təfsir
- Bu Qanunun təfsirində onun beynəlxalq mənşəyi, tətbiqində vahidliyi təşviq etmək zərurəti və vicdanlı davranış (yaxşı niyyət) prinsipinə riayət olunması nəzərə alınmalıdır.
- u Qanunla tənzimlənən, lakin onun mətnində açıq şəkildə həll olunmayan məsələlər bu Qanunun əsaslandığı ümumi prinsiplərə uyğun olaraq həll edilir.
Bölmə 2. Beynəlxalq kommersiya mediasiyası
3-cü Maddə. Bölmələrin tətbiq dairəsi və anlayışlar
- Bu bölmə beynəlxalq kommersiya mediasiyasına tətbiq olunur.
- diasiya “beynəlxalq” hesab olunur, əgər:
- Mediasiya haqqında saziş bağlayan tərəflərin fəaliyyət ünvanları həmin sazişin bağlanması zamanı müxtəlif dövlətlərdə yerləşirsə; və ya
- Tərəflərin fəaliyyət ünvanlarının yerləşdiyi dövlət aşağıdakılardan fərqlidirsə:
- Kommersiya münasibətləri üzrə öhdəliklərin əhəmiyyətli hissəsinin yerinə yetiriləcəyi dövlətdən; və ya
- Mübahisənin predmeti ilə ən sıx əlaqəsi olan dövlətdən.
- 2-ci bəndin məqsədləri üçün:
- Əgər tərəfin birdən çox fəaliyyət ünvanı varsa, fəaliyyət ünvanı mediasiya haqqında sazişlə ən sıx əlaqəsi olan yer hesab edilir;
- Əgər tərəfin fəaliyyət ünvanı yoxdursa, onun daimi olduğu yerə (yaşayış yerinə) istinad edilir.
- Bu bölmə həmçinin tərəflər mediasiyanın beynəlxalq olması və ya bu bölmənin tətbiq ediləcəyi barədə razılığa gəldikdə kommersiya mediasiyasına tətbiq olunur.
- Tərəflər bu bölmənin tətbiqini istisna etmək barədə sərbəst razılığa gələ bilərlər.
- Bu bölmə, 7-ci bəndin müddəalarına tabe olmaqla, mediasiyanın hansı əsasla həyata keçirilməsindən asılı olmayaraq tətbiq edilir. Bura tərəflər arasında mübahisə yaranmamışdan əvvəl və ya sonra əldə olunmuş razılıq, qanunla müəyyən edilmiş öhdəlik, yaxud məhkəmənin, arbitraj məhkəməsinin və ya səlahiyyətli dövlət qurumunun göstərişi və ya tövsiyəsi daxildir.
- Bu bölmə aşağıdakılara tətbiq edilmir:
- Hakimin və ya arbitrın məhkəmə və ya arbitraj prosesi çərçivəsində barışıq əldə olunmasına çalışdığı hallar; və
- [...].
4-cü Maddə. Razılaşma yolu ilə dəyişiklik
7-ci maddənin 3-cü bəndinin müddəaları istisna olmaqla, tərəflər bu bölmənin istənilən müddəasının tətbiqini istisna etmək və ya dəyişmək barədə razılığa gələ bilərlər.
5-ci Maddə. Mediasiya prosesinin başlaması
- Yaranmış mübahisə üzrə mediasiya prosesi həmin mübahisənin tərəfləri mediasiya prosesinə başlamağa razılıq verdikləri gün başlayır.
- Əgər qarşı tərəfi mediasiyaya dəvət edən tərəf, bu dəvətin göndərildiyi gündən etibarən 30 gün ərzində və ya dəvətdə göstərilən başqa müddət ərzində dəvətin qəbul olunduğuna dair cavab almazsa, dəvəti göndərən tərəf bu halı mediasiya dəvətinin rədd edilməsi kimi qəbul edə bilər.
6-cı Maddə. Mediatorların sayı və təyin olunması
- Tərəflər iki və ya daha çox mediatorun olması barədə razılığa gəlmədikdə, yalnız bir mediator təyin olunur.
- Əgər mediator və ya mediatorların təyin olunması üçün başqa prosedur razılaşdırılmayıbsa, tərəflər bu barədə razılığa gəlməyə çalışırlar.
- Tərəflər mediatorların təyin olunması ilə bağlı hər hansı qurumun və ya şəxsin yardımına müraciət edə bilərlər. Xüsusilə:
- Tərəf belə bir qurumdan və ya şəxsdən mediator qismində çıxış edə biləcək uyğun şəxsləri tövsiyə etməyi xahiş edə bilər; və ya
- Tərəflər bir və ya bir neçə mediatorun birbaşa həmin qurum və ya şəxs tərəfindən təyin olunması barədə razılığa gələ bilərlər.
- Mediator qismində çıxış edəcək şəxslərin tövsiyə olunması və ya təyin edilməsi zamanı həmin qurum və ya şəxs müstəqil və qərəzsiz mediatorun təyin olunmasını təmin edəcək meyarlara diqqət yetirməlidir və zəruri hallarda, tərəflərin milliyyətindən fərqli milliyyətə malik mediator təyin olunmasının məqsədəuyğunluğunu nəzərə almalıdır.
- Hər hansı şəxs mediator qismində təyin olunması ilə bağlı müraciət aldıqda, həmin şəxs özünün qərəzsizliyi və ya müstəqilliyi barədə əsaslı şübhələr yarada biləcək halları açıqlamalıdır. Mediator, təyin olunduğu andan və mediasiya prosesinin gedişində, belə hallar yarandıqda və ya məlum olduqda, əgər tərəflər artıq həmin məlumatı əldə etməyiblərsə, tərəflərə dərhal məlumat verməlidir.
7-ci Maddə. Mediasiyanın aparılması
- Tərəflər, qaydalar toplusuna istinad etməklə və ya başqa şəkildə, mediasiyanın aparılma üsulu barədə sərbəst razılığa gələ bilərlər.
- Mediasiyanın aparılma üsulu barədə razılıq əldə olunmadıqda, mediator, işin hallarını, tərəflərin ifadə edə biləcəyi istəkləri və mübahisənin sürətli həllinin zəruriliyini nəzərə alaraq, mediasiya prosesini özünün münasib bildiyi qaydada apara bilər.
- Hər bir halda, prosesi apararkən mediator tərəflərə bərabər münasibəti qorumağa çalışmalı və bunu edərkən işin hallarını nəzərə almalıdır.
- Mediator, mediasiya prosesinin istənilən mərhələsində mübahisənin həlli üçün təkliflər irəli sürə bilər.
8-ci Maddə. Mediator və tərəflər arasında əlaqə
Mediator tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşə və ya əlaqə saxlaya bilər.
9-cu Maddə. Məlumatların açıqlanması
Mediator mübahisə ilə bağlı bir tərəfdən aldığı məlumatın məzmununu digər tərəfə açıqlaya bilər. Lakin, əgər tərəf belə məlumatı yalnız məxfi qalması şərti ilə mediatora təqdim edibsə, həmin məlumat mediasiyada iştirak edən digər tərəfə açıqlana bilməz.
10-cu Maddə. Məlumatların məxfiliyi
Tərəflər başqa cür razılığa gəlmədikdə, mediasiya prosesinə dair bütün məlumatlar məxfi saxlanılmalıdır, istisna hallarda - qanunla tələb olunduqda və ya barışıq sazişinin icrası və ya məcburi qüvvəyə minməsi məqsədi ilə açıqlana bilər.
11-ci Maddə. Digər proseslərdə sübutların təqdim edilməsi
- Mediasiya prosesində iştirak edən tərəf, mediator və üçüncü şəxslər (mediasiya prosesinin təşkili ilə məşğul olanlar da daxil olmaqla) arbitraj, məhkəmə və ya oxşar proseslərdə aşağıdakı hallara istinad edə, onları sübut kimi təqdim edə və ya onlar barədə ifadə verə bilməz:
- Tərəfin mediasiya prosesinə qoşulmaq dəvəti və ya onun bu prosesdə iştirak etməyə razı olması faktı;
- Mübahisənin mümkün həlli ilə bağlı tərəfin mediasiyada ifadə etdiyi fikirlər və ya verdiyi təkliflər;
- Mediasiya prosesi zamanı tərəfin verdiyi bəyanatlar və ya etiraflar;
- Mediatorun irəli sürdüyü təkliflər;
- Tərəfin mediatorun verdiyi həll təklifini qəbul etməyə razı olması faktı;
- Yalnız mediasiya prosesi məqsədi ilə hazırlanmış sənəd.
