Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

MƏHKƏMƏLƏRDƏ DAHA DAYANIQLI MÜBAHİSƏ HƏLLİNƏ DOĞRU: LİTVADA MƏHKƏMƏ MEDİASİYASININ ÇƏTİNLİKLƏRİ ÜZRƏ EMPİRİK TƏDQİQAT

Agnė Tvaronavičienė, Natalija Kaminskienė, Irena Žemaitaitytė, Maria Cudowska

(original mətn https://jssidoi.org/jesi/uploads/articles/31/Tvaronaviciene_Towards_more_sustainable_dispute_resolution_in_courts_empirical_study_on_challenges_of_the_courtconnected_mediation_in_Lithuania.pdf)

Məqalə hüquqşünas Əsməgül Kamilova tərəfindən tərcümə edilmişdir.

Xülasə. Məhkəmə mediasiyası Litvada daha dayanıqlı mübahisə həlli təcrübələrini təşviq etmək məqsədilə 2005-ci ildə tətbiq edilmişdir. Məqalə Litvanın mülki ədliyyə sahəsində məhkəmə mediasiyası üzrə təcrübələrinin genişləndirilmiş təqdimatıdır. O, mediasiyada baxılan işlərin sayının artımının dayanması ilə xarakterizə olunan və “plateau/durğunluq” adlandırılan problemi araşdırır və bununla da ümumilikdə məhkəmə mediasiyasının gələcəyinin nə olacağı sualını ortaya qoyur. Müəlliflər Litvanın məhkəmə mediasiyası modelinin əsas xüsusiyyətlərini və onun formalaşma mərhələlərini təqdim edirlər. Müəlliflər nəzərdən keçirilən problemin mümkün səbəblərinin, eləcə də məhkəmələrdə dayanıqlı mübahisə həlli təcrübələri ilə bağlı əsas fərziyyələrin daha yaxşı anlaşılmasını təmin etməyə çalışırlar. Daha sonra müəlliflər tərəfindən 2021-ci ilin əvvəlində aparılmış və təhlil edilən problemə həsr olunmuş ilkin kəmiyyət və keyfiyyət empirik sorğunun nəticələri təqdim olunur. Tədqiqat Polşadan əldə edilmiş məlumatlarla tamamlanır ki, bu da Şərqi Avropada məhkəmə mediasiyası ilə bağlı problemlərin bir kəsiyini təqdim edir. Polşanın perspektivi hakimlərin mediator kimi birbaşa iştirak etmədiyi fərqli məhkəmə mediasiyası modelini seçmiş başqa bir hüquq sisteminə nəzər salmağa imkan verir. Bununla belə, Polşadan əldə edilən məlumatlar mediasiyada baxılan işlərin davamlı artım meylini göstərir. Məqalə məhkəmə mediasiyasının və mümkün olaraq ümumilikdə mediasiyanın inkişafı prosesində mediasiya durğunluğunun səbəbləri və nəticələri barədə müzakirə, nəticələr və tövsiyələrlə yekunlaşır. Məqalə Şərqi Avropa təcrübələri və mediasiyanın inkişafı ilə bağlı problemlərlə maraqlanan həm praktik, həm də elmi mübahisə həlli mütəxəssislərinə həsr edilmişdir.    

1. Giriş

Məhkəmə mediasiyası Litvada mediasiyanın inkişafının ilkin forması olmuşdur və məhkəmədənkənar mediasiya ilə müqayisədə son 15 il ərzində məhkəmə mediatorları siyahısına qoşulmağa qərar verən çoxsaylı həvəskarların və məhkəmədə aparılan mediasiyaların sayının artımı ilə diqqətəlayiq nəticələr göstərmişdir. Məhkəmə mediasiyasının tətbiq edilməsinin əsas məqsədi sosial dialoqu təşviq etmək və barışıq sazişlərini artırmaqdır, çünki tərəflərin qarşı-qarşıya gəldiyi ənənəvi məhkəmə çəkişməsi dayanıqlılığa gətirib çıxaran mübahisə həlli prosesi kimi qəbul edilə bilməzdi (Kaminskiene və digərləri, 2014). Lakin görünür ki, məhkəmə mediasiyası üçün şöhrətli dövr artıq geridə qalmışdır. Aşağıda sübut edildiyi kimi, Litvada məhkəmə mediasiyası mübahisələrin həlli üçün üstün tutulan üsul kimi populyar görünmür. Əslində, son dörd il ərzində məhkəmə mediasiyası işlərinin sayı sabit qalmış, əhəmiyyətli dəyişiklik göstərməmişdir. Hazırda bu vəziyyət “plateau” kimi təsvir edilə bilər və belə bir vəziyyətin qarşısını almaq üçün nə edilə biləcəyi, həmçinin daha geniş mənada yalnız Litvada deyil, mediasiya durğunluğu problemləri ilə üzləşən digər ölkələrdə də məhkəmə mediasiyasının gələcəyinin necə olacağı suallarına cavab tələb edir.  

Elmi müzakirə başqa bir ölkədə məhkəmə mediasiyasının inkişaf mövqeyindən kənardan baxış tələb edir. Buna görə də məqalədə hakimlərin mediator kimi iştirak etmədiyi Polşanın məhkəmə mediasiyası modelinin qısa icmalı təqdim olunur və bu modelin mediasiyanın sabit artım meyli göstərdiyi iddia olunur.


Bu məqalənin məqsədi məhkəmə mediasiyasının durğunluğu probleminin səbəblərini təhlil etmək, onun aradan qaldırılması yollarını və məhkəmə mediasiyasının gələcək inkişaf istiqamətlərini təklif etməkdir.

Mövzu üzrə əvvəlki tədqiqatlar. Məhkəmə mediasiyası mövzusu adətən mediasiya üzrə ümumi elmi tədqiqatların təbii bir hissəsini təşkil edir, çünki məhkəmə mediasiyası mediasiyanın kifayət qədər populyar formasıdır. Bununla belə, bəzi müəlliflər məhkəmə mediasiyasının demokratik ədalət sisteminin yenidən canlandırılmasının bir hissəsi olub-olmaması, yoxsa onun daha da zəifləməsinə səbəb olub-olmaması barədə müzakirə aparırlar (Welsh 2004, 117). Bununla yanaşı, məhkəmə mediasiyası modellərinin və ya proqramlarının problemlilik və effektivlik baxımından empirik şəkildə təhlil edildiyi tədqiqatlar əsasən Amerika alimlərinin işlərində üstünlük təşkil edir, lakin Avropa üçün o qədər də geniş yayılmamışdır. Roselle L. Wisslerin (2004) işləri məhkəmə ilə əlaqəli ümumi mülki işlər üzrə mediasiya ilə bağlı empirik tədqiqatların nəticələrini təqdim etmiş və ABŞ-da istifadə olunan məhkəmə mediasiyası proqramının ümumi effektivliyi sualına cavab vermişdir. Ailə münasibətlərinə aid olmayan mülki işlər üzrə mediasiya aparan məhkəmə mediasiyası proqramları üçün ən yaxşı təcrübələrə dair mövcud empirik məlumatlardan çıxarılan nəticələr Barbara McAdoo, Nancy Welsh və Roselle Wisslerin (2003) məqaləsində müzakirə olunur. John Lande (2004) bəzi mediasiya proqramlarının niyə arzu olunan nəticələr verdiyini, digərlərinin isə ənənəvi məhkəmə çəkişmələrini üstələyə bilmədiyini təhlil etmişdir. Qlobal perspektiv Shahla F. Ali-nin (2018) işlərində təqdim olunur; o, dünyanı beş regionunda (Avropa daxil olmaqla) məhkəmə mediasiyası proqramlarını həyata keçirən praktiklərin münasibət və qavrayışlarını araşdıraraq, mülki iddiaların idarə edilməsi, təmsil olunması və mediasiya ilə birbaşa məşğul olan şəxslərin baxış bucağından dinamikanı, çətinlikləri və əldə edilmiş dərsləri anlamağa çalışmışdır.

