Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası

UNCITRAL

Mediasiya Qaydaları

(2021)

(qeyri-rəsmi tərcümə)

Baş Assambleya tərəfindən qəbul edilmiş Qərar

[Altıncı Komitənin hesabatı əsasında (A/76/471)]

BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının Mediasiya Qaydaları

Baş Assambleya,

17 dekabr 1966-cı il tarixli 2205 (XXI) saylı qərarını rəhbər tutaraq, həmin qərar ilə beynəlxalq ticarət hüququnun mərhələli şəkildə uyğunlaşdırılması və unifikasiyasını təşviq etmək səlahiyyəti olan Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) yaradıldığını və bu baxımdan beynəlxalq ticarətin geniş şəkildə inkişafında bütün xalqların, xüsusilə inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınmalı olduğunu qeyd edərək, 

“Mediasiya”, “konsiliasiya” və oxşar ifadələrlə tanınan mübahisələrin həlli üsulları ilə bağlı qəbul edilmiş - 4 dekabr 1980-ci il tarixli 35/52 saylı “Komissiyanın Konsiliasiya Qaydaları” haqqında qərarı və Mediasiya Nəticəsində Əldə Olunmuş Beynəlxalq Barışıq Sazişləri üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyası və Beynəlxalq Kommersiya Mediasiyası və Mediasiya Nəticəsində Əldə Olunmuş Beynəlxalq Barışıq Sazişləri üzrə Model Qanunu ilə bağlı 20 dekabr 2018-ci il tarixli 73/198 və 73/199 saylı qərarları xatırladaraq,

Beynəlxalq kommersiya münasibətləri çərçivəsində yaranan mübahisələrin qarşılıqlı razılıqla həlli üsulu kimi belə mübahisələrin həlli üsullarının dəyərinin və bu üsulların mübahisənin səmərəli şəkildə və məhkəməyə müraciət edilmədən yekun həllinə nail olunması məqsədilə həm beynəlxalq, həm də milli kommersiya təcrübəsində daha çox istifadə olunmasının fərqində olaraq,

Bu cür mübahisələrin həlli üsullarından istifadənin əhəmiyyətli faydalar verdiyini, o cümlədən, mübahisələrin kommersiya münasibətlərinin pozulması ilə nəticələnmə hallarını azaltdığını, kommersiya tərəfləri tərəfindən beynəlxalq əməliyyatların idarə olunmasını asanlaşdırdığını və dövlətlərin ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində sərf etdiyi resurslara qənaət etdiyini nəzərə alaraq,

Konsiliasiya Qaydalarının qəbulundan bəri bu cür mübahisələrin həlli üsullarının inkişafını etiraf edərək,

UNCITRAL Mediasiya Qaydalarının hazırlanmasının hökumətlərin və maraqlı hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatlarının məsləhətləşmələrindən böyük dərəcədə faydalandığını qeyd edərək,

UNCITRAL Mediasiya Qaydalarının Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyası tərəfindən müzakirələrindən sonra keçirilmiş əlli dördüncü sessiyasında qəbul edildiyini də nəzərə alaraq,

  1. BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasına BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının əlli dördüncü sessiyasının işinə dair hesabatının III əlavəsində mətni əks olunduğu Mediasiya Qaydalarını tərtib və qəbul etdiyinə görə minnətdarlığını bildirir, 
  2. UNCITRAL Mediasiya Qaydalarının beynəlxalq kommersiya münasibətləri çərçivəsində yaranan mübahisələrin həllində istifadəsini tövsiyə edir;
  3. Baş katibdən UNCITRAL Mediasiya Qaydalarının geniş şəkildə tanınması və əlçatan olması üçün bütün səyləri göstərməyi tələb edir. 