- Bu maddənin 1-ci bəndi göstərilən məlumat və sübutların formasından asılı olmayaraq tətbiq edilir.
- 1-ci bənddə nəzərdə tutulmuş məlumatların açıqlanmasına arbitraj məhkəməsi, məhkəmə və ya digər səlahiyyətli dövlət orqanı tərəfindən qərar verilə bilməz və əgər bu məlumat 1-ci bəndin tələblərinə zidd olaraq sübut kimi təqdim olunarsa, belə sübut qəbul edilmir. Bununla belə, bu məlumat qanunla tələb olunduğu və ya barışıq sazişinin icrası və ya məcburi qüvvəyə minməsi məqsədi ilə lazım gəldiyi hallarda açıqlana və ya sübut kimi qəbul edilə bilər.
- Bu maddənin 1, 2 və 3-cü bəndlərinin müddəaları - arbitraj, məhkəmə və ya oxşar proseslərin mediasiya prosesinin predmeti olan və ya olmuş mübahisəyə aid olub-olmamasından asılı olmayaraq tətbiq edilir.
- 1-ci bəndin məhdudiyyətlərinə tabe olmaqla, arbitraj, məhkəmə və ya oxşar prosesdə yolverilən hesab olunan sübut, mediasiyada istifadə olunmuş olması səbəbilə yolverilməz hesab edilmir.
1-ci Maddə2. Mediasiya prosesinin başa çatması
- Mediasiya prosesi aşağıdakı hallarda başa çatır:
- Tərəflərin barışıq sazişi bağlaması ilə - barışıq sazişinin bağlandığı tarixdə;
- Mediatorun tərəflərlə məsləhətləşmədən sonra mediasiya üzrə daha çox səylərin məqsədəuyğun olmadığı barədə verdiyi bəyanatla - bəyanatın edildiyi tarixdə;
- Tərəflərin mediatora müraciət edərək mediasiya prosesinin başa çatdığını bildirməsi ilə - bəyanatın edildiyi tarixdə.
1-ci Maddə3. Mediatorun arbitr kimi çıxış etməsi
Tərəflər arasında başqa razılıq yoxdursa, mediator mediasiya prosesinin predmeti olmuş və ya olan mübahisə, yaxud eyni müqavilə və ya hüquqi münasibətdən və ya hər hansı əlaqəli müqavilə və ya hüquqi münasibətdən irəli gəlmiş başqa bir mübahisə üzrə arbitr kimi çıxış edə bilməz.
14-cü Maddə. Arbitraj və ya məhkəmə prosesinə müraciət
Tərəflər mövcud və ya gələcək mübahisə ilə bağlı müəyyən olunmuş müddət ərzində və ya müəyyən hadisə baş verənə qədər arbitraj və ya məhkəmə prosesinə başlamamaq barədə açıq şəkildə öhdəlik götürərək mediasiya barədə razılaşdıqları halda, bu öhdəlik tərəflər həmin öhdəliyin şərtlərinə əməl edənədək qüvvədə saxlanılır. Bu, yalnız tərəfin öz hüquqlarını qorumaq üçün zəruri hesab etdiyi hallarda istisna edilə bilər. Belə prosesə başlanılması, barışıq sazişindən imtina və ya mediasiya prosesinin dayandırılması kimi qiymətləndirilmir.
15-ci Maddə. Barışıq sazişlərinin məcburi və icraolunan xarakteri
Tərəflər mübahisəni həll edən barışıq sazişi bağlayarsa, həmin saziş məcburidir və icraolunandır.
3-cü Bölmə. Beynəlxalq barışıq sazişləri
16-cı Maddə. Bölmənin tətbiq dairəsi və anlayışlar
- Bu bölmə, mediasiya nəticəsində əldə olunmuş və kommersiya mübahisələrini həll etmək üçün tərəflər arasında yazılı şəkildə bağlanmış beynəlxalq sazişlərinə şamil olunur.
- Bu bölmə aşağıdakı barışıq sazişlərinə şamil edilmir:
- Tərəflərdən birinin (istehlakçı) şəxsi, ailəvi və ya məişət məqsədləri üçün həyata keçirdiyi əməliyyatlardan yaranan mübahisəni həll etmək üçün bağlanmış sazişlər;
- Ailə, vərəsəlik və ya əmək hüququ ilə bağlı sazişlər.
- Bu bölmə həmçinin aşağıdakı sazişlərə şamil edilmir:
- Aşağıdakı barışıq sazişləri:
- Məhkəmə tərəfindən təsdiqlənmiş və ya məhkəmə prosesi gedişində bağlanmış;
- Həmin məhkəmənin qərarı kimi icra edilə bilən;
- Arbitraj qərarı kimi qeydə alınmış və icra edilə bilən sazişlər.
- Barışıq sazişi “beynəlxalq” hesab olunur əgər, sazişin bağlandığı vaxt:
- Tərəflərdən ən azı ikisinin fəaliyyət ünvanı fərqli dövlətlərdə yerləşirsə; və ya
- Tərəflərin fəaliyyət ünvanının yerləşdiyi dövlət aşağıdakılardan fərqlidirsə:
- Barışıq sazişi üzrə öhdəliklərin əhəmiyyətli hissəsinin yerinə yetiriləcəyi dövlətdən; və ya
- Barışıq sazişinin predmeti ilə sıx bağlı olan dövlətdən.
- 4-cü bəndin məqsədləri üçün:
- Tərəfin birdən çox fəaliyyət ünvanı olduqda, mübahisəni həll edən barışıq sazişi ilə sıx bağlı olan fəaliyyət ünvanı əsas götürülür;
- Əgər tərəfin fəaliyyət ünvanı yoxdursa, onun daimi olduğu yer (yaşayış yeri) əsas götürülür.
- Əgər barışıq sazişinin məzmunu istənilən formada qeydə alınıbsa "yazılı" hesab olunur. Əgər məlumat sonradan istinad etmək üçün əlçatan və istifadə oluna biləndirsə, elektron kommunikasiya vasitəsilə tərtib olunmuş sənəd də yazılı forma tələbinə cavab verir.
17-ci Maddə. Ümumi prinsiplər
- Barışıq sazişi dövlətin prosessual qaydalarına və bu bölmədə müəyyən edilmiş şərtlərə uyğun olaraq icra edilir.
- Əgər tərəflərdən biri mübahisənin artıq barışıq sazişi ilə həll edildiyini iddia edirsə, həmin tərəf bu sazişi, dövlətin prosessual qaydalarına və bu bölmədəki şərtlərə uyğun olaraq istinad məqsədilə təqdim edə bilər.
18-ci Maddə. Barışıq sazişlərinə istinad üçün tələblər
- Bu bölməyə əsaslanaraq barışıq sazişinə istinad edən tərəf dövlətin səlahiyyətli orqanına aşağıdakıları təqdim etməlidir:
- Tərəflərin imzaladığı barışıq sazişi;
- Sazişin mediasiya nəticəsində əldə olunduğunu təsdiqləyən sübutlar, məsələn:
- Barışıq sazişində mediatorun imzası;
- Mediasiyanın həyata keçirildiyini göstərən mediator tərəfindən imzalanmış sənəd;
- Mediasiyanı idarə edən qurumun təsdiqi; və ya
- (i), (ii) və (iii) olmadıqda, səlahiyyətli orqan tərəfindən qəbul edilən digər sübutlar.