Litvada məhkəmə mediasiyası mövzusu əvvəllər Natalija Kaminskienė (2010) tərəfindən təhlil edilmişdir (məqalədə pilot məhkəmə mediasiyası layihəsinin nəticələri qiymətləndirilir, qarşılaşılan problemlər müəyyən edilməyə və mümkün həll yolları təklif edilməyə çalışılır), Ieva Saudargaitė (2015) tərəfindən (tədqiqatın obyekti Litvada mülki mübahisələr üzrə məhkəmə mediasiyasının hüquqi tənzimlənməsidir), Agnė Tvaronavičienė və Natalija Kaminskienė (2019) tərəfindən (məqalədə inzibati hüquqda məhkəmə mediasiyasının tətbiqi təhlil edilir və bu sahədə hüquqi çərçivənin mümkün təkmilləşdirilməsi təklif olunur). Müəlliflər Sandra Molė və Jolanta Sondaitė (2014; 2019) məhkəmə mediatorlarının Məhkəmə mediasiyası təcrübəsinə münasibətlərini psixoloji baxımdan təhlil etmişlər. Məhkəmə ilə əlaqəli və özəl ailə mübahisələri mediasiyasının imkanları Salomėja Zaksaitė və Zigmas Garalevičiusun (2009) işində təsvir edilmişdir. Lakin bu işlərin əksəriyyəti məhkəmə mediasiyasının “çiçəkləndiyi” və say baxımından artdığı dövrdə dərc edilmişdir. Litvada Məhkəmə mediasiyasının hazırkı durğunluğu ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Bu tədqiqat praktikada məhkəmə mediasiyasının mövcud problemlərinə həsr olunmuş kəmiyyət və keyfiyyət empirik araşdırmanın aparılması istiqamətində ilk cəhddir.

Metodologiya. Tədqiqat elmi ədəbiyyatın icmalı, sənəd və müqayisəli təhlil, kəmiyyət və keyfiyyət empirik metodlardan istifadə edilməklə həyata keçirilmişdir.

2. Nəzəri əsaslar

Mediasiya Litva hüquq sistemində ilk dəfə 2005-ci ildə məhkəmə mediasiyası üzrə pilot layihə vasitəsilə tətbiq edilmişdir. Layihə Litva mülki prosessual hüququnda yenilik olan və 2003-cü ildə yeni Mülki Prosessual Məcəllə (bundan sonra — MPM) ilə tətbiq edilmiş məhkəmə barışdırma institutunun daxil edilməsindən ilhamlanmışdır. Pilot layihə mediasiya anlayışı ilə tanış olan bir neçə hakim və akademik tərəfindən həyata keçirilmiş, onlar Kanadanın Kvebek əyalətində qəbul edilmiş modeli və onun Litva məhkəmələrində tətbiqini güclü şəkildə dəstəkləmişlər (Kaminskienė 2010).

İlkin mərhələdə mediasiya proseduru yalnız Litvanın paytaxtı Vilnüsdə yerləşən bir məhkəmədə tətbiq edilirdi. 2006-cı ildə artıq bir neçə rayon məhkəməsi bu prosedurdan istifadə edirdi və müsbət nəticələr əldə edildikdən sonra, 2007-ci ildə Məhkəmə Şurasının 13P-15 saylı Qərarına əsasən, bu prosedur Litvanın bütün məhkəmələrinə şamil edildi. Cəmi bir neçə il ərzində pilot layihə ölkə üzrə mülki işlərdə daimi məhkəmə mediasiyası proqramına çevrildi.

Mediasiyanın məhz məhkəmələrdən başlanılması seçimi əsasən Litva cəmiyyətinin məhkəmənin nüfuzunu tanıması və hakimlərə etibar etməsi anlayışı ilə bağlı idi. Buna görə də tərəflərə mediasiyanı etibarlı şəkildə təklif edə biləcək və bununla öz nüfuzuna xələl gətirməyəcək ən uyğun şəxsin hakim olması qərara alındı.

Beləliklə, Kanadanın Kvebek əyalətindəki uğurlu təcrübə Litvada məhkəmə mediasiyası layihəsinin inkişafında tətbiq edilmişdir. Hətta bu gün də Litva və Kvebek məhkəmə mediasiyası modelləri arasında çoxlu oxşarlıqlar mövcuddur. Məsələn, hər iki model mübahisə tərəfləri ilə mediator arasında ayrıca görüşlərin keçirilməsi imkanını, məhkəmə mediasiyasında iştirak edən şəxsləri, məxfilik prinsipini və s. nəzərdə tutur. Bununla belə, zaman keçdikcə məhkəmə mediasiyasının daha səmərəli fəaliyyət göstərməsinə imkan vermək üçün bəzi yeni xüsusiyyətlər qəbul edilmişdir.

Pilot layihənin başlanğıcından etibarən Litvada məhkəmə mediasiyası tamamilə könüllü idi. Lakin 2019-cu ildən etibarən müəyyən hallarda hakimin mülahizəsinə əsasən mübahisə tərəfləri məcburi məhkəmə mediasiyasına yönləndirilə bilər (MPM maddə 231 (1)).

İlkin dövrdə məhkəmə mediasiyası Milli Məhkəmələr Administrasiyası tərəfindən idarə olunan məhkəmə mediatorları siyahısına daxil edilmiş məhkəmə tərəfindən təyin olunan mediator tərəfindən həyata keçirilirdi. Məhkəmə mediatorlarının siyahısı bu institutun yaranmasının əvvəlindən mövcud idi. 2018-ci ilin sonuna qədər siyahıda 450-dən çox mediator var idi və bu rəqəm artmaqda davam edirdi. Siyahıya daxil edilmiş məhkəmə mediatorlarının 81 faizi hakim deyildi - onlar vəkillər, hüquqşünaslar, psixoloqlar, sosial işçilər və s. idi. Maraqlıdır ki, məhkəmə mediatorlarının yalnız 19 faizi hakim olsa da, məhkəmə mediasiyalarının əksəriyyəti hakim-mediatorlar tərəfindən aparılırdı. Belə ki, 2018-ci ildə mülki işlərin 87 faizi hakim-mediatorlar, yalnız 13 faizi isə hakim olmayan mediatorlar tərəfindən mediasiyada baxılmışdır (Litva Məhkəmələrinin İllik Hesabatı, 2018).

Lakin 2019-cu ildən etibarən yalnız hakimlər “məhkəmə mediatoru” adlandırıla və məhkəmə mediatorları siyahısına daxil edilə bilər (Mediasiya haqqında Qanun, maddə 23, hissə 2). Hazırda siyahıda 105 hakim-mediator mövcuddur (Məhkəmə Mediatorlarının Siyahısı, 2021). Təlim keçmiş hakimlər məhkəmə mediatoru kimi fəaliyyət göstərir, digər mediatorlar isə yalnız obyektiv səbəblərə görə hakim-mediator mövcud olmadıqda Litva Respublikasının ümumi mediatorlar siyahısından təyin edilə bilər.

Litvada məhkəmə mediasiyasının başlanğıcından etibarən hakim işi mediasiyaya yönləndirmək istədikdə, özü mediator statusuna malik olsa belə, işi şəxsən mediasiya edə bilməz və onu başqa mediatora ötürməli idi. Lakin 2018-ci ildən etibarən tərəflərin razılığı ilə hakim-mediator əvvəlcə hakim kimi çıxış etdiyi işdə də mediasiya aparmaq hüququ əldə etmişdir (MPM maddə 231¹, hissə 2). Uğurlu barışıq əldə edildikdə belə hakim-mediator qərardadla barışıq sazişini təsdiq edə bilərdi. Əgər mediasiya uğursuz olardısa, işi əvvəldən araşdırmaq üçün başqa hakim təyin edilməli idi.

Son qanunvericilik dəyişikliklərindən sonra məhkəmə mediasiyası mülki prosesin təbii bir hissəsinə çevrilmişdir. Hazırda Litvada məhkəmə mediasiyası prosesi Mediasiya haqqında Qanun, MPM və Məhkəmə Mediasiyası Qaydalarına uyğun olaraq həyata keçirilir. Məhkəmə mediasiyası xidmətləri ödənişsiz təqdim olunur.

Məhkəmə mediatoru statusunu əldə etmək üçün xüsusi tələblər mövcuddur: üç ildən artıq hakimlik təcrübəsi olan hakim yalnız 16 saatlıq mediasiya təlimi keçməli və imtahan verməlidir. Digər mediatorlar isə Litva Respublikasının mediatorlar siyahısına daxil olmaq üçün 40 saatlıq mediasiya təlimi keçməli və imtahan verməlidirlər. Yalnız üç ildən az hakimlik təcrübəsi olan hakimlər bu ümumi tələblərə tabedirlər. Hakim olan mediatorların ixtisasartırma proseduru Hakimlər Şurası tərəfindən müəyyən edilir.

Son 8 il ərzində Litvada mülki işlər üzrə məhkəmə mediasiyasının inkişafı əhəmiyyətli olmuş və bu, Qrafik 1-də göstərilmişdir. Litvada məhkəmə mediasiyasının effektivliyi baxımından nəticələr göstərir ki, məhkəmə mediasiyalarının yarısından bir qədər azı (47 faiz) barışıqla başa çatır (Litva Məhkəmələrinin İllik Hesabatı, 2019).




