"Qanun nə qədər sərtdirsə, izahı bir o qədər yumşaq olmalıdır..."
Çağdaş dövrün tələbləri bütün sahələrdə dəyişdiyi kimi hüquq sahəsində də yeniliklər labüddür. Respublikamızda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar çərçivəsində ölkədə Vəkillik institutu təkmilləşdirilib, 2019-cu ildə isə “Mediasiya haqqında Qanun”qəbul edilib. Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həlli yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək, mübahisələri arzu etdikləri zamanlarda və formada həll edə bilərlər. Mediatorlar heç bir halda məcburedici qüvvəyə və ya yekun qərar vermək səlahiyyətlərinə malik olmasalar da, tərəflər arasında ortaq maraqların yaranması üçün vasitəlilik xidməti göstərirlər. Onlar inzibati, ailə-məişət, biznes və sahibkarlıq, habelə əmək və mülki məsələlərlə bağlı münaqişə və mübahisələrin həllində barışıq sazişinin əldə edilməsində müstəsna rola malikdirlər. Boşanma ilə bağlı məsələlərə məhkəmələr yalnız tərəflərin mediasiya prosesindən keçməsi şərti ilə baxacaqlar.
Mövzu ilə bağlı hüquqşünas, vəkil, Mediasiya üzrə beynəlxalq məsləhətçi, 15 saylı Mediasiya Təşkilatının rəhbəri Qasım Şaliyev Visiontv.az saytına açıqlama verib. Həmin müsahibəni sizə təqdim edirik :
Son dövrlər Azərbaycanda məhkəmə sistemində yenilik olan mediasiya ilə bağlı vəziyyət necədir ?
Bildiyimiz kimi, mediasiya haqqında qanun 2019-cu ilin mart ayında qüvvəyə minmiş və davamında qanunun icrasının tənzimlənməsi istiqamətində Nazirlər Kabineti tərəfindən bir neçə mühim qərar qəbul edilmişdir. Misal olaraq, Mediasiya prosesinin həyata keçirilməsi Qaydası, Mediasiya reyestrinin aparılması Qaydası, Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası, İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiqi barədə qərarları qeyd edə bilərik. Sadalanan bu hüquqi sənədlərin mediasiya proseslərinin düzgün aparılması və vətəndaşların mediasiyaya əlçatımlılığının təmini üçün çox əhəmiyyətli olduğunu düşünürəm. Habelə Mediasiya Şurasının təsdiqlədiyi Mediatorların davranışı barədə reqlament də mediator peşəsinin icrasında nəzərə alınmalı etik davranış standartlarını-maraqlar toqquşmalarının qarşısının alınması, müstəqilliyin təmini, qərəzsizliyin qorunması kimi vacib məqamları açıqlıqla müəyyən edib.
Cəmiyyət isə mediasiya sözü və mediator peşəsini icra edən şəxslərlə real həyatda ilk dəfə 2021-ci ilin iyul ayında qarşılaşdı. Müəyyən kateqoriyalı işlər- ailə, əmək, kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək artıq qanun tələbi idi. Qanunun yeni tətbiq olunmasına görə insanlar bu institutun mahiyyəti barədə məlumatlı deyildilər və mediasiya sənədləşməsində müəyyən səhvlərə yol verilirdi. Lakin 2022-ci ilin yanvar ayından başlayaraq, ilk öncə Bakı şəhərində, davamında isə regionlarda mediasiya təşkilatları fəaliyyətə başlayaraq qanunun yaratdığı imkanlar daxilində mediasiyanın təbliği və təşviqi üzrə üzrə bir sıra addımlar atılmağa başlandı. Xüsusilə sosial media resurslarında maarifləndirici paylaşımlar, kütləvi informasiya vasitələrində müsahibələr və məqalələr ilə, habelə universitetlər və digər qurumlarla bağlanılmış memorandumlar əsasında keçirilən görüşlərdə mediasiya barəsində məlumatlar və izahlar verilməkdədir.