- Tərəflər və ya mediator tərəfindən imza tələbi, elektron kommunikasiya halında aşağıdakı şərtlərlə yerinə yetirilmiş sayılır:
- Elektron kommunikasiyada tərəflərin və ya mediatorun şəxsiyyətini müəyyən edən və onların həmin məlumatdakı məzmuna dair niyyətini göstərən metod istifadə olunubsa; və
- İstifadə olunan üsul:
- Bütün hallar, o cümlədən müvafiq razılaşma nəzərə alınmaqla, elektron kommunikasiyanın yaradılması və ya göndərilməsi məqsədinə uyğun etibarlıdır; və ya
- Yuxarıdakı (a) yarımbəndində təsvir edilən funksiyaları təkbaşına və ya əlavə sübutlarla birlikdə faktiki olaraq yerinə yetirdiyi sübuta yetirilmişdir.
- Əgər barışıq sazişi Dövlətin rəsmi dilində deyilsə, müvafiq orqan həmin sazişin rəsmi dilə tərcüməsini tələb edə bilər.
- Müraciət edilən bölmənin tələblərinə əməl edildiyini yoxlamaq üçün müvafiq orqan hər hansı zəruri sənədin təqdim edilməsini tələb edə bilər.
- ömək (hüquqi yardım) göstərilməsi barədə müraciəti nəzərdən keçirərkən müvafiq orqan operativ şəkildə hərəkət etməlidir.
19-cu Maddə. Hüquqi təminatdan imtina üçün əsaslar
- Dövlətin müvafiq orqanı, yardım olunması tələb olunan tərəfə qarşı belə köməyin göstərilməsinə qarşı çıxan tərəfin aşağıdakı halları sübuta yetirməsi halında yardım etməkdən imtina edə bilər:
- Barışıq sazişinin tərəflərindən biri müəyyən fəaliyyət qabiliyyətinə malik deyildirsə;
- İstifadəsinə istinad edilən barışıq sazişi:
- Tərəflərin etibarlı şəkildə tabe olduqları hüquqa, belə göstəriş olmadıqda isə müvafiq orqanın tətbiq edilə bilən hesab etdiyi hüquqa əsasən etibarsız, qüvvədən düşmüş və ya icrası mümkün deyilsə;
- Şərtlərinə görə məcburi qüvvəyə malik deyilsə və ya yekun xarakter daşımırsa; və ya
- Sonradan dəyişdirilmişdirsə;
- Barışıq sazişində nəzərdə tutulan öhdəliklər:
- Yerinə yetirilmişdirsə; və ya
- Aydın və ya anlaşıqlı deyilsə;
- Kömək göstərilməsi barışıq sazişinin şərtlərinə ziddirsə;
- Mediator tərəfindən mediator və ya mediasiyaya tətbiq olunan standartların ciddi şəkildə pozulması baş vermişsə və belə pozuntu olmasa belə, həmin tərəf barışıq sazişinə daxil olmayacaqdısa; və ya
- Mediator, onun qərəzsizliyinə və ya müstəqilliyinə dair əsaslı şübhələr doğuran halları tərəflərə açıqlamamışdır və bu açıqlamama halı tərəfə əhəmiyyətli təsir və ya əsassız təsir göstərmiş, belə hal olmasaydı həmin tərəf barışıq sazişinə daxil olmayacaqdısa.
- Dövlətin müvafiq orqanı həmçinin aşağıdakı hallarda kömək göstərməkdən imtina edə bilər
- Kömək göstərilməsi Dövlətin ictimai qaydalarına (public policy) ziddirsə; və ya
- Mübahisənin predmeti Dövlətin qanunvericiliyinə əsasən mediasiya yolu ilə həll oluna bilən xarakter daşımırsa.
20-ci Maddə. Qarşılıqlı müraciətlər və ya iddialar
Əgər barışıq sazişi ilə əlaqədar məhkəməyə, arbitraj tribunalına və ya digər müvafiq orqana 18-ci maddəyə əsasən tələb olunan kömək göstərilməsinə təsir edə bilən hər hansı müraciət və ya iddia təqdim edilibsə, Dövlətin müvafiq orqanı, əgər məqsədəuyğun hesab edərsə, qərarın qəbulunu təxirə sala bilər və həmçinin tərəfin müraciəti əsasında digər tərəfin kömək göstərməsini tələb edə bilər.
İkinci hissə
Beynəlxalq Kommersiya Mediasiyası və Mediasiya Nəticəsində Bağlanmış Beynəlxalq Barışıq Sazişləri üzrə UNCITRAL Model Qanununun (2018) Tətbiqi və İstifadəsi üzrə Təlimat
Əsas məlumat
- Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyası (“UNCITRAL” və ya “Komissiya”) tərəfindən hazırlanmış Beynəlxalq Kommersiya Konsiliasiyası üzrə UNCITRAL Model Qanunu (“2002-ci il Model Qanunu”) 24 iyun 2002-ci ildə konsensus əsasında qəbul edilmişdir. Sonradan BMT Baş Assambleyası 19 noyabr 2002-ci il tarixli 57/18 saylı qərar ilə dövlətlərə mübahisələrin həlli prosedurları qanunvericiliyinin vahidliyinin arzuolunanlığı və beynəlxalq kommersiya konsiliasiyası praktikasının xüsusi ehtiyaclarını nəzərə alaraq, bu Model Qanunun qəbul edilməsini tövsiyə etmişdir.
- 2002-ci il Model Qanunu konsiliasiya/mediasiyanın prosedur aspektləri üçün möhkəm qanunvericilik bazası təmin etsə də, konsiliasiya/mediasiya nəticəsində əldə edilən barışıq sazişlərinin icrası üzrə vahid qaydalar nəzərdə tutmurdu (terminologiya ilə bağlı 8-ci bəndə baxın). 2014-cü ildə bu məsələ üzərində iş aparılması təklifi irəli sürüldü, çünki mediasiyadan istifadənin qarşısındakı maneələrdən biri də barışıq sazişlərinin icrasının çətin və vaxt aparan olması idi. Bu kontekstdə UNCITRAL mediasiya nəticəsində əldə edilən barışıq sazişləri mövzusunda işlərə başladı.
25 iyun 2018-ci ildə Model Qanuna dəyişikliklər konsensusla qəbul edildi. BMT Baş Assambleyası isə 20 dekabr 2018-ci il tarixli 73/199 saylı qərarında “Beynəlxalq Kommersiya Konsiliasiyası üzrə Model Qanuna edilən dəyişikliklərin dövlətlərə müasir mediasiya texnikalarının tətbiqinə dair qanunvericiliklərini təkmilləşdirməkdə və bu cür qanunvericiliyi olmayan ölkələrdə belə qanunvericilik hazırlamaqda əhəmiyyətli dərəcədə kömək edəcəyi” inamını ifadə etmişdir. Paralel olaraq, UNCITRAL Beynəlxalq Mediasiya Nəticəsində Bağlanmış Barışıq Sazişləri üzrə BMT Konvensiyasını (“Sinqapur Mediasiya Konvensiyası” və ya “Konvensiya”) hazırlamışdır. Baş Assambleya 73/199 saylı qərarında vurğulamışdır ki, Komissiyanın eyni vaxtda həm beynəlxalq mediasiya nəticəsində bağlanmış barışıq sazişləri üzrə konvensiya, həm də 2002-ci il Model Qanununa dəyişiklik hazırlamaq qərarı müxtəlif yurisdiksiyalarda mediasiya təcrübəsinin fərqli səviyyələrini nəzərə almaq və dövlətlərə beynəlxalq mediasiya nəticəsində bağlanmış barışıq sazişlərinin sərhədlərarası icrası üçün vahid standartlar təqdim etmək məqsədi daşıyır, lakin maraqlı dövlətlərin hər iki sənədi qəbul edəcəklərinə dair heç bir gözlənti yaratmır.
Model Qanunun məqsədi
- Model Qanunun məqsədi mediasiyanın istifadəsini təşviq etməkdir. Bu, proses və nəticə ilə bağlı daha böyük proqnozlaşdırıla bilənlik və müəyyənlik təmin etməklə həyata keçirilir. Beynəlxalq ticarət sürətlə artır və getdikcə daha çox subyekt, o cümlədən kiçik və orta müəssisələr sərhədlərarası müqavilələr bağlayır. Ticarət tez-tez milli sərhədləri aşaraq, o cümlədən elektron ticarət vasitəsilə aparıldığı üçün səmərəli və effektiv mübahisə həlli sistemlərinə ehtiyac daha da vacib olmuşdur.