Bununla belə, Litvada birinci instansiya məhkəmələrində mülki işlərin ümumi iş yükü ilə müqayisədə məhkəmə mediasiyalarının sayı olduqca azdır. Son məlumatlara görə, 2019-cu ildə məhkəmələrdə 159655 mülki iş başlanmışdır, lakin eyni dövrdə mülki işlər üzrə cəmi 533 mediasiya həyata keçirilmişdir.

Beləliklə, məhkəmə mediasiyası mübahisələrin həlli üçün üstün tutulan üsul kimi populyar görünmür. Əslində, son dörd il ərzində məhkəmə mediasiyası işlərinin sayı sabit qalmış, əhəmiyyətli dəyişiklik göstərməmişdir.

3. Tədqiqat metodologiyası

Tədqiqat üçün kəmiyyət və keyfiyyət tədqiqat yanaşmalarını birləşdirən qarışıq tədqiqat strategiyası seçilmiş, bununla da məlumatların toplanmasına kompleks yanaşma təmin edilmişdir. Tədqiqatın kəmiyyət hissəsi Litvada məhkəmə mediasiyasını təhlil etmək imkanı yaradır. Keyfiyyət tədqiqatının məqsədi isə Litvada məhkəmə mediasiyasının mövcud problemlərini, məhkəmə rəhbərliyinin və hakimlərin həmkarlarının mediatorlara və onların fəaliyyətinə münasibətini araşdırmaq üçün tədqiqat iştirakçılarının (hakimlər və hakim-mediatorlar) təcrübəsinə fokuslanmaqdır.

Kəmiyyət empirik sorğunun aləti sorğu anketidir. Hazırlanmış anket 20 sualdan ibarətdir. Sorğuda 90  respondent iştirak etmişdir. Məlumatların təhlili təsviri statistika metodlarının tətbiqi ilə həyata keçirilmişdir.

Keyfiyyət tədqiqatı üçün fokus-qrup metodu seçilmişdir və bu metod respondentlərin iş təcrübələri ilə bağlı düşüncələrinin toplanmasına imkan vermişdir (Morgan, 2010). Tədqiqatda Litvanın müxtəlif məhkəmələrindən 5 hakim və 5 hakim-mediator (6 qadın və 4 kişi) iştirak etmişdir. Tədqiqat məlumatları səs yazısı vasitəsilə sənədləşdirilmişdir. Məlumatların yazıya alınmasından əvvəl respondentlərin şifahi razılığı əldə edilmişdir. Müzakirələrin audio yazıları öyrənilmiş, respondentlərin çıxışları transkripsiya edilmişdir. Tədqiqat məlumatları təhlil edilmiş, şərh olunmuş və nəticələr çıxarılmışdır. Məlumatların təhlili üçün tematik analiz üsulundan istifadə edilmişdir.

Tədqiqat etikası. Tədqiqat elmi etik qaydalara uyğun şəkildə aparılmışdır. Sorğu anketi Google Forms platformasında yerləşdirilmişdir. Tədqiqat iştirakçıları sorğuda könüllü əsasda iştirak etmişlər. İştirakçıların anonimliyini və təqdim olunan cavabların məxfiliyini təmin etmək məqsədilə məxfilik prinsipi qorunmuşdur (Gaižauskaitė, Mikienė, 2014). Sorğu respondentlərin tədqiqatın məqsədi və istifadə olunan metod izah edilmişdir. Tədqiqatçılar araşdırmanın məqsədini, gedişini, məlumatların qeydiyyatını və etik məsələləri - məxfilik və anonimliyin təmin edilməsi prinsipini təqdim etmişlər.

4. Kəmiyyət tədqiqatının nəticələri

Kəmiyyət tədqiqatının nəticələri Litva Respublikasında mülki işlərə baxan hakimlərin məhkəmə mediasiyasına ümumilikdə müsbət münasibət bəslədiyini göstərir, lakin eyni zamanda sistemin hazırda üzləşdiyi bəzi çətinliklərə də işarə edir.

Kəmiyyət tədqiqatında 64 hakim və 26 hakim-mediator (ümumilikdə 90 iştirakçı) iştirak etmişdir. Sorğuda iştirak edən hakimlər və hakim-mediatorlar arasında təxminən 70 qadın və 18 kişi olmuşdur. Respondentlərin bir qismi cinsini açıqlamaq istəməmişdir. Yaş baxımından respondentlər demək olar ki, bərabər şəkildə 31–40 yaş (22 iştirakçı), 41–50 yaş (31 iştirakçı) və 51–60 yaş (28 iştirakçı) qrupları arasında bölünmüşdür. Yalnız 9 iştirakçı “60 və yuxarı” yaş qrupuna aid olmuşdur. Sorğuda iştirak edən hakim və hakim-mediatorların əksəriyyəti (40 iştirakçı) hakim kimi 15 ildən artıq iş təcrübəsinə malikdir. 22 iştirakçı hakim kimi 5 ilə qədər iş təcrübəsinə, 29 iştirakçı isə 6–15 il arası təcrübəyə malikdir. Sorğuda iştirak edən hakimlərin əksəriyyəti Vilnüs regionunda yerləşən məhkəmələrdə çalışır (31 nəfər). Bir qədər az hissə Kaunas (25) və Klaipeda (16) regionlarında fəaliyyət göstərir. Ən az iştirakçı isə Şyaulyay (9) və Panevejis (8) regionlarından olmuşdur. Sorğuda iştirak edən bütün hakimlərin (48 nəfər) və hakim-mediatorların (21 nəfər) böyük əksəriyyəti gündəlik fəaliyyətlərində məhkəmə mediasiyasından nisbətən nadir istifadə etdiklərini bildirmişdir (2020-ci ildə hər hakim üzrə 5 işə qədər). Sorğuda iştirak edən hakim-mediatorların ən böyük hissəsi 2020-ci ildə 5 işə qədər mediasiya apardıqlarını qeyd etmişdir (13 iştirakçı), 6 iştirakçı 6–15 iş arasında mediasiya aparmışdır. 6 iştirakçı isə məhkəmə mediasiyası xidmətlərini 15 dəfədən çox göstərdiklərini bildirmişdir.

4.1. Litvada Məhkəmə mediasiyası təcrübəsinin ümumi qiymətləndirilməsi

Litva Respublikasında mülki işlərə baxan hakimlər arasında məhkəmə mediasiyası sisteminə münasibət ümumilikdə müsbətdir. Aşağıdakı qrafik göstərir ki, sorğuda iştirak edən 30 hakim (47%) bu barədə heç bir şübhə daşımır. Digər 21 hakim isə “mənfi olmaqdan daha çox müsbət” cavabını seçmişdir. 10 hakim bu məsələ ilə bağlı neytral mövqe tutmuşdur. Respondentlərin heç biri məhkəmə mediasiyası təcrübəsini mənfi qiymətləndirməsə də, sistemi “daha çox müsbət, nəinki mənfi” kimi qiymətləndirən hakimlərin kifayət qədər böyük hissəsinin bu institutun gələcək inkişafı üçün aradan qaldırılmalı olan çatışmazlıqları gördüyü aydındır. Hakimlər arasında məhkəmə mediasiyasının üstünlükləri ilə bağlı daha yüksək məmnunluq səviyyəsi onun məhkəmə mübahisələri zamanı tərəflərə daha geniş şəkildə təşviq edilməsinə də səbəb olardı.




Tədqiqatçılar Litvada məhkəmə mediasiyası sisteminin qiymətləndirilməsi ilə bağlı oxşar sualı hakim-mediatorlara da ünvanlamışlar. Hakim-mediatorlar arasında da məhkəmə mediasiyasının müsbət qiymətləndirilməsi tendensiyası müşahidə olunmuşdur. Bununla belə, sistemi mənfi qiymətləndirən bir neçə hakim-mediator da olmuşdur ki, bu da tədqiqatçıların diqqətini cəlb etmişdir. Bu hakimlərin fikirləri sonradan keyfiyyət tədqiqatı çərçivəsində daha ətraflı araşdırılmışdır.




Litvada məhkəmə mediasiyası institutunun qarşılaşdığı maneələr barədə sual verildikdə, hakimlərdən tədqiqatçılar tərəfindən təqdim olunan 8 variantdan birini seçmək xahiş olunmuşdur. Onlara həmçinin bu məsələ ilə bağlı öz düşüncə və ideyalarını bölüşmək imkanı da verilmişdir.