Hazırda ölkəmizdə 29 mediasiya Təşkilatı (14-ü Bakıda olmaqla) və 279 mediator aktiv fəaliyyət göstərməkdədir. Mediasiya təlimi qurumu olan Ədliyyə Akademiyası tərəfindən daimi sənəd qəbulu aparılmaqla mediatorların ilkin hazırlığı təlimləri periodik təşkil edilməkdədir. Mediasiya Şurasında qanunla müəyyən edilmiş orqanlarla yanaşı, mediasiya üzrə işlərin düzgün koordinasiya daxilində təmini üçün ixtisas komissiyası, audit komitəsi, etika komitəsi və digər alt bölmələr yaradılmışdır ki, bu bölmələrin də üzvləri yalnız mediatorlardır. Maraqlı bir məqamı daha qeyd etmək istərdim ki, ictimai hesabatlılıq və şəffaflığı təmin edən Mediasiya Şuramız hər ay mediasiya təşkilatlarının və mediatorların icraatında olmuş işlər və barışıq nisbəti barədə açıq hesabatlar paylaşmaqdadır. Bu da aidiyyətin şəxslərin, bütövlükdə cəmiyyətin mediasiya islahatları barədə aydın təsəvvürünün formalaşmasına töhfəsini verməkdədir. Ayrıca son aylarla iki yadda qalan hadisəni də bildirmək istərdim. KOBİA-nın və DOST mərkəzinin Bakı şəhərində yerləşən ofislərində mediasiya məkanı yaradılmışdır. Bu da kommersiya və əmək mübahisələri üzrə mediasiya sessiyalarının yüksək komforta malik həmin yerlərdə vətəndaş məmnunluğu daxilində rahat keçirilməsinə imkan verir. Sonda məmnunluqla bildirim ki, Bakı 15 saylı Mediasiya Təşkilatı olaraq Bakımın ürəyi sayılan İçərişəhərdə yerləşən geniş və sakit ofisimizdə bütün mülki mübahisələrin mediasiya yolu ilə həllinə nail olmaq üçün gülərüz komandamızla peşəkar xidmətlər təqdim edirik. Gündəlik sosial media hesablarımız və yenicə fəaliyyətə başlamış mediasiya15.az saytımızla da vətəndaşları maraqlandıran sualları cavablandırır və mediasiya ilə bağlı məsələlərə açıqlıq gətiririk.
Bizdən əvvəl bu təcrübəyə malik olan ölkələrin təcrübəsində mediasiya necə tətbiq olunur və hansı ölkələrin təcrübəsi Azərbaycan üçün faydalı ola bilər?
Dünya təcrübəsində gördüyümüz budur ki, mediasiya sessiyaları ümumilikdə könüllülük psinsipləri daxilində həyata keçirilir. Əslində ölkəmizdə tətbiq olunan məcburilik də sadəcə ilkin mediasiyasında iştirak ilə tamamlanır. Yəni ilkin mediasiya sessiyasında iştirak edərək mediasiya və onun üstünlükləri barədə məlumat aldıqdan sonra tərəflər özləri könüllü qərar verirlər ki, mübahisə tam mediasiya sessiyasında müzakirə edilsin, yoxsa məhkəməyə müraciət edilsin.
Bu praktikanı tətbiq edən, misal olaraq İtaliya, Yunanıstan, Türkiyədə bir çox mübahisə üzrə məhkəməyə müraciət edilməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak edilməsi icbaridir. Sualınıza cavab olaraq bildirim ki, biz əsasən İtaliya modelinə üstünlük versək də, xalqımızın mental dəyərləri və sosial ehtiyacları nəzərə alınmaqla zamanla öz mediasiya modelimizin ərsəyə gələcəyinə inanıram. Nəticə etibarilə, mediasiyanın təməlində duran könüllülük, neytrallıq, qərəzsizlik, konfidensiallıq prinsiplərinə riayət etməklə düzgün mediasiya xidmətlərinin təqdimi ilə cəmiyyətdə mediator peşəsinə və mediasiya prosesinə inam zamanla artacaqdır.
Söhbətləşdi : Bünyamin Bünyadzadə
10 Aprel 2023