49-cu plenar iclas
9 dekabr 2021-ci il

UNCITRAL Mediasiya Qaydaları

Maddə 1. Qaydaların tətbiqi

  1. Tərəflər arasında yaranmış mübahisələrin UNCITRAL Mediasiya Qaydalarına uyğun olaraq mediasiyaya təqdim olunmasına dair razılıq olduğu halda, bu Qaydalar tətbiq olunur. Qaydalar, mediasiyanın müqavilə əsaslı olub-olmamasından asılı olmayaraq tətbiq oluna bilər.
  2. Qaydalara uyğun mediasiya - mediasiya, konsiliasiya və ya oxşar mənalı digər ifadələrlə istinad olunsa da, tərəflərin üçüncü bir şəxsə və ya şəxslərə ("mediator") onların mübahisəsini qarşılıqlı razılıqla həll etmək təşəbbüsünə köməklik göstərməsi üçün müraciət etdikləri bir prosesdir. Mediatorun tərəflərə mübahisənin həlli ilə bağlı həll yolu tətbiq etmək səlahiyyəti yoxdur.
  3. Əgər tərəflər Qaydaların konkret bir versiyasının tətbiqinə razı deyillərsə, mediasiyanın başlama tarixinə qüvvədə olan Qaydalara istinad etdikləri güman olunur.
  4. Tərəflər istənilən vaxt Qaydaların istənilən müddəasını istisna edə və ya dəyişdirə bilərlər.
  5. Əgər bu Qaydaların hər hansı bir müddəası tərəflərin güzəştə gedə bilmədiyi mediasiyaya tətbiq olunan qanunun bir müddəası ilə, o cümlədən tətbiq olunan hər hansı hüquqi akt və ya məhkəmə qərarı ilə ziddiyyət təşkil edərsə, həmin qanunun müddəası üstünlük təşkil edəcəkdir.

Maddə 2. Mediasiyanın başlaması

  1. Yaranmış mübahisəyə dair mediasiya, əgər tərəflər arasında  başqa razılıq yoxdursa, mediasiyada iştirak etmək barədə razılığa gəldikləri tarixdən etibarən başlanmış hesab olunur.
  2. Qarşı tərəfi mediasiyaya dəvət etmiş tərəf, dəvətin göndərildiyi gündən etibarən 30 gün ərzində və ya dəvətdə göstərilən digər müddət ərzində dəvətin qəbul edilməsini onun göndərilməsi haqqında qeydi nəzərdə tutan hər hansı vasitə ilə almazsa, tərəf bunu mediasiyaya dəvətin rədd edilməsi kimi qiymətləndirə bilər.

Maddə 3. Mediatorların sayı və təyin edilməsi

  1. Tərəflər arasında başqa razılıq yoxdursa, bir mediator olmalıdır. Əgər bir neçə mediator varsa, mediatorlar birgə şəkildə fəaliyyət göstərməlidirlər.
  2. Fərqli bir təyinat proseduru tətbiq olunmursa tərəflər mediatoru razılaşma yolu ilə təyin etməyə səy göstərməlidirlər. Onlar istənilən vaxt mediatoru dəyişdirmək barədə razılaşa bilərlər.
  3. Tərəflər mediatorun təyin olunmasında bir qurumdan və ya şəxsdən kömək istəyə bilərlər.
  4. Mediator kimi çıxış edəcək şəxsləri tövsiyə edərkən və ya seçərkən, qurum və ya şəxs aşağıdakıları nəzərə almalıdır:

(a) Mediatorun peşəkar təcrübəsi və ixtisası, mediator kimi təcrübəsi və mediasiyanı aparmaq bacarığı;

(b) Qəbul edilmiş peşəkar mediasiya qurumu tərəfindən mediatora verilmiş hər hansı akkreditasiya və/və ya sertifikatlaşdırma;

(c) Mediatorun əlçatanlığı; və

(d) Müstəqil və qərəzsiz bir mediatorun təyin olunmasını təmin edəcək digər amillər.

  1. Əgər tərəflər müxtəlif millətlərdəndirsə, qurum və ya şəxs tərəflərlə məsləhətləşərək, tərəflərin milliyyəti ilə eynilik təşkil etməyən bir mediatorun təyin olunmasının məqsədəuyğunluğunu da nəzərə ala bilər. Bundan əlavə, qurum və ya şəxs seçim zamanı coğrafi müxtəliflik və namizədlərin cinsini nəzərə almalıdır.
  2. Əgər bir şəxs mediator kimi təyinatla bağlı müraciət alırsa, həmin şəxs (mediator) onun qərəzsizliyi və müstəqilliyi barədə əsaslı şübhələr yarada biləcək halları, mübahisənin nəticəsinə təsir göstərə biləcək şəxsi, peşəkar, maliyyə və ya digər maraqlar barədə məlumatları açıqlamalıdır. Mediator təyin olunduğu andan və mediasiya prosesi ərzində bu cür hallar baş verdikdə, onları tərəflərə dərhal açıqlamalıdır.
  3. Təyinatı qəbul etməzdən əvvəl, mediator mediasiyanı səylə və səmərəli şəkildə aparmaq imkanının olduğunu təmin etməlidir.
  4. Əgər mediator öz funksiyalarını yerinə yetirə bilməzsə, tərəflər 2, 3, 4 və 5-ci bəndlərdə göstərilmiş prosedura uyğun olaraq əvəzedici mediator təyin etməlidirlər. 6 və 7-ci bəndlər yeni təyin olunmuş mediatora da tətbiq edilir.