Model Qanunun qəbul edilməsi və onun məqsədləri barədə beynəlxalq ticarətlə məşğul olan tərəflərin maarifləndirilməsi dövlətləri məhkəmədən kənar mübahisə həlli üsullarını seçməyə təşviq edəcəkdir. Həqiqətən də, UNCITRAL dövlətlərə aşağıdakı məqsədləri daşıyan mübahisələrin həlli mexanizmlərini hazırlamaqda kömək etmək üçün Model Qanunu tərtib etmişdir:
- Mübahisənin həlli üçün xərcləri və vaxtı azaltmaq;
- Ticarət edən tərəflər arasında əməkdaşlıq mühitini qorumaq və gücləndirmək;
- Mübahisələrə çevik və fərdiləşdirilmiş həll yolları tapmaq;
- Gələcək mübahisələrin qarşısını almaq;
- Beynəlxalq ticarətə müəyyənlik gətirmək.
Təlimatın məqsədi və məzmunu
- Mediasiya və barışıq sazişləri üzrə Model qanunvericilik müddəalarını hazırlayarkən və qəbul edərkən UNCITRAL nəzərə almışdır ki, bu müddəalar əsas baza və izahlı məlumatlarla müşayiət olunmalıdır. Bu, dövlətlərə öz qanunvericiliklərini müasirləşdirməkdə və Model Qanunun hansı müddəalarının milli şəraitə uyğun dəyişdirilə biləcəyini nəzərdən keçirməkdə effektiv bir vasitə olacaqdır. Əsasən hökumətlərin icra orqanlarına və qanunvericilərə yönəlmiş bu Təlimat həmçinin kommersiya tərəfləri, hüquqşünaslar, akademiklər və hakimlər kimi digər istifadəçilərə də faydalı məlumat verir.
- Bu Təlimatın əksər hissəsi 2002-ci ildə qəbul edilmiş və 2018-ci ildə dəyişdirilmiş Model Qanunun “travaux préparatoires”-undan götürülmüşdür. Təlimat Model Qanunun qəbul edildiyi iclaslarda Komissiyanın müzakirələrini və qərarlarını, eləcə də hazırlıq işlərini aparmış UNCITRAL İşçi Qrupunun (Arbitraj və Konsiliasiya/Mübahisələrin Həlli) mülahizələrini əks etdirir. Təlimat, beynəlxalq mediasiya üçün möhkəm hüquqi baza rolunu oynayacaq bir qanunvericilik aktının əsas zəruri xüsusiyyətlərinin niyə daxil edildiyini izah edir.
- Model Qanunun “travaux préparatoires”-u, o cümlədən İşçi Qrupunun və Komissiyanın müvafiq iclaslarının hesabatları, həmçinin Katibliyin hazırlıq qeydləri BMT-nin altı rəsmi dilində (ərəb, çin, ingilis, fransız, rus və ispan) dərc olunmuşdur. Bu sənədlərə UNCITRAL-ın rəsmi internet saytından (https://uncitral.un.org ) daxil olmaq mümkündür. Həmçinin bu sənədlər UNCITRAL İllik Hesabatında toplanmışdır.
I. Beynəlxalq Kommersiya Mediasiyası və Mediasiya Nəticəsində Bağlanmış Beynəlxalq Barışıq Sazişləri üzrə Model Qanunun Giriş hissəsi
A. Mediasiya anlayışı və Model Qanunun məqsədi
Mediasiyadan istifadənin artması
- Dünyanın müxtəlif bölgələrində mediasiya getdikcə daha çox mübahisələrin həlli təcrübəsində istifadə olunur. Bundan əlavə, mediasiya məhkəmələr və dövlət qurumları, eləcə də icma və kommersiya mühitlərində üstünlük verilən və təşviq edilən bir mübahisələrin həlli variantına çevrilir. Bu meyl, məsələn, tərəflərə qarşılıqlı razılıq əsasında mübahisələrin həllini təşviq etmək məqsədilə xidmətlər göstərən çoxsaylı özəl və dövlət qurumlarının yaradılmasında öz əksini tapır. Mediasiya üzrə milli qanunvericiliyin inkişafı beynəlxalq səviyyədə vahid hüquqi həllərin tətbiqini asanlaşdırmaq məqsədilə harmonizasiya çağırışlarına səbəb olmuşdur (A/CN.9/WG.II/WP.108, bənd 15).
Mediasiya və oxşar prosedurlar
- “Mediasiya” termini, tərəflərin müqavilə və ya digər hüquqi münasibətlərdən irəli gələn və ya onlarla bağlı mübahisənin qarşılıqlı razılıq əsasında həlli üçün üçüncü şəxsin (və ya şəxslərin) köməyinə müraciət etdiyi prosesə verilən geniş yayılmış addır. UNCITRAL, əvvəlki sənədlərində, o cümlədən 2002-ci il Model Qanunu və aidiyyəti sənədlərdə “konsiliasiya” və “mediasiya”terminlərinin bir-birini əvəz edə biləcəyi anlayışı ilə “konsiliasiya” (conciliation) terminindən istifadə etmişdir. Lakin Model Qanuna dəyişiklik hazırlayarkən Komissiya praktiki istifadəyə uyğunlaşdırmaq və qanunun tanıdılmasını artırmaq məqsədilə “mediasiya” terminindən istifadə etməyə qərar vermişdir. Terminologiyadakı bu dəyişiklik heç bir məzmun və ya konseptual fərqi yoxdur. (A/73/17, bənd 19; A/CN.9/934, bənd 16).
- Təcrübədə, tərəflərin mübahisənin həlli üçün üçüncü şəxs tərəfindən dəstəkləndiyi proseslər “mediasiya”, “konsiliasiya”, “neytral qiymətləndirmə”, “mini-məhkəmə” və digər oxşar ifadələrlə adlandırılır. Model Qanun bütün bu prosedurları əhatə etmək üçün “mediasiya” terminindən istifadə edir. Təcrübəçilər bu ifadələri üçüncü şəxsin (neytral üçüncü tərəf) istifadə etdiyi metodlar və prosesdəki iştirak dərəcəsi baxımından fərqləndirə bilər. Lakin qanunvericilik nöqteyi-nəzərindən üçüncü şəxsin istifadə etdiyi bu metodlar arasında fərq qoymağa ehtiyac yoxdur. Onların hamısının ortaq xüsusiyyəti odur ki, üçüncü şəxs yalnız tərəflərə mübahisəni həll etməkdə yardım edir, lakin tərəflər barəsində məcburi qərar qəbul etmək səlahiyyəti yoxdur. “Alternativ mübahisə həlli” (MAH/ADR) üsulları bu xüsusiyyətləri daşıdığı hallarda, onlar Model Qanuna daxildir (A/CN.9/WG.II/WP.108, bənd 14). Lakin Model Qanunda MAH/ADR anlayışına istinad edilmir, çünki bu anlayış qeyri-müəyyəndir və arbitraj kimi digər məhkəmə alternativlərini də əhatə edə bilər ki, bunlar adətən məcburi qərarla nəticələnir.
Danışıqlar, mediasiya və arbitraj proseslərinin fərqləndirilməsi
- Danışıqlar, mediasiya və arbitraj arasında mühüm fərqlər vardır. Danışıqlarda mübahisə yarandıqda tərəflər adətən heç bir xarici şəxsi prosesə cəlb etmədən birbaşa öz aralarında razılığa gəlməyə çalışırlar. Digər alternativlərə mediasiya və arbitraj daxildir. Mediasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər üçüncü şəxsə müraciət edirlər. Arbitrajda isə tərəflər mübahisənin həlli prosesini və nəticəsini arbitraj tribunalına həvalə edirlər və tribunal məcburi qərar qəbul edir. Mediasiya danışıqlardan onunla fərqlənir ki, burada mübahisənin həlli üçün müstəqil və qərəzsiz üçüncü şəxs prosesə qoşulur. Arbitrajdan fərqi isə odur ki, mediasiyada tərəflər proses və nəticəyə tam nəzarəti özlərində saxlayır; proses məhkəmədən kənardır və tamamilə könüllüdür. Neytral üçüncü şəxs tərəflərə mübahisəni həll etməkdə kömək edir, lakin heç bir həll yolunu məcburi qaydada tətbiq edə bilmir (UNCITRAL Mediasiya üzrə Qeydlərə baxın).
