Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

Bakı 15 saylı Mediasiya Təşkilatında dəyirmi masa təşkil edilib

Xəbərə keçid Ⓒ e-huquq

Bu gün fəaliyyətə başlamasının ildönümünü qeyd edən Bakı 15 saylı Mediasiya təşkilatında “Mediasiya Təşkilatlarının Azərbaycan cəmiyyətinə töhfəsi” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masa Mediasiya Şurası və Bakı 15 saylı mediasiya təşkilatı ilə birlikdə həyata keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri Qasım Şaliyevin moderatorluğu ilə aparılan müzakirədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri - Ədalət Vəkil Bürosunun rəhbəri Muxtar Mustafayev, 20 saylı Vəkil Bürosunun və Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova, Xəzər Universitetinin müəllimi - Mediasiya üzrə beynəlxalq ekspert Alida Mahmudova iştirak etmişdir.

Ölkəmizdə aparılan mediasiya islahatlarının icrasında mediasiya təşkilatlarının rolu geniş müzakirə edilmiş və cəmiyyətdə sosial barışa töhfə verilməsi istiqamətində mübahisələrin alternativ həll yolu kimi mediasiyanın üstünlükləri vurğulanmışdır.

Qonaqlar məhsuldar mediasiya nəticələri əldə etmək üçün mediasiya sessiyalarında iştirak edən vəkillər və şirkət hüquqşünasları ilə mediatorlar arasında qarşılıqlı peşəkar münasibətlərin qurulmasının vacibliyini bildirmiş, bununla bağlı maarifləndirmə işlərinin artırılması və bu istiqamətdə xarici təcrübənin öyrənilərək tətbiq edilməsini qeyd etmişlər.

Tələbələr arasında danışıqlar və mediasiya mədəniyyətinin formalaşdırılması istiqamətində mediasiya təşkilatlarının həyata keçirdiyi məqsədyönlü işlər, habelə məktəbli mediasiyası üzrə planlanan tədbirlər xüsusi marağa səbəb olmuşdur.
Sonda mediasiyanın ictimai nüfuzunun artırılması üçün mediasiya təşkilatlarının və mediatorların peşəkarlığının artırılması və mediasiyada bağlanmış barışıq sazişlərinin icrasındakı çətinliklərin aradan qaldırılmasına dair məzmunlu diskussiya aparılmışdır.