Maddə 4. Mediasiyanın aparılması

  1. Tərəflər mediasiyanın necə aparılacağı barədə razılığa gələ bilərlər. Əks halda, mediator işin hallarını, tərəflərin istəkləri və mübahisənin tez bir zamanda həll edilməsinə olan ehtiyacı nəzərə alaraq tərəflərlə məsləhətləşmə yolu ilə mediasiyanın aparılma qaydasını müəyyən edə bilər.
  2. Mediator tərəflərə dürüst münasibət göstərməlidir və bu zaman işin hallarını nəzərə almalıdır.
  3. Mediasiyanın gedişini asanlaşdırmaq məqsədilə:

(a) Tərəflər və mediator mediasiyanın təşkili ilə bağlı razılığa gəlmək üçün ilkin mərhələdə görüş keçirə bilərlər;

(b) Tərəflər və ya tərəflərin razılığı ilə mediator uyğun bir qurumdan və ya şəxsdən inzibati yardım təşkil edə bilərlər; və

(c) Tərəflər və ya tərəflərin razılığı ilə mediator ekspertlər təyin edə bilərlər.

  1. Mediasiyanı apararkən mediator tərəflərlə məsləhətləşərək və mübahisənin hallarını nəzərə alaraq, tərəflərlə ünsiyyət və görüşlərin məsafədən keçirilməsi daxil olmaqla, münasib hesab etdiyi istənilən texnoloji vasitələrdən istifadə edə bilər.
  2. Hər bir tərəf öz seçimi ilə bir və ya bir neçə şəxs tərəfindən təmsil oluna və ya ona yardım edilə bilər. Belə şəxslərin adı, ünvanı və funksiyası mediasiya başlamazdan əvvəl və ya gecikmədən bütün tərəflərə və mediatora bildiriləcəkdir. Bu bildirişdə həmçinin həmin şəxslərin səlahiyyət dairəsi və təyinatın təmsilçilik və ya yardım məqsədilə olub-olmadığı da göstərilməlidir.

Maddə 5. Tərəflərlə mediator arasında əlaqə

  1. Mediator tərəflərlə birlikdə və ya hər biri ilə ayrı-ayrılıqda görüşə və ünsiyyət qura bilər.
  2. Mediasiyanın istənilən mərhələsində tərəflər mübahisə ilə bağlı məlumat təqdim edə bilərlər. Bu məlumatlara mübahisənin ümumi mahiyyətini, məsələ ilə bağlı məqamlar, dəstəkləyici sənədlər və müvafiq hesab edilən əlavə məlumatlar daxil ola bilər. Məlumat həmçinin tərəflərin məqsədləri, maraqları, ehtiyacları və motivasiyalarının təsvirini, eləcə də digər müvafiq sənədləri əhatə edə bilər.
  3. Əgər mediator bir tərəfdən mübahisə ilə bağlı məlumat alarsa, mediator həmin məlumatı onu təqdim edən tərəf məxfi saxlanılmasına dair şərtin tətbiq edilmədiyini bildirmədiyi və ya məlumatın digər tərəfə açıqlanmasına razılıq vermədiyi təqdirdə, məxfi saxlamalıdır.

Maddə 6. Konfidensiallıq

Tərəflər başqa cür razılaşmadığı təqdirdə, mediasiya ilə bağlı barışıq sazişi də daxil olmaqla bütün məlumatlar mediasiyada iştirak edən şəxslər tərəfindən yalnız qanunla açıqlama tələb olunduqda və ya 8-ci maddənin 4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla məxfi saxlanılmalıdır.

