Holland mediatorların təbrik mesajı
2021-ci ildə Avropa İttifaqının “Mediats” layihəsində iştirak etmək üçün Azərbaycandan Hollandiyaya 15 nəfərlik qrup gəlmişdi. Layihənin məqsədi bütün iştirakçı ölkələrdə mediasiyanın inkişaf etdirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması və universitetlərdə magistr proqramlarının yaradılması idi. Mən həmin vaxt iştirakçıların heç birini tanımırdım, amma indi onlardan bir çoxu ilə yaxşı dostuq. Onlardan biri xüsusilə motivasiyalı bir adam kimi diqqətimi çəkmişdi. Təəssüf ki, o pandemiya səbəbindən Hollandiyada iki həftədən çox qalmalı olmuşdu. Amma bu vəziyyət bizə dost olmaq üçün fürsət yaratdı. Bu şəxs Qasım Şaliyev idi.
Onun Azərbaycanda mediasiya təcrübəsini daha da peşəkar səviyyəyə çatdırmaq təşəbbüsü, həqiqətən də, böyük bir addım idi. Mediasiya 15 özünü mediasiya sahəsinə həsr etmiş fədakar insanların gözəl təşəbbüsüdür.
Hollandiyadakı sistem mediasiyanın vəkillik peşəsi ilə məhdudlaşdırılmaması fəlsəfəsinə əsaslanır. Hər bir insanın gündəlik həyatda bir çox münaqişələri olur. Amma biz bunun üçün, demək olar ki, heç vaxt məhkəməyə müraciət etmirik. İş yerlərində işçilər, bir komanda üzvləri, qonşular, dostlar, ailələr, idman təşkilatları və daha bir çoxları arasında yaranan mübahisələr haqqında bir düşünün...
Bu problemləri həll etmək üçün sizə müxtəlif peşə sahələrini yaxşı bilən mediatorlar lazımdır; məsələn, psixologiya, maliyyə, hökumət, hüquq peşələrinə yiyələnən mütəxəssislər və hətta uşaqlar. Beləliklə, müxtəlif sahələrə aid olan məlumatların istifadəsi bu sahədə önəmlidir, həlli tələb olunan mübahisənin növü isə hansı mediatorun daha uyğun olacağına qərar verir.
Beynəlmiləlləşmə mediasiyanın daha sürətli inkişafına və onu yüksək səviyyəyə qaldırmağa şərait yaradır. Hollandiyada mediasiya artıq cəmiyyət tərəfindən münaqişələrin həlli üçün əsas vasitə kimi qəbul edilir. Hər il təxminən 200.000 iş mediasiya vasitəsilə həll olunur və bir milyondan çox qeyri-rəsmi mediasiya prosesləri həyata keçirilir.
Ümid edirəm ki, Mediasiya15 bunu reallaşdıracaq təşkilatlardan biri olacaq. Onlar möhtəşəm bir iş görürlər və ümid edirəm ki, onlar ölkədə mediasiyanı gücləndirməyə davam edəcəklər. Buna nail olmaq üçün az da olsa kömək edə biliriksə, bundan ancaq məmnunluq hissi duyarıq. Biz bu sahədə təlimlərin keçirilməsini, bilik və təcrübə mübadiləsinin yaranmasını davam etdirəcəyik.
Mən də sizə baş çəkməyi planlaşdırıram. Yenidən görüşməyimizi və daha maraqlı məsələləri müzakirə etməyi səbirsizliklə gözləyirəm!
Bir daha təbriklər!
Prof. Jan van Zwieten
Niderland Biznes Akademiyasının rektoru
15 May 2025