Məcburi olmayan qanunverici müddəalar və mediasiyanın sərbəstliyinin qorunması
- Mediasiyada mediator yalnız tərəflər arasında dialoqu asanlaşdırır və qərar qəbul etmir. Buna görə də arbitrajda olduğu kimi, mediatorun yalnız bir tərəflə görüşməsini qadağan edən və ya digər tərəfdən aldığı bütün məlumatları açıqlamağı tələb edən ciddi prosedur kimi təminatlara ehtiyac yoxdur. Mediasiya prosesinin sərbəstliyi və hər bir işin konkret vəziyyətinə və tərəflərin istəyinə uyğunlaşdırıla bilməsi əsas əhəmiyyət daşıyan məqamdır.
- Bu sərbəstlik bəzilərinin fikrincə, tərəflərin iradəsindən asılı olan belə bir prosesin qanunvericiliklə tənzimlənməsinin lazım olmadığı qənaətinə gətirib çıxarmışdır. Hətta qanunvericilik qaydalarının mediasiya prosesini həddindən artıq məhdudlaşdıracağı və ona zərər verəcəyi düşünülmüşdür. Mübahisə tərəflərinin qəbul etdiyi və ya razılaşdığı qaydalar proqnozlaşdırıla bilənlik və sabitlik üçün kifayətli hesab olunurdu.
- Bununla belə, dövlətlər mediasiya ilə bağlı qanunlar qəbul etməyə başlamışdır. Bu, təcrübəçilərin yalnız müqavilə əsaslı həllərin tərəflərin ehtiyaclarını tam qarşılamadığı barədə narahatlıqlarına cavab vermək məqsədi daşıyır. Məsələn, mediasiyada tərəflərin əsas narahatlığı ondan ibarətdir ki, proses zamanı verilən bəyanatlar və ya etiraflar sonradan digər məhkəmə və ya arbitraj proseslərində onlara qarşı sübut kimi istifadə edilməsin. Bu məqsəd təkcə müqavilə şərtləri ilə tam təmin olunmaya bilər. Həmçinin bəzi ölkələrdə müəyyən sübut növlərinin qəbulolunmazlığına dair razılaşmaların hüquqi qüvvəsi qeyri-müəyyəndir. Bu kimi məsələlərdə vahid qanunvericilik aydınlıq gətirə bilər. Mediatorun sonrakı məhkəmə və ya arbitraj proseslərində rolu, mediatoların təyin olunma qaydası və mediasiyaya tətbiq olunan ümumi prinsiplər kimi məsələləri həll etmək üçün UNCITRAL 2002-ci ildə Model Qanun hazırlamışdır. Bundan əlavə, mediasiya nəticəsində əldə edilən barışıq sazişlərinin icrası və ya məhkəmədə onlara istinad olunması qaydalarını müəyyənləşdirmək üçün qanunvericiliyə ehtiyac vardı. Buna görə də UNCITRAL 2002-ci il Model Qanununu 2018-ci ildə dəyişdirmiş və beynəlxalq barışıq sazişləri üzrə müddəaları qəbul etmişdir.
- Mediasiya prosesləri, tərəflərin razılığa gəlməsi üçün ən uyğun metod hesab edilən yanaşmalara görə detallarda fərqlənə bilər. Model Qanundakı müddəalar bu fərqləri nəzərə alaraq tərəflərə və mediatorlara prosesi uyğun gördükləri şəkildə aparmaq imkanı verir. Əsas məqsəd, bir tərəfdən, prosesin məxfiliyinin qorunması kimi elementlər vasitəsilə mediasiya prosesinin dürüstlüyünü təmin etmək, digər tərəfdən isə tərəflərin müstəqilliyini qorumaqla maksimum çeviklik təqdim etməkdir.
B. Qanunvericiliyin harmonizasiyası vasitəsi kimi Model Qanun
Mediasiya və barışıq sazişləri üzrə vahid qaydalar
- Model Qanun mediasiya prosesi üzrə vahid qaydalar təqdim etmək üçün hazırlanmışdır. Bir çox ölkələrdə mediasiya ilə bağlı hüquqi qaydalar müxtəlif qanun aktlarında yer alır və məxfilik, sübut imtiyazı, ondan istisnalar, eləcə də razılaşmalara tətbiq olunan hüquqi rejim kimi məsələlərdə fərqli yanaşmalar mövcuddur. Bu mövzular üzrə vahid yanaşma mediasiya prosesinə və onun nəticəsinə daha çox dürüstlük və sabitlik gətirir. Xüsusilə onlayn (və ya məsafədən) mediasiya hallarında tətbiq olunan hüququn aydın olmaması səbəbindən vahidlik daha da vacibdir.
Model Qanun əsasında qanunvericiliyin qəbul edilməsi
- Model qanun dövlətlərə öz milli qanunvericiliklərinə daxil etmələri tövsiyə olunan qanunvericilik mətnidir. Beynəlxalq konvensiyadan fərqli olaraq, Model qanunun qəbul edilməsi BMT-yə və ya digər dövlətlərə rəsmi bildiriş tələb etmir. Bununla belə, dövlətlərdən katibliyin status səhifələrini yeniləyə bilməsi üçün UNCITRAL katibliyinə bu barədə məlumat vermələri güclü şəkildə tövsiyə olunur.
- Model Qanun balanslaşdırılmış və tam bir müddəalar toplusu kimi nəzərdən keçirilməli və ayrıca qanun kimi və ya mübahisələrin həlli haqqında qanunun tərkib hissəsi kimi qəbul edilə bilər.
- Dövlətlər bu qanunvericilik mətnini öz hüquqi sistemlərinə daxil edərkən bəzi müddəaları dəyişdirə və ya çıxara bilərlər. Model qanunvericiliyin daxili sərbəstliyi xüsusilə mətnin milli məhkəmə və prosedur sisteminə uyğunlaşdırılması üçün dəyişikliklərin qaçılmaz olduğu hallarda faydalıdır. Bununla belə, harmonizasiya və hüquqi müəyyənlik məqsədi ilə dəyişikliklərin minimum səviyyədə saxlanılması tövsiyə olunur. Əsas səbəb ondan ibarətdir ki, xarici tərəflər, hüquq məsləhətçiləri və mediatorlar üçün milli qanun mümkün qədər şəffaf və tanış olsun.
- Sinqapur Mediasiya Konvensiyasını qəbul etmiş dövlətlər Model Qanunun 3-cü bölməsindən kənara çıxmamağı nəzərdən keçirməlidir, çünki həmin bölmənin müddəaları Konvensiya mətnini əks etdirir. Bu bölmə ayrıca “barışıq sazişləri haqqında” qanun kimi qəbul edilə bilər və uyğunluğu qoruyar. Bununla belə, dövlətlər bu bölməni tətbiq edərkən barışıq sazişlərinə daha əlverişli rejim təqdim etməkdə sərbəstdirlər.
C. Model Qanunun əhatə dairəsi və strukturu
20. Model Qanunu hazırlayarkən və predmetini nəzərdən keçirərkən Komissiyanın məqsədi qanunun ən geniş kommersiya mübahisələrinə şamil olunması idi. Komissiya razılaşdı ki, qanunun adı beynəlxalq kommersiya mediasiyasına və mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişlərinə istinad etməlidir. Model Qanun beynəlxalq və kommersiya mübahisələri ilə məhdudlaşsa da, onu qəbul edən dövlətlər qanunun tətbiq dairəsini daxili kommersiya mübahisələrinə və bəzi qeyri-kommersiya mübahisələrinə də genişləndirməyi nəzərdən keçirə bilərlər (3-cü maddəyə 3-cü qeyd bax).