Sorğuda iştirak edən hakimlər Litvada məhkəmə mediasiyasının inkişafı üçün ən mühüm maneələr kimi həddindən artıq iş yükünü (28 nəfər), ictimaiyyətin kifayət qədər məlumatlandırılmamasını (20 nəfər), Litva mentalitetinin xüsusiyyətlərini (10 nəfər), qeyri-kafi mükafatlandırma sistemini (9 nəfər) və hakimlərin mediasiya aparmaq deyil, ədalət mühakiməsini həyata keçirməli olduqları barədə yanaşmanı (8 nəfər) qeyd etmişlər. 8 hakim bu məsələ ilə bağlı öz fikirlərini də bölüşmüşdür. Bir hakim Litva məhkəmələrinin işləri mümkün qədər tez həll etməyə təşviq edildiyini və bunun barışığa nail olmaq məqsədi ilə ziddiyyət təşkil etdiyini bildirmişdir. Hakim qeyd etmişdir ki, “hazırda icraatın sürətinə hüquqi sülhün bərpasından daha çox üstünlük verilməsi mediasiyadan daha tez-tez istifadə olunmasına maneə yaradır.” Digər bir hakim hakim-mediatorların iş şəraitinin qeyri-kafi olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, “hakim-mediatorlar üçün əsas iş şəraiti təmin edilmir. Heç bir məkan ayrılmır. Çox vaxt mediasiyanın harada keçiriləcəyini planlaşdırmaq və qərar vermək mediatorun öz üzərinə düşür. Onların işinin qeyri-adekvat qiymətləndirilməsi (daha dəqiq desək, dəyərinin aşağı qiymətləndirilməsi) və yüksək iş yükü səbəbindən onlar tez-tez mediasiya aparmaqdan imtina edirlər.” Başqa bir hakim də bu fikri dəstəkləyərək bildirmişdir ki, “tərəflər yalnız hakim-mediatorlara etibar edir, lakin onların mediasiya aparmaqda marağı yoxdur.” Maraqlıdır ki, hakimlərin hakim-mediatorların iş şəraiti ilə bağlı narahatlıqları hakim-mediatorların öz fikirləri ilə yalnız qismən üst-üstə düşür. Sorğuda iştirak edən hakim-mediatorların əksəriyyəti (26 nəfərdən 16-sı) məhkəmə mediatoru kimi iş şəraitindən razı olduqlarını bildirmişdir. Yalnız 8 nəfər narazılıq ifadə etmişdir. Sorğuda iştirak edən hakim-mediatorlardan biri isə bu məsələ ilə bağlı aydın cavab verməmişdir.

Məhkəmə mediasiyasının inkişafına maneələr barədə eyni sual hakim-mediatorlara da verildikdə, onlar çox oxşar nəticələrə gəlmişlər.

17 hakim-mediator hesab edir ki, məhkəmə mediasiyasının inkişafının dayanmasının əsas səbəblərindən biri hakimlərin həddindən artıq iş yüküdür. Bununla belə, bu fikir yekdil deyil. İştirakçılardan biri qeyd etmişdir ki, “hakimlər mediasiyanı könüllü şəkildə, öz təşəbbüsləri ilə aparırlar və onların iş yükü mediasiya üçün təşviq vasitəsi olmamalıdır; bu, xoş niyyətin nəticəsidir, hakimlər heç bir məcburiyyət olmadan mediasiyada iştirak etməyi seçirlər, buna görə də mediatorların iş yükü azaldılmamalıdır, çünki bu halda onlar həmkarları ilə müqayisədə xeyli az iş alacaqlar.” 12 hakim-mediator məhkəmə mediatorları üçün mükafatlandırma sisteminin qeyri-kafi olmasını mühüm maneə hesab etmişdir. Sorğuda iştirak edən hakim-mediatorların fikrincə, ictimaiyyətin mediasiya haqqında məlumatının az olması da məhkəmə mediasiyasının gələcək inkişafına mane olan əsas amillərdəndir. Bir neçə hakim-mediator tədqiqatçılar tərəfindən təqdim olunan cavab variantlarında göstərilməyən əlavə səbəbləri də qeyd etmişdir. Bir hakim-mediator bildirmişdir ki, “məhkəmə özünüidarəetmə orqanları, məhkəmə sədrləri və həmkar hakimlər tərəfindən anlayış və dəstək çatışmazlığı mövcuddur.”

4.2. Məhkəmə mediasiyasının təşviqi tədbirlərinin effektivliyinin qiymətləndirilməsi

4.2.1. “Öz işində” mediasiya aparmaq hüququ

Məhkəmə mediasiyasını təşviq etmək məqsədilə MPM-nin 231-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmişdir ki, tərəflərin razılığı ilə hakim-mediator özünün hakim qismində təyin olunduğu iş üzrə (“öz işi” adlanan hal) mediasiya apara bilər. Hakim-mediator həmçinin məhkəmə mediasiyası zamanı əldə edilmiş barışıq sazişini təsdiq etmək hüququna malikdir, lakin mediasiya uğursuz olduqda həmin hakim-mediatorun işi dinləməyə davam etməsi qadağandır. Bu normanın effektivliyini qiymətləndirmək məqsədilə hakim-mediatorlara “öz işləri” üzrə neçə dəfə mediasiya apardıqları barədə sual verilmişdir. Cavablar göstərmişdir ki, sorğuda iştirak edən 26 mediatorun 21-i “öz işləri” üzrə məhkəmə mediasiyası xidmətləri göstərməmişdir ki, bu da hakim-mediatorlara “öz işlərində” mediasiya aparmaq hüququ verən hüquqi normanın effektivliyi məsələsini gündəmə gətirir. Bu məsələ daha sonra keyfiyyət tədqiqatı çərçivəsində əlavə şəkildə araşdırılmışdır.

4.2.2. Məcburi məhkəmə mediasiyası

Kəmiyyət tədqiqatı zamanı əsas məqsədlərdən biri respondentlərin məcburi məhkəmə mediasiyasının tətbiqi ideyasına münasibətini araşdırmaq olmuşdur. 2017-ci ildən etibarən MPM-nin 231-ci maddəsinin 1-ci hissəsi hakimə və ya hakimlər kollegiyasına barışıq ehtimalının yüksək olduğu hallarda tərəflərə məcburi məhkəmə mediasiyası təyin etmək imkanı verir. Bu müddəanın məqsədi məhkəmə mediasiyasından istifadə səviyyəsini artırmaqdır. Tədqiqatın nəticələri göstərir ki, məcburi mediasiyanın bu forması (hakimin mülahizəsi əsasında) praktikada effektiv işləmir. Hakimlər bu hüquqdan geniş şəkildə istifadə etməyə meylli deyillər. Sorğuda iştirak edən 52 hakim (81%-dən çoxu) bu hüquqdan istifadə etmədiklərini bildirmişdir. Yalnız 11 hakim öz təcrübəsində bu hüquqdan istifadə etdiyini qeyd etmişdir və onların əksəriyyəti bunu yalnız bir dəfə etmişdir. Cəmi 3 iştirakçı bu müddəanı 3, 5 və 6 dəfə tətbiq etdiyini göstərmişdir.

Hakimlərdən bu səlahiyyətdən istifadə etməmələrinin səbəbləri soruşulduqda, onlara tədqiqatçılar tərəfindən təqdim edilən cavab variantlarından bir və ya bir neçəsini seçmək imkanı verilmişdir. Hakimlərin əksəriyyəti (30 nəfər) baxdıqları mübahisələrin məcburi mediasiya üçün uyğun olmadığını bildirmişdir. 9 hakim “bunun mediasiya ideyası ilə uyğun gəlmədiyini düşünürəm” variantını seçmişdir. 6 hakim isə “adətən işin mümkün qədər tez baxılmasını istəyirəm və mediasiya prosesi uzadır” cavabını qeyd etmişdir. 2 hakim onların məhkəməsində belə bir praktikanın olmadığını bildirmişdir. Bir hakim isə belə bir imkanın mövcudluğundan ümumiyyətlə xəbərsiz olduğunu etiraf etmişdir. Hakimlərə bu müddəanın tətbiqi ilə bağlı öz fikirlərini bildirmək imkanı da verilmişdir. Öz mövqeyini ifadə edənlər mediasiyanın könüllülük prinsipinin əhəmiyyətini vurğulamışdır (məsələn: “Mediasiyanın əsas prinsiplərindən biri könüllülükdür. Tərəf istənilən vaxt mediasiyadan imtina edə bilər. Əgər tərəf əvvəldən mediasiya ilə razılaşmırsa, proses zamanı mövqe dəyişmədiyi halda mediasiya mümkün deyil”; “Tərəflər mediasiyaya razılıq verməlidir, əks halda onları həll yolu axtarmağa məcbur etmək olmaz” və s.). Məcburi məhkəmə mediasiyasının stimullaşdırıcı təsiri barədə də maraqlı fikir səsləndirilmişdir. Bir hakim qeyd etmişdir ki, “məhkəmənin məcburi mediasiya təyin edə biləcəyini demək kifayətdir və tərəflər özləri razılaşır, artıq mediasiyanı məcburi təyin etməyə ehtiyac qalmır.” Başqa bir hakim məcburi mediasiyanın vaxt baxımından yaratdığı problemi vurğulamışdır (“Məcburi mediasiya qərarı və tərəfin mümkün imtinasından sonra ən azı iki ay vaxt itiriləcək. İcraatın müddəti uzanacaq.”). Digər bir hakim isə bildirmişdir: “Bu institutun effektivliyinə inanmıram. Mənim bütün işlərimdə tərəflər mediasiyadan özləri imtina etmişlər.”