Maddə 7. Digər proseslərdə sübutların təqdim edilməsi

1.Tərəflər arasında başqa razılıq yoxdursa, mediasiyada iştirak edən tərəf, mediator və mediasiyanın idarə edilməsində iştirak edən üçüncü şəxslər, arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli proseslərində aşağıdakı məsələlərə istinad edə, onları sübut kimi təqdim edə və ya onlar barədə ifadə verə bilməzlər:

(a) Tərəflərdən birinin mediasiyada iştirak etməyə dəvəti və ya mediasiyada iştirak etməyə razı olduğunu göstərən fakt;

(b) Mübahisənin mümkün həllinə dair tərəfin bildirdiyi fikirlər və ya irəli sürdüyü təkliflər;

(c) Mediasiya zamanı tərəfin bildirdiyi bəyanatlar və ya etiraflar;

(d) Mediator və ya tərəflərin irəli sürdüyü təkliflər;

(e) Tərəfin mediator və ya digər tərəflərin irəli sürdüyü barışıq təklifini (və ya onun müəyyən hissələrini) qəbul etməyə razı olduğunu göstərən fakt;

(f) Əsas etibarilə mediasiya məqsədi ilə hazırlanmış sənəd.

2. 1-ci bənd, orada istinad edilən məlumat və ya sübutların formasından asılı olmayaraq tətbiq edilir.

3. 1-ci və 2-ci bəndlər, mediasiyanın predmeti olan mübahisə ilə əlaqəli olub-olmamasından asılı olmayaraq, arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli prosedurlarına şamil edilir.

4. 1-ci bənddə göstərilən məhdudiyyətlərə tabe olmaqla, arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli proseslərində qəbul edilə bilən sübut, yalnız mediasiyada istifadə edildiyinə və ya açıqlandığına görə həmin prosedurlarda qəbul edilməz hesab edilmir.

Maddə 8. Barışıq sazişi

  1. Tərəflər mediasiya yolu ilə mübahisənin tam və ya qismən həlli üçün barışıq şərtləri barədə razılığa gəldikdən sonra, barışıq sazişini tərtib edib imzalamalıdırlar. Əgər tərəflər bunu xahiş edərsə və mediator bunu uyğun hesab edərsə, mediator barışıq sazişinin hazırlanmasında tərəflərə dəstək göstərə bilər.
  2. Tərəflər başqa cür razılaşmadığı təqdirdə, mediator və ya mediasiya təşkilatı barışıq sazişini imzalaya, möhürləyə və ya sazişin mediasiya nəticəsində əldə olunduğuna dair başqa sübut təqdim edə bilər.
  3. Elektron kommunikasiya vasitəsi ilə imzalanmış barışıq sazişi aşağıdakı hallarda tərəflər tərəfindən imzalanmış sayılır:

(a) Tərəflərin kimliyini müəyyən edən və elektron kommunikasiyada yer alan məlumatlara münasibətdə niyyətlərini ifadə edən bir üsuldan istifadə olunarsa;

(b) Bu üsul:

(i) Elektron kommunikasiyanın yaradıldığı və ya ötürüldüyü məqsədə uyğun olaraq, bütün halları və müvafiq razılaşmaları nəzərə almaqla etibarlı sayılırsa; və ya

(ii) (a) bəndində təsvir olunan funksiyaları təkbaşına və ya əlavə sübutlarla birgə faktiki olaraq yerinə yetirdiyi sübut edilirsə.

  1. Tərəflər barışıq sazişini imzalamaqla razılaşırlar ki, həmin sazişin mediasiya nəticəsində əldə olunduğunu göstərən sübut kimi istifadə edilə bilər və müvafiq qanunvericilik çərçivəsində hüquqi müdafiə tədbirlərinin görülməsi üçün əsas ola bilər.

Maddə 9. Mediasiyanın xitamı

Mediasiya aşağıdakı hallarda xitam olunur:

(a) Tərəflər tərəfindən barışıq sazişinin imzalanması ilə, sazişin imzalandığı tarixdə və ya tərəflərin sazişdə razılaşdırdıqları başqa bir tarixdə;

(b) Tərəflərin mediator qarşısında mediasiyanın başa çatdığını bəyan etməsi ilə, bəyanatın edildiyi tarixdə;

(c) Hər hansı bir tərəfin digər tərəfə və əgər mediator təyin olunubsa həmçinin mediatora mediasiyanı davam etdirmək istəmədiyini bəyan etməsi ilə, bəyanatın edildiyi tarixdə;

(d) Mediatorun tərəflərlə məsləhətləşdikdən sonra mediasiya proseslərinin davam etdirilməsinin artıq əsaslı olmadığı barədə bəyanat verməsi ilə, bəyanatın edildiyi tarixdə;

(e) 11-ci maddənin 5-ci bəndində nəzərdə tutulan vəziyyətlə bağlı mediatorun tərəflərlə məsləhətləşmədən sonra mediasiyanın başa çatdığını bəyan etməsi ilə, bəyanatın edildiyi tarixdə;

(f) Müvafiq beynəlxalq sənəddə, məhkəmə qərarında və ya məcburi qanunverici müddəada nəzərdə tutulmuş müddətin başa çatması ilə və ya tərəflərin razılaşması ilə.