21. Model Qanun, proses və nəticəyə tərəflərin nəzarətinin vacibliyinə əsaslanaraq, müvafiq məsələlər üzrə anlayışları, prosedurları və tövsiyələri ehtiva edir.
22. Model Qanunun 1-ci bölməsi ümumi müddəaları əhatə edir. 1-ci maddə Model Qanunun tətbiq dairəsini müəyyənləşdirir və mediasiyanı ümumi şəkildə tərif edir. Bu tip müddəalar adətən qanunvericilikdə qanunun əhatə etdiyi məsələlərin dairəsini müəyyənləşdirmək üçün nəzərdə tutulur. 2-ci maddə Model Qanunun beynəlxalq mənbəyinə istinad etməklə onun şərhi üzrə rəhbərlik təqdim edir.
23. 2-ci bölmə beynəlxalq kommersiya mediasiyasına aiddir. 3-cü maddə mediasiyanın beynəlxalq xarakterini müəyyən edir. 4-cü maddə açıq şəkildə göstərir ki, 7-ci maddənin 3-cü bəndi istisna olmaqla, Model Qanunun bütün müddəaları tərəflərin razılığı ilə dəyişdirilə bilər. 5-ci maddədən 12-ci maddəyə qədər olan müddəalar mediasiyanın prosedur məsələlərini əhatə edir. Bu müddəalar xüsusilə tərəflər mediasiyanı tənzimləyən xüsusi qaydalar qəbul etmədikdə, əsasən ehtiyat (default) müddəalar kimi nəzərdə tutulub. Həmçinin onlar tərəflərin müqaviləsində müəyyən edilmiş mübahisələrin həlli mexanizmlərinə əlavə olaraq köməkçi rol oynayır. Bu müddəaların mühüm məqsədlərindən biri mediasiya prosesindəki məlumatların arbitraj və ya məhkəmə proseslərinə keçməsinin qarşısını almaqdır. 2-ci bölmənin qalan müddəaları (13–15-ci maddələr) mediasiyanı aparan şəxsin arbitr kimi çıxış etməsi, digər proseslərin başlanması və mediasiya nəticəsində əldə olunmuş barışıq sazişlərinin məcburiliyi kimi məsələləri tənzimləyir ki, bu sahələrdə qanuni müddəaların olmaması nəticəsində yaranacaq qeyri-müəyyənliyin qarşısı alınsın.
24. 3-cü bölmə mediasiya nəticəsində əldə olunmuş beynəlxalq barışıq sazişlərinə aiddir. 16-cı maddə bu bölmənin tətbiq dairəsini və ona aid anlayışları müəyyən edir. 17 və 18-ci maddələr barışıq sazişinə əsaslanmaq və ondan irəli gələn hüquqi təminatlar üçün müraciət edən tərəflərə şamil olunan ümumi prinsipləri və tələbləri göstərir. 19-cu maddə təminat verilməsindən (kömək göstərilməsindən) imtina üçün əsasları müəyyən edir. 20-ci maddə isə qarşılıqlı müraciətlər və iddialarla bağlıdır.
25. Yalnız mediasiya prosesi üzrə qanun qəbul etmək istəyən, lakin mediasiya nəticəsində əldə olunmuş barışıq sazişləri üzrə vahid qaydalar qəbul etməyi nəzərdə tutmayan dövlətlər Model Qanunun 1-ci və 2-ci bölmələrinə əsaslanan qanunvericilik qəbul edə bilərlər. Hal-hazırda UNCITRAL Model Qanununun Beynəlxalq Kommersiya Mediasiyası üzrə status səhifəsində adı çəkilən dövlətlər 1-ci və 2-ci bölmələrə uyğun qanunvericiliyi olan dövlətlərdir. Yalnız mediasiya nəticəsində əldə olunmuş barışıq sazişləri üzrə qanun qəbul etmək istəyən, lakin mediasiya prosesi üzrə vahid qaydalar qəbul etməyi nəzərdə tutmayan dövlətlər isə Model Qanunun 1-ci və 3-cü bölmələrinə əsaslanan qanunvericilik qəbul edə bilərlər.
D. UNCITRAL katibliyinin yardımı
26. Təlim və yardım fəaliyyəti çərçivəsində UNCITRAL katibliyi, Model Qanuna əsaslanan qanunvericilik hazırlayan hökumətlərə texniki məsləhətlər verə bilər. Daha ümumi şəkildə, katiblik digər UNCITRAL model qanunlarına əsaslanan və ya UNCITRAL tərəfindən hazırlanmış beynəlxalq ticarət hüququ üzrə konvensiyalara qoşulmağı nəzərdən keçirən hökumətlərə də texniki yardımlar göstərə bilər.
27. Model Qanun, həmçinin Təlimat və UNCITRAL tərəfindən hazırlanmış digər model mətnlər, qanunlar və konvensiyalar haqqında əlavə məlumat aşağıdakı ünvandan UNCITRAL katibliyindən əldə edilə bilər. Katiblik, Model Qanun və Təlimatla bağlı rəyləri, eləcə də Model Qanuna əsaslanan qanunvericiliyin qəbul olunması ilə bağlı məlumatları məmnuniyyətlə qəbul edir.
UNCITRAL katibliyi
Vyana Beynəlxalq Mərkəzi
P.O. Box 500
1400 Vyana
Avstriya
Telefon: +(43) (1) 26060-4060 və ya 4061
Elektron poçt: uncitral@un.org
Veb səhifə: http://uncitral.un.org
II. Maddə-maddə izahlar
Bölmə 1. Ümumi müddəalar
1-ci Bölmə üzrə şərhlər
Model Qanunun 1-ci bölməsi 2-ci və 3-cü bölmələrə aid ümumi müddəaları özündə cəmləşdirir. Bu, 1-ci maddənin 1-ci bəndində əksini tapır və burada Qanunun həm beynəlxalq kommersiya mediasiyasına, həm də beynəlxalq barışıq sazişlərinə tətbiq olunduğu göstərilir.
1-ci Maddə. Qanunun tətbiq dairəsi və anlayışlar
- Bu Qanun beynəlxalq kommersiya mediasiyasına və beynəlxalq barışıq sazişlərinə şamil edilir.
- Bu Qanunun məqsədləri üçün “mediator” dedikdə, tək bir mediator və ya iki və ya daha çox mediator nəzərdə tutulur.
- Bu Qanunun məqsədləri üçün “mediasiya” dedikdə - mediasiya, konsiliasiya və ya oxşar məna ifadə edən digər terminlərlə adlandırıla bilən bir proses nəzərdə tutulur. Bu prosesdə tərəflər, müqavilə və ya digər hüquqi münasibətdən doğan mübahisələrinin qarşılıqlı razılıq əsasında həllinə nail olmaq üçün üçüncü şəxsi və ya şəxsləri (“mediator”) onlara yardım etməsi üçün cəlb edirlər. Mediatorun tərəflərə mübahisə üzrə həll variantını məcburi şəkildə tətbiq etmək səlahiyyəti yoxdur.
“Kommersiya” anlayışı geniş mənada başa düşülməli və müqaviləyə əsaslanan və ya əsaslanmayan bütün kommersiya xarakterli münasibətlərə şamil edilməlidir. Kommersiya xarakterli münasibətlərə, lakin bununla məhdudlaşmamaq şərtilə, aşağıdakı əməliyyatlar daxildir: malların və ya xidmətlərin təchizatı və ya mübadiləsi üzrə istənilən ticarət əməliyyatı; distribyutorluq müqaviləsi; kommersiya nümayəndəliyi və ya agentliyi; faktorinq; lizinq; tikinti işləri; konsaltinq; mühəndislik; lisenziyalaşdırma; investisiya; maliyyələşdirmə; bank işi; sığorta; idarəetmə və ya konsessiya; birgə müəssisə və digər sənaye və ya biznes əməkdaşlığı formaları; habelə hava, dəniz, dəmir yolu və ya avtomobil nəqliyyatı ilə yük və ya sərnişin daşımaları.