Hakimlərin işlərin mediasiya üçün uyğunluğunu qiymətləndirmə səviyyəsini müəyyən etmək məqsədilə onlara “İşləri məcburi məhkəmə mediasiyasına yönləndirərkən hansı meyarları nəzərə alırsınız?” sualı verilmişdir. Bu sual yalnız öz praktikasında məcburi mediasiya tətbiq etmiş hakimlərə ünvanlandığı üçün cavabların sayı az olmuşdur. Bununla belə, bu cavablar hakimlərin bu sahədə bilik səviyyəsini müəyyən etmək baxımından əhəmiyyətlidir. İştirakçılar tədqiqatçılar tərəfindən təqdim olunan 6 cavab variantından seçim edə bilmişlər.

Yuxarıdakı diaqram göstərir ki, hakimlərin tərəfləri məcburi məhkəmə mediasiyasına yönləndirməsinin əsas səbəbi adətən iş üzrə barışıq əldə olunması ehtimalıdır (9 nəfər). 6 hakim məcburi mediasiyanın bütün mübahisələrə tətbiq oluna biləcəyini düşündüyünü bildirmişdir. Yalnız 4 hakim iş məhkəməyə təqdim edilməzdən əvvəl tərəflər arasında mediasiyanın aparılmaması ilə bağlı cavabı seçmişdir. Daha az sayda hakim — müvafiq olaraq 3 və 2 nəfər — mediasiyanın tətbiqi üçün ən mühüm meyarlardan biri hesab edilən tərəflər arasındakı münasibətlərin davamlılığı və işin emosional fonunun güclülüyünün əhəmiyyətini vurğulamışdır.

4.2.3. Mübahisənin məcburi məhkəmə mediasiyasına yönləndirilməsinin uyğunluğunu müəyyən etməkdə hakimlərin bilik səviyyəsi

Hakimlərdən mübahisənin məcburi qaydada məhkəmə mediasiyasına yönləndirilməsi üçün uyğun olub-olmadığını müəyyən etmək sahəsində bilikləri barədə soruşulduqda, onların cavabları kifayət qədər müsbət olmuşdur. Respondentlərin 46 faizi (29 hakim) öz biliklərini əla səviyyədə qiymətləndirmişdir. Eyni sayda respondent bilik səviyyəsini orta kimi dəyərləndirmişdir. 4 hakim bu sahədə bilik çatışmazlığı olduğunu qeyd etmiş, yalnız 1 hakim isə ümumiyyətlə belə biliklərə malik olmadığını etiraf etmişdir.

Son illərdə məhkəmə mediasiyası işlərinin sayının əvvəlki kimi sürətlə artmamasının səbəblərini araşdırmaq məqsədilə tədqiqatçılar belə bir fərziyyə irəli sürmüşdürlər ki, buna 2020-ci ildə qüvvəyə minmiş və ailə mübahisələrinin həlli üçün mediasiyanı məhkəməyəqədər məcburi mərhələ kimi müəyyən edən Mediasiya haqqında Qanunun yeni müddəaları təsir göstərmiş ola bilər. Hakimlərdən soruşulmuşdur ki, iş məhkəməyə təqdim edilməzdən əvvəl artıq məcburi mediasiyadan keçmiş ailə mübahisələrində tərəflərə yenidən Məhkəmə mediasiyası təklif edirlərmi. Təəssüf ki, bu fərziyyə təsdiqini tapmamışdır. Hakimlərin 28-i bildirmişdir ki, məhkəmə mediasiyasının təklif edilməsi barədə qərar mübahisənin xarakterindən və tərəflərdən asılıdır və tərəflərin əvvəllər mediasiyaya müraciət etməsi bu qərara ciddi təsir göstərmir. 24 hakim belə hallarda da tərəflərə məhkəmə mediasiyası təklif etdiyini qeyd etmiş, yalnız 6 hakim isə bu vəziyyətdə tərəflərə artıq məhkəmə mediasiyasının təklif edilmədiyini bildirmişdir.

Nəticə olaraq aydın olur ki, məhkəmə mediasiyasını təşviq etmək məqsədilə ilkin olaraq nəzərdə tutulmuş bəzi tədbirlər gözlənilən nəticələri verməmişdir. Xüsusilə mübahisələrin hansı hallarda məhkəmə mediasiyasına yönləndirilməsinin daha məqsədəuyğun olması barədə biliklərin artırılması istiqamətində hakimlərin mediasiya sahəsində təliminə daha çox diqqət yetirilməsi tövsiyə olunur.

5. Keyfiyyət tədqiqatının nəticələri

5.1. Litvada məhkəmə mediasiyası təcrübəsinin ümumi qiymətləndirilməsi

Keyfiyyət tədqiqatı məlumatlarının təhlili göstərmişdir ki, həm hakimlər (J), həm də hakim-mediatorlar (JM) məhkəmə mediasiyasını müsbət qiymətləndirirlər. Məhkəmə mediasiyası mübahisə tərəflərinin hər ikisi üçün qəbul edilə bilən həll yolu tapmaq və mübahisəni sülh yolu ilə həll etmək imkanıdır. “Sosial sülh - hər iki tərəfin razılığa gəldiyi mübahisənin həllidir və bu, dövlət səviyyəsində, cəmiyyət səviyyəsində, ailə, biznes və ya tərəfdaşlıq səviyyəsində böyük bir dəyərdir” (J3); “bu yalnız müsbətdir, <…> istənilən halda, istənilən səviyyədə sülh tərəflər arasında düşmənçiliklə dolu uzun mübarizədən qat-qat yaxşıdır. Şərtləri onlar özləri razılaşdırırlar, <…> hər iki tərəf məhkəməni qalib kimi tərk edir … və hər iki tərəf razı qalır” (J4).

Həm hakimlər, həm də hakim-mediatorlar məhkəmə mediasiyasına kifayət qədər diqqət yetirildiyi ilə razılaşırlar. Mülki işlərə baxan hakimlər mübahisə tərəflərini hər zaman mediasiya barədə məlumatlandırır, onlardan mübahisəni sülh yolu ilə həll etmək üçün ciddi cəhdlərin olub-olmadığını soruşurlar. Respondentlərin sözlərinə görə: “Hər bir işdə tərəflərə danışıqlar aparmağı və mümkündürsə, mübahisəni öz aralarında sülh yolu ilə həll etməyə çalışmağı təklif edirik” (J4); “Praktikada ehtimal olunur ki, işlərə baxarkən bütün hakimlər sülh yolu ilə mübahisə həllini təklif edirlər” (J2). Bununla belə, tədqiqat respondentləri qeyd etmişlər ki, tərəflərin özlərinin mübahisəni sülh yolu ilə həll etmək istəyi xüsusi əhəmiyyət daşıyır.

Tədqiqatın bütün respondentləri mediasiyanın hazırda geniş tanındığı ilə razılaşmışdır. Hakimlər qeyd etmişlər ki, bəzi hallarda tərəflər mediasiyanı özləri tələb edir və hətta üstünlük verdikləri mediatoru da göstərirlər. Bəzi hallarda isə vəkili olmayan tərəflər belə mediasiya haqqında əvvəlcədən məlumatlı olur. Ola bilsin ki, onlar uğurlu mediasiya halları barədə eşitmişlər. Hakimlər bildirirlər ki, “iddia ərizələrini qəbul etdikdə sənədlərlə birlikdə tərəflərə məhkəmə mediasiyası haqqında məlumat göndəririk və iclas zamanı da bunu faktiki olaraq təklif edirik. <…> çox vaxt tərəfləri inandıra bilirik <…> onlar təklif olunan yolu sınamağa qərar verirlər. Vurğulayırıq ki, bu, mütləq razılıq əldə olunacağı demək deyil, lakin danışmağın özü çox vacibdir, bu, gələcəkdə onlar üçün işi asanlaşdıra bilər” (J1). Hakim-mediatorların fikrincə, bir neçə il əvvəl məhkəmə mediasiyasına daha çox diqqət göstərilirdi. O zaman bu institut daha geniş təbliğ olunur və hüquq ictimaiyyətində daha tez-tez müzakirə edilirdi. Tədqiqat iştirakçılarından biri son dövrlərdə mediasiya haqqında məlumatlandırmanın azalmasını və ictimaiyyətlə əlaqə prosesinin zəifləməsini qeyd etmiş, lakin “iş artıq görülüb” (JM2) deyərək mediasiya institutunun artıq ictimaiyyətə yenidən təqdim olunmasına ehtiyac olmadığını bildirmişdir. “Görünür, mediasiyanın artıq o qədər reklama, diqqətə və geniş təqdimata ehtiyacı yoxdur, çünki prosesin sabit və tam gücü ilə işlədiyini görmək mümkündür” (JM5).