Maddə 10. Arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli prosedurları

  1. Arbitraj, məhkəmə və ya mübahisənin həlli üzrə digər prosedurların başlanmasından asılı olmayaraq, mediasiya Qaydalara əsasən istənilən vaxt həyata keçirilə bilər.
  2. Əgər tərəflər mediasiya barədə razılığıa gəliblərsə və müəyyən bir müddət ərzində və ya müəyyən bir hadisə baş verənə qədər arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli prosedurlarına müraciət etməməyi öhdələrinə götürüblərsə, tərəfin hüququnu qorumaq məqsədilə, zəruri hesab edilən hallar istisna olmaqla belə prosedurlara başlamamaq öhdəliyi yerinə yetirilməlidir.  Belə prosedurların başlanması, mediasiya razılaşmasından imtina və ya mediasiyanın xitamı kimi qiymətləndirilməməlidir.

Maddə 11. Xərclər və xərclərin depoziti

  1. Mediasiyanın xərclərinin müəyyən olunması üsulu mümkün qədər ilkin mərhələdə tərəflər və mediator arasında razılaşdırılmalıdır. Mediasiya başa çatdıqda, mediator məqbul məbləğdə olan və bu barədə tərəflərə yazılı bildiriş göndərdiyi mediasiyanın xərclərini müəyyən edir. "Xərclər" termini yalnız aşağıdakıları əhatə edir:

(a) Mediatorun haqqı;

(b) Mediatorun yol ilə bağlı və digər xərcləri;

(c) Mediator tərəfindən tərəflərin razılığı ilə tələb olunmuş ekspert rəyinin xərci;

(d) Qaydaların 3-cü maddəsinin 3-cü bəndi və 4-cü maddəsinin 3-cü bəndi əsasında göstərilən hər hansı yardımın dəyəri;

(e) Tərcümə və məsləhət xidmətləri ilə bağlı olanlar da daxil olmaqla, mediasiya nəticəsində yaranan digər xərclər.

  1. Tərəflər arasında başqa razılıq yoxdursa, 1-ci bənddə göstərilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür və əgər mediasiyada birdən çox tərəf varsa, bu xərclər mütənasib şəkildə nəzərə alınır. Hər bir tərəfin digər şəxsi xərcləri isə həmin tərəfin özü tərəfindən ödənilir.
  2. Mediator təyin olunduqdan sonra, tərəflər və mediator arasında başqa razılıq yoxdursa, mediator hər bir tərəfdən 1-ci bənddə göstərilən xərclərə avans olaraq bərabər məbləğdə depozit tələb edə bilər.
  3. Tərəflər və mediator arasında başqa razılıq yoxdursa, mediasiya müddətində mediator tərəflərin hər birindən bərabər məbləğdə əlavə depozitlər tələb edə bilər. 
  4. Əgər 3-cü və 4-cü bəndlərdə nəzərdə tutulan depozitlər mediator tərəfindən müəyyən edilən məqbul müddət ərzində tərəflərin hamısı tərəfindən tam şəkildə ödənilməzsə, mediator mediasiyanı dayandıra və ya 9-cu maddənin (e) bəndinə əsasən mediasiyanın başa çatdığını elan edə bilər.
  5. Mediasiya başa çatdıqda və  əgər depozitlər qəbul olunmuşdursa, mediator tərəflərə qəbul edilmiş depozitlər barədə hesabat təqdim etməli və istifadə olunmamış vəsaitləri tərəflərə qaytarmalıdır.

Maddə 12. Mediatorun digər proseslərdə rolu

  1. Mediator mediasiyanın subyekti olmuş və ya olduğu mübahisə və eyni və ya əlaqəli müqavilə və ya hüquqi münasibətdən irəli gələn mübahisə ilə bağlı hər hansı arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli prosesində arbitr kimi çıxış etməməlidir.
  2. Mediator mediasiyanın subyekti olmuş və ya olduğu mübahisə və eyni və ya əlaqəli müqavilə və ya hüquqi münasibətdən irəli gələn mübahisə ilə bağlı hər hansı arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli prosesində tərəfin nümayəndəsi və ya vəkili kimi çıxış etməməlidir.
  3. Tərəflər mediatoru belə proseslərdə şahid qismində təqdim etməməlidirlər.