UNCITRAL əvvəlki mətnlərində və müvafiq sənədlərində “konsiliasiya” terminindən istifadə edərək “konsiliasiya” və “mediasiya” anlayışlarını eyni mənalı hesab edirdi. Bu Model Qanunun hazırlanması zamanı Komissiya, terminlərin faktiki və praktik istifadəsinə uyğunlaşmaq, eləcə də Model Qanunun təşviqini və tanınmasını artırmaq məqsədilə “mediasiya” sözünü işlətməyə qərar verdi. Terminologiyadakı bu dəyişiklik mahiyyət və məzmun baxımından hər hansı fərq yaratmır.
1-ci Maddə üzrə şərhlər
1-ci Maddənin məqsədi
29. 1-ci Maddənin məqsədi Model Qanunun tətbiq dairəsini müəyyən etməkdir və bu, birbaşa olaraq beynəlxalq kommersiya mediasiyası və beynəlxalq barışıq sazişlərinə istinad etməklə ifadə olunur.
“Kommersiya” mediasiyası anlayışı
30. Model Qanun hazırlanarkən razılaşdırılmışdır ki, vahid qaydaların tətbiqi kommersiya məsələləri ilə məhdudlaşdırılmalıdır (A/CN.9/468, bənd 21; A/CN.9/485, bəndlər 113-114; A/CN.9/487, bəndlər 88-89). 1-ci Maddənin 1-ci bəndinə aid 1 saylı Qeyd "kommersiya" xarakterli ola biləcək münasibətlərin Model və və açıq siyahısını təqdim edir. Bu qeydin məqsədi inklüziv və geniş olmaq, həmçinin milli hüquqda hansı əməliyyatların kommersiya xarakterli hesab olunmasına dair yarana biləcək çətinliklərin qarşısını almaqdır. Bu, "Beynəlxalq Kommersiya Arbitrajı üzrə UNCITRAL Model Qanunu"nun (Arbitraj üzrə Model Qanun) 1-ci maddəsinin 2 saylı qeydində göstərilmiş tərifdən ilhamlanmışdır. Model Qanunda "kommersiya" anlayışına ciddi, dəqiq bir tərif verilməmişdir; məqsəd odur ki, bu termin mümkün qədər geniş şəkildə şərh edilsin və kommersiya xarakterli bütün hüquqi münasibətlərdən, istər müqavilədən irəli gələn, istərsə də gəlməyən məsələləri əhatə etsin. 1 saylı qeyd təklif olunan şərhin genişliyini vurğulayır və aydınlaşdırır ki, meyar milli hüquqda “kommersiya” anlayışına verilən tərifə əsaslanmır. Bu, xüsusilə ayrıca kommersiya hüquq sistemi olmayan ölkələr üçün faydalı ola bilər; belə bir sistem mövcud olan ölkələr arasında isə bu qeyd harmonizasiya rolunu oynaya bilər. Bəzi ölkələrdə qanunvericilik mətnində qeydlərdən istifadə qəbul olunmuş qanunvericilik praktikası hesab olunmaya bilər. Bu halda Model Qanunu qəbul edən milli orqanlar qeyd mətnini qəbul edilən qanunvericiliyin mətninə daxil etməyi nəzərdən keçirə bilərlər.
31. Kommersiya məsələləri ilə məhdudlaşdırma yalnız UNCITRAL-ın kommersiya məsələlərinə dair mətnlər hazırlamaq mandatının əks olunması deyil, həm də kommersiya xaricindəki məsələlərin mediasiyasının ümumi harmonizasiya üçün asanlıqla uyğun olmayan siyasət məsələlərinə toxunması faktının nəticəsidir. Bununla belə, əgər bir ölkə kommersiya xarici mübahisələrə dair qanunvericilik qəbul etmək istəsə, Model Qanun faydalı bir Model ola bilər. Model Qanun açıq şəkildə kommersiya mediasiyası ilə məhdudlaşdırılsa da, bu, onu qəbul edən dövlətin Model Qanunun tətbiq dairəsini kommersiya xaricindəki mediasiyanı da əhatə edəcək şəkildə genişləndirməsinə mane olmur. Qeyd edilməlidir ki, bəzi yurisdiksiyalarda, xüsusilə federal dövlətlərdə, beynəlxalq ticarəti daxili ticarətdən ayırmaqda ciddi çətinliklər yarana bilər (A/CN.9/506, bənd 16).
Mediasiya anlayışı
32. Model Qanunda "mediasiya" anlayışı könüllü şəkildə həyata keçirilən, tərəflərin və neytral üçüncü şəxs və ya şəxslərin köməyi ilə idarə olunan, həmin şəxslərin tərəflərə mübahisənin həllinə dair məcburi qərar vermək səlahiyyətinə malik olmadığı geniş bir prosesi ifadə edir. Praktikada mübahisənin həllinə nail olmaq üçün müxtəlif prosedur vasitə və texnikaları istifadə oluna bilər və bu vasitə və texnikalara müxtəlif ifadələrlə istinad edilə bilər. Model Qanun hazırlanarkən Komissiya, 1-ci Maddənin tətbiq dairəsinə daxil ola biləcək bütün bu vasitə və texnikaları əhatə etmək niyyətində olmuşdur. Model Qanunda əksini tapan qanunvericilik siyasəti bütün mübahisələrin həlli üsullarına bərabər şəkildə tətbiq edilməlidir. Məsələn, Model Qanun həm "ad hoc", həm də müəyyən bir təşkilatın qaydaları ilə idarə olunan "institusional" mediasiyalara şamil edilə bilər.
33. 1-ci Maddənin 3-cü bəndi mediasiya anlayışının tərifi üçün zəruri elementləri müəyyən edir (bax: A/CN.9/487, bənd 102; A/CN.9/506, bəndlər 29-30), o cümlədən:
- Mübahisənin mövcudluğu;
- Tərəflərin qarşılıqlı razılaşmaya nail olmaq niyyəti; və
- Neytral və müstəqil üçüncü şəxs və ya şəxslərin iştirakı, hansı ki, onlar tərəflərə qarşılıqlı razılaşmaya nail olmaq təşəbbüsündə kömək edir, lakin hər hansı bir məcburi həll yolu tətbiq etmək səlahiyyətinə malik deyillər.
34. Məqsəd mediasiyanı, bir tərəfdən, məcburi arbitrajdan digər tərəfdən isə tərəflərin və ya onların nümayəndələrinin sadəcə danışıqlarından fərqləndirməkdir. 3-cü bəndin son cümləsi ("Mediasiyanı aparan şəxs tərəflərə mübahisənin həlli üçün məcburi qərar tətbiq etmək səlahiyyətinə malik deyil") mediasiya ilə arbitraj kimi proseslər arasındakı əsas fərqi daha da aydınlaşdırmaq və vurğulamaq məqsədi daşıyır (bax: A/CN.9/861, bənd 22).
35. Konkret faktiki vəziyyətdə 3-cü bənddə göstərilmiş mediasiya anlayışı üçün tələb olunan elementlərin mövcudluğunu yoxlayarkən, məhkəmələr tərəflərin mediasiya prosesində olduqlarının fərqində olduqlarını və bunu anladıqlarını göstərən hər hansı sübutu nəzərə almağa dəvət olunur. Belə sübut işin hallarına, tərəflərin daxil olduqları prosesə dair anlayışlarına və gözləntilərinə əsaslana bilər.
1-ci Maddəyə dair UNCITRAL sənədlərinə istinadlar
BMT Baş Assambleyasının Rəsmi Sənədləri, Yetmiş üçüncü sessiya, Əlavə № 17 (A/73/17), bənd 22;
BMT Baş Assambleyasının Rəsmi Sənədləri, Əlli yeddinci sessiya, Əlavə № 17 (A/57/17), bəndlər 15-27, 135-140 və 151;
A/CN.9/943, bəndlər 7 və 8;
A/CN.9/934, bəndlər 16, 30-32 və 120;
A/CN.9/WG.II/WP.205, bənd 39;
A/CN.9/929, bəndlər 43, 102-104 və 106;
A/CN.9/896, bəndlər 39-47;
A/CN.9/867, bəndlər 102-121;
A/CN.9/WG.II/WP.195, bəndlər 13-25;
A/CN.9/861, bəndlər 21-22, 40-43;
A/CN.9/WG.II/WP.190, bəndlər 25-29;
A/CN.9/506, bəndlər 28-31;
A/CN.9/WG.II/WP.115, bəndlər 8-11;
A/CN.9/487, bəndlər 100-104;
A/CN.9/WG.II/WP.113/Add.1, qeydlər 7-8;
A/CN.9/485, bəndlər 108-109, 111-116 və 123-124;
A/CN.9/WG.II/WP.110, bəndlər 83-85 və 88;
A/CN.9/468, bənd 19;
A/CN.9/WG.II/WP.108, bənd 11;
A/CN.9/460, bəndlər 8-10.