Bununla belə, iştirakçılar etiraf etmişlər ki, bəzi həmkar hakimlərin məhkəmə mediasiyasının təşviqi məsələsinə yanaşması formal xarakter daşıyır. Onlar sadəcə tərəflərə mediasiya hüququnun mövcud olduğunu bildirir, lakin bu hüquqdan istifadə etməyə fəal şəkildə təşviq etmirlər. Digər tərəfdən, özləri hakim-mediator olmayan, lakin işlərində mediasiyanı geniş şəkildə təklif edən və tərəflərə sülh yolu ilə həll üçün bütün imkanları yaradan hakimlər də mövcuddur. “Mən əminəm ki, bəzi hakimlər ‘öz işlərində’ sülh yolu ilə razılığa gəlmək üçün fəal şəkildə yollar təklif edir, hətta konkret həll variantları irəli sürürlər və bunu həmin işlərə baxan hakimlərdən daha aktiv şəkildə edirlər” (J5).

İştirakçılar qeyd etmişlər ki, bu günə qədər məhkəmə mediatorlarına kifayət qədər diqqət göstərilmir. Onların fikrincə, həm məhkəmə administrasiyası, həm də Milli Məhkəmələr Administrasiyası hakim-mediatorlara daha çox diqqət ayırmalıdır. Tədqiqat iştirakçıları bildirmişlər ki, “burada hər kəs bu prosesin ictimailəşdirilməsində maraqlıdır, çünki bu, həqiqətən çox zəruri və vacibdir” (JM1); “Mediatorların diqqət çatışmazlığı var, lakin sözün birbaşa mənasında deyil - mediatorlara daha çox dəstək lazımdır” (JM3). Hakim-mediatorlar xatırlamışlar ki, mediasiya ilə məşğul olmağa başlamalarının səbəbi bunun yeni və maraqlı olması idi. Onlar məhkəmə mediasiyasını tətbiq etməyə başlayanda məhkəmədə sülhyaratmaya yönəlmiş belə prosedurun təşviqində böyük məna və məqsəd görmüşlər. “Bu yeni bir şey idi və ‘niyə hələ də mediasiya ilə məşğulam?’ sualına cavab olaraq görünür ki, bunu sınayan və müsbət nəticələr görən əksəriyyətimiz həmin nəticələrdən ruhlanır və bu əlavə məsuliyyəti daşıya biləcəyimizi düşünürük” (JM3).

Eyni zamanda qeyd edilmişdir ki, yalnız məhkəmə mediatorları icmasını genişləndirmək deyil, həm də mövcud mediatorların motivasiyasını qorumaq vacibdir; təəssüf ki, onlar çox vaxt həddindən artıq iş yükü və ya bilik və bacarıqların çatışmazlığı səbəbindən bu fəaliyyətdən uzaqlaşırlar. “Müəyyən bir nöqtəyə qədər ideoloji motivasiya ilə davam etmək mümkündür. Lakin sonra insan psixologiyası təsir edir, dayanırsan və motivasiya azalır” (JM5); “Digər tərəfdən, əlavə fəaliyyətlə məşğul olduqda ona daha çox maraq göstərirsən. Bu zaman üfüqlərin genişlənir və inkişaf üçün yer olduğunu, öyrənilməli daha çox şey və əlavə biliklərin tələb olunduğunu görürsən” (JM3). Respondentlər qeyd etmişlər ki, “təlimlərin böyük hissəsi yalnız mediator ixtisası almaq istəyən şəxslərə yönəlib. Lakin mövcud mediatorlar üçün bacarıqların inkişaf etdirilməsi, hüquqi tənzimləmələrin və digər bacarıqların yenilənməsi baxımından -şəxsən mən belə təlimlərin çatışmazlığını hiss edirəm” (JM4).

5.2. Litvada məhkəmə mediasiyasının inkişafına maneələr

Fokus qrupunun üzvlərindən məhkəmə mediasiyalarının sayının niyə artım tempini itirdiyi barədə fikirləri soruşulduqda, onlar bir sıra səbəblər göstərmişlər:

a) həmkarlar arasında müəyyən etimadsızlıq mövcuddur:

“Əgər işi həmkarıma ötürsəm, o mediasiya aparacaq - uğurlu da ola bilər, uğursuz da. Uğursuz olarsa işi yenidən mənə qaytaracaq, mən isə yenə həmin işlə məşğul olmalı olacağam və hətta onun qrafiki dolu olduğu üçün əlavə iş də ala bilərəm. Üstəlik məhkəmələr kiçikdir.” (J5)

b) insanların sülh yolu ilə danışıqlar aparmaq bacarıqları kifayət qədər inkişaf etməyib:

“Biz mədəni aspektimizi inkişaf etdirməliyik. Həm mediasiya institutuna, həm də ümumilikdə sülh yolu ilə danışıqlar aparmaq bacarığına inam formalaşdırılmalıdır. Çünki Litvada hamı məhkəmələrdən şikayət etsə də, işlərin sayına baxanda görünür ki, insanlar mübahisəni özləri həll etməkdənsə yenə məhkəməyə müraciət etməyə üstünlük verirlər.” (J5)

Məhkəmə mediasiyalarının sayının artmamasının digər səbəbi kimi respondentlərdən biri qeyd etmişdir ki:

c) son illərdə Litvada mülki işlərin sayı ümumilikdə azalmaqdadır. Bundan əlavə, xüsusilə böyük şəhərlərdə birinci instansiya məhkəmələrində baxılan işlərin bir hissəsi tərəflərin iştirakı olmadan (qiyabi qaydada) həll edilir və bu halda mediasiya təklif etmək mümkün olmur.

“Böyük Litva məhkəmələri <…> belə qərarları çox tez-tez qəbul edir. Bu o deməkdir ki, cavabdeh passivdir, prosesdə iştirak etmir və belə hallarda mediasiyadan danışmağın mənası yoxdur. İndi məsələ mediasiyanın tezliyini artırmağın mümkün olub-olmamasıdır - bu mümkündür. Əgər proseslər daha aktiv olsa, insanlar maarifləndirilsə, hüquqşünaslar mediasiyaya daha müsbət yanaşaraq müştərilərini buna təşviq etsələr, düşünürəm ki, artım əldə etmək olar.” (J1)

Fokus qrupunun fikrincə, mediasiyaların sayının artımının dayanmasının digər səbəbi isə:

d) işlərin baxılma müddətidir. Məhkəmələr də, tərəflər də işlərin mümkün qədər qısa müddətdə həll olunmasında maraqlıdırlar və işi Məhkəmə mediasiyasına göndərmək prosesin müddətini uzadır. Üstəlik, mediasiyanın uğurlu olacağına zəmanət yoxdur. Sülh razılaşması əldə olunmadıqda, iş yenidən məhkəməyə qaytarılır və bu da statistik olaraq işə baxılma müddətinin orta göstəricidən uzun olmasına səbəb olur. 