Maddə 13. Məsuliyyətin istisnası

Qəsdən edilən qanun pozuntuları istisna olmaqla, tərəflər tətbiq olunan qanunvericilik çərçivəsində mümkün olan ən geniş şəkildə, mediasiya ilə bağlı hərəkət və ya hərəkətsizlik səbəbilə mediatora qarşı hər hansı iddiadan imtina edirlər.

Əlavə

Model mediasiya müddəaları

Yalnız Mediasiya

Bu müqavilədən irəli gələn və ya bununla əlaqəli olan, eləcə də onun pozulması, ləğv edilməsi və ya etibarsızlığı ilə bağlı yaranan istənilən mübahisə, ziddiyyət və ya iddia BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) Mediasiya Qaydalarına uyğun olaraq mediasiyaya təqdim edilməlidir.

Qeyd: Tərəflər əlavə etməyi nəzərdən keçirə bilərlər:

(a) Qaydaların versiyasının qəbul ili;

(b) Tərəflərin razılığı ilə [mediasiya razılaşmasından 30 gün ərzində] mediator təyin olunacaq və əgər tərəflər razılığa gələ bilməzsə, mediator [müvafiq seçici orqan] tərəfindən seçiləcək;

(c) Mediasiyanın dili ... ;

(d) Mediasiyanın keçiriləcəyi yer ...

Çoxpilləli Müddəa

Bu müqavilədən irəli gələn və ya bununla əlaqəli olan, eləcə də onun pozulması, ləğv edilməsi və ya etibarsızlığı ilə bağlı yaranan istənilən mübahisə, ziddiyyət və ya iddia BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) Mediasiya Qaydalarına uyğun olaraq mediasiyaya təqdim edilməlidir.

Qeyd: Tərəflər əlavə etməyi nəzərdən keçirə bilərlər:

(a) Seçici orqan...  (şəxsin və ya qurumun adı);

(b) Mediasiyanın dili ... ;

(c) Mediasiyanın keçiriləcəyi yer ....

Əgər mübahisə və ya onun hər hansı bir hissəsi bu Qaydalara uyğun olaraq mediasiya müraciətindən [(60) gün] ərzində həll edilməzsə, tərəflər qalan məsələlərin BMT-nin Arbitraj Qaydalarına uyğun olaraq arbitraj yolu ilə həll ediləcəyinə dair razılaşırlar.

Qeyd: Tərəflər əlavə etməyi nəzərdən keçirə bilərlər:

(a) Təyin edən orqan (qurumun və ya şəxsin adı);
(b) Arbitrların sayı (bir və ya üç);
(c) Arbitrajın keçiriləcəyi yer (şəhər və ölkə);
(d) Arbitrajın dili ....

Mediatorun Bəyanət Nümunəsi

Açıqlanmalı halların olmaması

Mənim bildiyim qədərilə,  qərəzsizliyim və ya müstəqilliyimlə bağlı əsaslı şübhələrə səbəb ola biləcək heç bir keçmiş və ya indiki hal mövcud deyil. Mediasiya müddətində belə hallar ortaya çıxarsa, bu barədə dərhal tərəfləri məlumatlandıracağam.

Açıqlanmalı halların olması

Əlavədə (a) tərəflərlə olan keçmiş və hazırkı peşəkar, kommersiya və digər münasibətlərim, həmçinin (b) digər müvafiq hallar haqqında bəyanat təqdim olunur. [Bəyanatı daxil edin.] Bu halların mənim müstəqilliyimə və qərəzsizliyimə təsir etmədiyini təsdiq edirəm. Mediasiya müddətində diqqətimi çəkə biləcək əlavə münasibətlər və ya hallar olduqda, bu barədə dərhal tərəfləri məlumatlandıracağam.

Əlçatanlıq bəyanatı nümunəsi

Hazırda malik olduğum məlumatlar əsasında təsdiq edirəm ki, bu mediasiyanı həyata keçirmək üçün zəruri olan vaxtı ayıra bilərəm.

Tərcümə etdi: hüquqşünas Əsməgül Kamilova