2-ci Maddə. Şərh
- Bu Qanunun şərhində onun beynəlxalq mənşəyinə, tətbiqində vahidliyi təmin etmək və xoş niyyət prinsipinə riayət olunması zərurətinə diqqət yetirilməlidir.
- Bu Qanunla tənzimlənən, lakin açıq şəkildə həll olunmamış məsələlər bu Qanunun əsaslandığı ümumi prinsiplərə uyğun olaraq həll edilməlidir.
2-ci Maddə üzrə şərhlər
Model Qanunun şərhi
36. 2-ci Maddə məhkəmələr və digər milli və ya yerli orqanlar üçün Model Qanunun şərhinə dair istiqamət verir. Burada onun beynəlxalq mənşəyinə, tətbiqində vahidliyi təmin etmək və xoş niyyət prinsipinə əməl etmək zərurətinə xüsusi diqqət ayrılır. Bu müddəa 1980-ci il tarixli “Malların Beynəlxalq Alqı-Satqısı Müqavilələri haqqında BMT Konvensiyası”nın (CISG) 7-ci maddəsindən, 1996-cı il tarixli UNCITRAL Elektron Ticarət üzrə Model Qanununun 3-cü maddəsindən, 1997-ci il tarixli UNCITRAL Sərhədlərarası Müflisləşmə üzrə Model Qanununun 8-ci maddəsindən və 2001-ci il tarixli UNCITRAL Elektron İmzalar üzrə Model Qanununun 4-cü maddəsindən ilhamlanmışdır (A/CN.9/506, bənd 49). 2-ci Maddənin gözlənilən təsiri ondadır ki, vahid mətn yerli qanunvericiliyə daxil edildikdən sonra yalnız yerli hüquq anlayışlarına istinad edilməklə şərh edilməsinin qarşısı alınsın. 1-ci bəndin məqsədi məhkəmələr və digər milli orqanların diqqətini bu fakta yönəltməkdir ki, Model Qanunun (və ya onu həyata keçirən sənədin) müddəaları daxili qanunvericiliyin bir hissəsi kimi qəbul edilsə də və buna görə daxili xarakter daşısa da, onların şərhi beynəlxalq mənşəyə istinad edilərək aparılmalı və bu yolla müxtəlif ölkələrdə vahid şərh təmin edilməlidir. Məhkəmə təcrübəsi (case-law) - hansı ki, UNCITRAL-ın vahid mətni üzrə məhkəmə qərarlarını toplayan CLOUT (UNCITRAL Case Law on UNCITRAL Texts) bazasında mövcuddur - həm milli orqanlara, həm də məhkəmələrə Model Qanunun şərhində yardımçı ola bilər. Buna görə də dövlətlər və digər maraqlı tərəflər CLOUT-a töhfə verməyə təşviq edilir ki, Model Qanunun vahid şərhinə kömək olunsun.
Model Qanunun əsaslandığı ümumi prinsiplər
37. 2-ci bənd müəyyən edir ki, Model Qanunda hər hansı bir məsələ açıq şəkildə həll olunmayıbsa, onun əsaslandığı ümumi prinsiplərə istinad edilə bilər. Model Qanunun əsaslandığı ümumi prinsiplərə dair aşağıdakı numunəvi siyahı nəzərə alına bilər:
- Mediasiyanı kommersiya münasibətlərinin pozulması ilə nəticələnən mübahisə hallarının sayını azaltmaq və kommersiya tərəfləri tərəfindən beynəlxalq əməliyyatların idarə olunmasını asanlaşdırmaq üçün mübahisələrin həlli üsulu kimi təşviq etmək;
- Mübahisələrin həlli üçün sərbəst, vaxt və xərc baxımından qənaətcil, lazımsız riskləri azaldan bir alət təqdim etmək;
- Ədalət mühakiməsinə çıxışı asanlaşdırmaq, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün;
- Mediasiyanı asanlaşdıran, prosesin bütövlüyünə və tərəflərin müstəqilliyinə hörmət edən, tərəflərin fəal iştirakını təşviq edən beynəlxalq harmonizasiya olunmuş hüquqi həllər təqdim etmək və bununla da vətəndaşlar arasında hüququn aliliyi mədəniyyətini inkişaf etdirmək;
- Tərəflər arasında səmimi və açıq müzakirələri təşviq etmək üçün prosesin məxfilik prinsipini təmin etmək, mediasiya zamanı ortaya çıxan bəzi məlumat və faktların sonrakı proseslərdə açıqlanmasını məhdudlaşdırmaq (yalnız qanunla tələb olunan və ya icra və tətbiq məqsədləri üçün açıqlama zərurəti istisna olmaqla);
- Onlayn prosedurlar kimi texnoloji inkişaflardan qaynaqlanan mediasiya prosesindəki yenilik və dəyişiklikləri dəstəkləmək;
- Mediasiya nəticəsində əldə edilən barışıq sazişlərinin sərhədlərarası icrasını asanlaşdırmaq üçün möhkəm hüquqi çərçivə təmin etmək.
2-ci Maddəyə dair UNCITRAL sənədlərinə istinadlar
BMT Baş Assambleyasının Rəsmi Sənədləri, Yetmiş üçüncü sessiya, Əlavə № 17 (A/73/17), bənd 53;
BMT Baş Assambleyasının Rəsmi Sənədləri, Əlli yeddinci sessiya, Əlavə № 17 (A/57/17), bəndlər 28-29 və 154;
A/CN.9/506, bənd 49.
2-ci Bölmə. Beynəlxalq kommersiya mediasiyası
2-ci Bölməyə dair şərhlər
38. 2-ci Bölmə mediasiya prosesini əhatə edir və 2002-ci il Model Qanununa, onun 1-ci maddənin 1-ci və 4-cü bəndlərinə, həmçinin 3-dən 14-ə qədər olan maddələrinə əsaslanır.
3-cü Maddə. Bu bölmənin tətbiq dairəsi və anlayışlar
- Bu bölmə beynəlxalq kommersiya mediasiyasına tətbiq edilir.
- Mediasiya “beynəlxalq” hesab olunur əgər:
(a) Mediasiya sazişinin tərəfləri həmin sazişin bağlanması zamanı müxtəlif dövlətlərdə yerləşən fəaliyyət ünvanlarına malikdirsə; və ya
(b) Tərəflərin fəaliyyət ünvanının yerləşdiyi dövlət aşağıdakılardan fərqlidirsə:
(i) Kommersiya münasibətindən irəli gələn öhdəliklərin mühüm hissəsinin icra olunacağı dövlət; və ya
(ii) Mübahisənin predmeti ilə sıx əlaqəsi olan dövlət.
- 2-ci bəndin məqsədləri üçün:
(a) Əgər tərəfin birdən çox fəaliyyət ünvanı varsa, bu zaman fəaliyyət ünvanı mediasiya sazişi ilə sıx əlaqəsi olan yerdir;
(b) Əgər tərəfin fəaliyyət ünvanı yoxdursa, tərəfin daimi olduğu yerə (yaşayış yerinə) istinad edilir.
- Bu bölmə, tərəflər mediasiyanın beynəlxalq xarakter daşıdığını və ya bu bölmənin tətbiqini qəbul etdikdə, kommersiya mediasiyasına da tətbiq olunur.
- Tərəflər bu bölmənin tətbiqini istisna etməkdə sərbəstdirlər.
- Bu maddənin 7-ci bəndinin müddəalarına tabe olmaqla, bu bölm11 Sentyabr 2025