“Bizdə qısa məhkəmə prosesinə çox aydın yönümlülük var. İşlərə ən qısa müddətdə baxmaq əsas meyarlardan biridir. Mediasiya isə dərhal prosesdə əlavə fasilə kimi qəbul olunur. Buna görə tərəflərə mediasiyaya göndərməkdənsə, növbəti iclasa qədər bir neçə həftə vaxt verərək öz aralarında razılığa gəlməyi tövsiyə edirik.” (J5)

“Bəzi hakimlər işi məhkəmə mediasiyasına yönləndirməkdə tərəddüd edə bilərlər, çünki mediasiya uğursuz olarsa, işin ümumi baxılma müddəti uzanır. Mediasiya adətən bir neçə ay çəkir və uğursuzluq halında hakim üçün işin baxılması statistik olaraq daha uzun görünür. Mən özüm belə arqumentlərə təəccübləndim və düşünürəm ki, mediasiyada keçən vaxtın işin ümumi müddətindən çıxılması kimi mexanizmlər barədə düşünmək olar.” (JM4)

Araşdırma zamanı həm hakimlər, həm də hakim-mediatorlar iş yükü məsələsinə də toxunmuşlar. Məhkəmə mediasiyası aparan hakim-mediatorların yeni işlərinin sayı müəyyən qədər azalır:

“Mediasiya təyin olunanda bəzi işlərimiz əlimizdən alınır.” (JM5)

Hazırda məhkəmə mediasiyası aparan hakimlərin iş sayının azaldılması ilə bağlı aydın tənzimləmə olmadığından, bu məsələ digər hakimlər arasında müəyyən narazılıq və gərginlik yaradır:

“<…> Biz deyirik ki, iş yükü ağırdır, amma bəzi hakimlər iş yükünü hesablayarkən [məhkəmədənkənar mediasiyaları] da daxil edir və nəticədə daha az işə baxırlar.” (J5)

Hakimlər Milli Məhkəmələr Administrasiyasından daha aydın məlumatın çatışmadığını bildirirlər:

“Hazırda iş yükümüzün nə qədər hissəsinin mediasiya işlərindən ibarət olduğunu görə bilmirik. Bununla bağlı Milli Məhkəmələr Administrasiyasına müraciət etmişik ki, mediasiya işinin çəkisi nədir və hansı təsiri var, izah etsinlər.” (J4)

Bununla belə, hakimlər özləri də etiraf edirlər ki, bəzi hakim-mediatorlar əslində iş yükündə ciddi azalma hiss etmədiklərini bildirir və mediasiya aparmaqdan imtina edirlər, çünki iş yükü baxımından bu onlar üçün sərfəli hesab olunmur. Onlar adi məhkəmə işinə baxmağa üstünlük verirlər ki, gördükləri iş rəsmi şəkildə iş yükü kimi qiymətləndirilsin:

“Onlar formal olaraq məhkəmə mediatorlarıdır, siyahıda varlar, amma bir dənə də iş götürmürlər. Deyirlər ki, özlərinə təyin olunmuş işi götürmək daha yaxşıdır — heç olmasa həmin iş rəsmi olaraq iş yükünün bir hissəsi sayılır.” (J1)

5.3. Məhkəmə mediasiyasının təşviqi tədbirləri

Mülki Prosessual Məcəllənin (MPM) 231-ci maddəsinin 1-ci hissəsinə istinad edərək - hansı ki, hakimlərə tərəfləri məcburi məhkəmə mediasiyasına yönləndirmək hüququ verir - hakimlər bildirmişlər ki, bu hüquqi norma mediasiyanın təşviqi baxımından faydalıdır. İştirakçıların bəziləri qeyd etmişdir ki, bu imkandan çox az istifadə edirlər, lakin belə bir qanun müddəasının mövcudluğu ümumilikdə müsbət qiymətləndirilir. Bununla yanaşı vurğulanmışdır ki, Məhkəmə mediasiyasının məqsədi mübahisəni sülh yolu ilə həll etməkdir. Mübahisə tərəfləri bu prosesdə yalnız könüllü şəkildə iştirak edə bilər və sülhə nail olmaq istəyi məhz onların özlərindən gəlməlidir.

“Əgər söhbət barışıqdan gedirsə, bu hər iki tərəfin iradəsi və xoş niyyətidir. Əgər tərəflər sülh yolu ilə razılığın mümkünlüyünü görmürlərsə, onları təşviq etmək və ya müəyyən qədər inandırmaq olar, lakin sülh sazişi yenə də <…> hər iki tərəfin könüllü razılığı və qarşılıqlı güzəştləri əsasında yaranır.” (J4)

“Məsələn, mənim üçün tərəfi mediasiyaya məcbur edən hakim təsəvvür etmək çətindir. Çünki mediasiya könüllülük prinsipinə əsaslanır və tərəfləri inandıra bilmirsinizsə, məcbur etməklə nəticə əldə etmək mümkün deyil.” (J1)

Bir sıra digər hakimlər də MPM-nin 231-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan məcburi məhkəmə mediasiyası institutunu prinsip etibarilə dəstəkləsələr də, bu normanın tətbiqi ilə bağlı tərəddüdlərini ifadə etmişlər.

“Qeyd etmək istərdim ki, məhkəmə iclası zamanı hakim barışıq sazişinin imkanları və nəticələri və ya işin mediasiyaya göndərilməsi barədə kifayət qədər ehtiyatla danışır. Hakim qərəzlilikdə ittiham olunmaqdan çəkinə bilər və baxmayaraq ki, mübahisənin sülh yolu ilə həlli ehtimalını yüksək görür, bunu açıq şəkildə ifadə edə bilmir.” (J2)

“Əgər bu mediasiya prosesidirsə və məhkəmə baxışının ayrılmaz hissəsi sayılmırsa, o zaman məhkəməyə müraciət edən şəxs alternativ mübahisə həlli vasitəsi deyil, məhz hüquqi müdafiə gözləmək hüququna malik olduğunu düşünə bilər.” (J3)

Beləliklə, respondentlər məhkəmə mediasiyasının məcburi xarakter almasına ehtiyatla yanaşırlar; onların fikrincə, mediasiya yalnız könüllü olduqda və tərəflər sülhə nail olmaqda motivasiyalı olduqda effektiv olur.

Hakim-mediatorlar isə MPM-nın 231-ci maddəsinin 2-ci hissəsi ilə bağlı şübhələrini bildirmişlər. Həmin normaya əsasən: “Tərəflərin razılığı ilə mülki işlərə baxan hakimlər mediator olduqları halda mediasiyanı özləri də həyata keçirə bilərlər.”

Hakim-mediatorlardan biri öz təcrübəsini belə bölüşmüşdür: “İnstitutun formalaşmasının ilkin mərhələsində elə hallar olub ki, <…> öz ‘işlərimdə’ mediasiya aparmalı olmuşam.” (JM5)

Hazırda isə belə qənaət formalaşmışdır ki, hakim-mediatorlar öz aralarında razılaşaraq “öz işlərində” mediasiya aparmamağa üstünlük verirlər. Çünki sülh razılaşması əldə olunmadıqda hakim işdən kənarlaşdırılmalı və iş başqa hakimə verilməlidir ki, bu da yenidən iş yükü problemi yaradır. Buna görə hakimlər tərəflərə mediasiya imkanını izah edir və onların razılığı ilə işi başqa mediatora yönləndirirlər.

“Mürəkkəb işlər üzrə mediasiya aparan mediator uğursuzluq halında hakim kimi işdən çəkilməli olur.” (JM3)

“Tərəfləri mediasiyadan istifadə etməyə təşviq edəndə öz namizədliyimi ümumiyyətlə irəli sürmürəm, hakimdən kənar başqa mediator seçməyi və hətta başqa məhkəməyə müraciət imkanını təklif edirəm.” (JM4)

Mülki işlər üzrə məhkəmə mediasiyası hüquqi baxımdan Litva Respublikasının Mediatorlar Siyahısında olan və dövlət tərəfindən təmin edilən hüquqi yardım xidməti ilə müqavilə bağlamış bütün mediatorlar tərəfindən aparıla bilər. Lakin araşdırma nəticələri göstərmişdir ki, həm hakimlər, həm də hakim-mediatorlar hesab edirlər ki, məhkəmə prosesində iştirak edən şəxslər mediasiyanı daha çox hakimlərin aparmasını istəyirlər. Bunun səbəbi yalnız hakimlərin hüquqi biliklərinə deyil, həm də onların nüfuzuna və yaratdığı yüksək etimada bağlıdır.

“Məhkəmə mediasiyası tələb olunduqda və tərəflər mediator seçdikdə, adətən hakim-mediatorlara üstünlük verilir. Görünür, hakimlərə digər, bəlkə də daha ixtisaslı mütəxəssislərlə müqayisədə daha çox etibar edilir.” (J2)

Bununla belə, tədqiqatda iştirak edən bəzi hakimlər mediasiyanın mütləq şəkildə hakimlər tərəfindən aparılmasının əleyhinə çıxmışlar. Onların fikrincə, mediator ayrıca bir peşə olmalıdır, xüsusilə də bu sahədə artıq peşəkar mütəxəssislər hazırlanır.

“Mən hakimlərin mediasiya prosesində iştirakının qəti əleyhinəyəm. Hüquqşünas, notarius və ya prokuror haqqında danışanda bunu peşə kimi qəbul edirik. Mediator da ayrıca peşədir. Hakimlərin nüfuzu və hüquqi biliyi var, kommunikasiya və psixologiya bilikləri də ola bilər, amma peşəkar mediatorlar yetişdirilsə, onlar bu işi heç də pis görməzlər.” (J3)

“Əgər sistem həqiqətən mübahisələri sülh yolu ilə həll etməkdə maraqlı olan peşəkar mediatorlar yetişdirə bilsəydi, düşünürəm ki, hakimlər bu funksiyadan imtina edə bilərdilər.” (J1)

Respondentlərin əksəriyyətinin fikrinə görə, hakimlər əsas diqqəti öz birbaşa funksiyalarına — ədalət mühakiməsinin həyata keçirilməsinə yönəltməlidirlər. Bu funksiyanı başqa heç kim yerinə yetirə bilmədiyindən, hakim fəaliyyətinin əsasını məhz bu təşkil etməlidir. Məhkəmə mediasiyasının aparılması isə məhkəmələrə məxsus müstəsna funksiya olmadığından, hakimlər yalnız tərəfləri mediasiyaya yönləndirməli, lakin mediasiyanı özləri həyata keçirməməlidirlər.

Bu mövqeni dəstəkləyən iştirakçılar qeyd etmişlər:

“Mən istərdim ki, hakimlər ümumiyyətlə məhkəmə mediatoru rolundan uzaqlaşsınlar. Çünki məhkəmə mediasiyası əslində məhkəməyə xas funksiya deyil.” (J2)

“Razıyam <…> bu tam mənada məhkəmə funksiyası deyil. Hazırda biz bunu institutun inkişafını təşviq etmək üçün edirik. İnsanlar daha çox hakim-mediatorları seçirlər — yəqin ki, sistem hazırda belə işləyir.” (J1)

“Hakimin məhkəmə mediasiyasındakı rolu tərəflərə mediasiya imkanını izah etmək və onları mediasiyaya yönləndirməklə məhdudlaşmalıdır, mediasiyanı özü aparmamalıdır.” (J2)

Həm hakimlərin, həm də hakim-mediatorların fikrincə, Məhkəmə mediasiyasının ictimaiyyətə tanıdılmasının ilkin mərhələsində hakimlər mühüm rol oynamışdır. 

“Bu institut [məhkəmə mediasiyası] artıq ictimaiyyətə təqdim edildikdən sonra, bizim - hakimlərin nə dərəcədə zəruri olduğumuz sual doğurur.” (JM5)

“Bildiyimə görə, Latviyada və Estoniyada qüvvədə olan qaydalara əsasən hakimlər mediator ola bilməzlər. Əgər bizim missiyamız bu prosesi başlatmaq idisə, düşünürəm ki, artıq buna nail olmuşuq.” (JM3)

Məhkəmə mediasiyasının gələcəyi ilə bağlı baxışlarını bölüşərkən fokus qrupunun üzvləri qeyd etmişlər ki, hazırda məhkəmə mübahisələrinin yalnız kiçik bir hissəsi mediasiya yolu ilə həll olunur və buna görə inkişaf üçün geniş imkanlar mövcuddur. Respondentlər vurğulamışlar ki, Məhkəmə mediasiyası xüsusilə mürəkkəb xarakterli mübahisələrin həllində effektivdir.

“İldə təxminən iki-üç mürəkkəb işi mediasiyaya yönləndirirəm və adətən onların hamısı sülh yolu ilə həll olunur. Mediator bəzən bir ilə qədər uzun müddət işləyir. Mübahisələr mürəkkəb olur, lakin mediasiyadan sonra insanların məhkəmədə əldə edə biləcəkləri nəticədən daha yaxşı nəticəyə çatdıqlarını görmək məni sevindirir.” (J1)

Həm hakimlər, həm də hakim-mediatorlar hesab edirlər ki, mediasiyanın uğuru statistik göstəricilərlə deyil, əldə olunan real nəticələrlə ölçülməlidir.

“Əgər mediasiyaya göndərdiyimiz hər iş sülh yolu ilə nəticələnsəydi, nəticələr möhtəşəm olardı.” (J1)

“<…> Uğurla başa çatdırılmış mediasiya işlərini geri qaytaran həmkar mediatorlara həqiqətən minnətdaram.” (JM3)

Tədqiqat respondentləri həmçinin təklif etmişlər ki, Mülki Prosessual Məcəllə çərçivəsində məhkəmə qaydasında baxılan bütün mübahisələr üzrə mediasiya məhkəməyədək məcburi mərhələ kimi müəyyən edilə bilər. Bu halda daha geniş ictimaiyyət mediasiyanın üstünlükləri ilə tanış ola və onu praktik olaraq təcrübədən keçirə bilər. Bununla yanaşı, hakimlərdən biri qeyd etmişdir ki:

“Məhkəmə mediasiyasının təşviqi üçün görülən tədbirlər çox yaxşıdır, lakin yenə də balans tapmaq lazımdır. Mediasiya prosesinin nəticələri bu məqsəd üçün sərf olunan səylərə və ayrılan vəsaitlərə nə dərəcədə uyğundur?” (J3)

6. Məhkəmə mediasiyasıya fərqli yanaşma: Polşa təcrübəsi

Mediasiyanın müasir anlayışı Polşa hüquq sisteminə 2005-ci ildə Polşa Mülki Prosessual Məcəlləsi vasitəsilə daxil edilmişdir (bundan sonra — Polşa MPM). Qanunvericiliyin sadələşdirilməsi və tərəflərin prosessual hüquqlarının qorunması məqsədilə mediasiya ədalət mühakiməsinə alternativ deyil, onu dəstəkləyən mexanizm kimi nəzərdə tutulmuşdur.

İslahat çərçivəsində:

            1.         Mediasiya nəticəsində əldə olunan barışıq sazişlərinə məhkəmə qərarları ilə eyni hüquqi qüvvə verilmişdir.

            2.         Məhkəmə barışığı ilə həll edilə bilən mülki mübahisələr mediasiya yolu ilə həll olunmağa uyğun mübahisələr kateqoriyasına aid edilmişdir.

Polşada barışıq mümkün olan bütün mülki işlər üzrə mediasiyaya icazə verilir. Yəni mübahisənin predmeti yalnız dövlət məhkəməsinin səlahiyyətinə aid olduğu halda mediasiyaya yönləndirilə bilər.

Avropa Komissiyasının son məlumatlarına görə (EU Justice Scoreboard 2020), Polşa Avropa İttifaqında ən çox məhkəmə çəkişməsi olan 4 ölkədən biridir. Buna baxmayaraq, hakimlər xüsusilə mülki mübahisələrin hazırlıq mərhələsində mediasiya kimi daha davamlı mübahisə həlli üsullarını tətbiq etməyə təşviq olunurlar.

Aşağıdakı diaqramda 2017–2019-cu illər üzrə məhkəmə mediasiyası işlərinin və mediasiya yolu ilə həll edilmiş mübahisələrin dinamikası təqdim olunur.




Polşada qanunvericiliyə əsasən, mediasiya həm müqavilə əsasında, həm də məhkəmənin təyin etməsi ilə həyata keçirilə bilər (Polşa Mülki Prosessual Məcəlləsinin 183-cü maddəsi). Mediasiya prosesi məhkəmə baxışından əvvəl və ya alternativ olaraq tərəflərin razılığı olduğu halda məhkəmə prosesi zamanı keçirilə bilər.

Məhkəmə tərəfindən təyin olunan mediasiya tərəflər arasında əvvəlcədən mediasiya şərti və ya ayrıca mediasiya müqaviləsi olmasa belə mümkündür. Lakin bunun üçün müəyyən şərtlər mövcuddur. Birincisi, tərəflər mediasiyaya razılıq verməlidir. İkincisi isə mediasiya yalnız məhkəmə prosesinin ilkin mərhələsində - ilk məhkəmə iclasına qədər - keçirilə bilər. Polşa hüquq sistemində məcburi məhkəmə mediasiyası anlayışı mövcud deyil.

Hakimlər tərəfləri mediasiyada iştirak etməyə təşviq edirlər. Hazırlıq iclasında sədrlik edən hakim tərəflərlə birlikdə mübahisənin predmetini müəyyən edir və xüsusilə mediasiya vasitəsilə barışığa nail olunmasını təşviq edir. Hakimlər ya özləri barışdırıcı rolunda çıxış edə, ya da işi aparmaq üçün neytral mediator seçilməsini tövsiyə edə bilərlər. Ümumilikdə qəbul edilir ki, hakim tərəflər arasındakı danışıqlarda aktiv rol oynayır. Tərəflər arasında müzakirələrin idarə olunması yeni hal olmasa da, hakimin “barışdırma” səlahiyyətləri kifayət qədər genişdir. Buna görə də məhkəmə barışığı, mediator qarşısında əldə olunan razılaşma və ya hakim iştirakı ilə aparılan danışıqlar - hamısı hazırlıq iclası çərçivəsində tərəflərə təqdim