Mediasiya xəbərləri

Əsas səhifə / Mediasiya xəbərləri

BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyası Mediasiya üzrə qeydlər (2021)

BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyası

    Mediasiya üzrə qeydlər

     (2021)

        Giriş

      Qeydlərin məqsədi

  1. Bu Qeydlər mediasiya ilə bağlı məsələləri sadalayır və qısa şəkildə izah edir. Beynəlxalq mediasiyaya əsasən hazırlanmış Qeydlər mediasiya iştirakçıları və mübahisə tərəfləri arasında  ümumi və universal davranış qaydaları formalaşdırmaq üçün nəzərdə tutulub.
  2. Mediasiyanı xarakterizə edən sərbəstlik nəzərə alınaraq, prosedur qaydaları, təcrübə və metodlar tərəflər arasında razılaşmanın əldə olunmasına xidmət edir. Hər bir yanaşmanın özünə məxsus əhəmiyyəti vardır. Buna görə də, bu Qeydlər hər hansısa konkret təcrübəni “ən yaxşı praktika”         kimi   önəçəkmirlər.
    Qeydlər tərəflərə mediasiyanın geniş və sərbəst mümkün nəticələrini anlatmaqda kömək etməyə çalışır. Tərəflər və mediator öz səlahiyyətlərinə əsasən bu Qeydlərdən istifadə edə və ya onlara istinad edə bilər, həmçinin hər hansı bir Qeyd elementini qəbul etməkdən imtina etməklərinə görə izahat vermək öhdəliyi daşımırlar. Qeydlər tərəflər və mediator üçün hüquqi baxımdan məcburi tələblər yaratmır və mediasiya qaydaları funksiyasını yerinə yetirmək üçün münasib hesab edilməməlidir.

       Mediasiyanın əsas xüsusiyyətləri

  1. Mediasiya effektiv və sərfəli mübahisəni həll etmə mexanizmidir. Tərəflərə öz maraqlarını nəzərə almaqla mübahisənin qarşısını almağa və ya onu həll etməyə imkan verir, eyni zamanda “qazan‑itki” nəticədən (win/lose) qaçınır.
  2. Mediasiya müxtəlif növ mübahisələrin həlli üçün istifadə oluna bilər. Onun tətbiqi əhəmiyyətli üstünlüklərlə nəticələnir ki, məsələn, beynəlxalq əməliyyatların idarə olunmasını asanlaşdırır və mübahisənin kommersiya münasibətlərinin pozulması ilə nəticələnmə hallarını azaldır.

            Məhkəmədənkənar proses (mühakiməsiz proses)

  1. Mediasiya formal deyil və digər məhkəmə və ya digər hüquqi proseslərdən fərqli olaraq, mürəkkəb forma və prosedur qaydalarına əsaslanmır.
    Əslində, mediasiya prosesinin necə aparılacağı qanunla əvvəlcədən müəyyən olunmur.

  2. Uğurlu mediasiyada, tərəflər surətlə qarşıdurma yönümlü (“bir tərəf digər tərəfə qarşı”) yanaşmadan həll yönümlü (“hər iki tərəf problemi birlikdə həll etməyə çalışır”) yanaşmaya keçir. Tərəflər barışıq sazişinə gəlməsələr belə, proses onlara məsələnin mahiyyətini daha yaxşı anlamağa və qeyri-realist gözləntiləri aşmağa imkan verir.

Sərbəst proses

  1. Mediasiya sərbəst prosesdir ki, tərəflərə prosesi istədikləri kimi formalaşdırmağa, öz ehtiyaclarını və işin şəraitini nəzərə almağa imkan verir. Nəticədə, mediasiya adətən məhkəmə prosesindən daha az vaxt və resurs tələb edir.
  2. Tərəflər əsas narahatlıqlarına və maraqlarına diqqət yetirirlər. Onlar mümkün anlaşılmazlıqları aradan qaldıra və uzunmüddətli biznes münasibətlərinin əsasını qura bilərlər.        
    Tərəflərin iradə azadlığına əsaslanan könüllü proses
  3.  Mediasiya tərəflərin iradə azadlığına əsaslanır. Doğrudan da, tərəflər mediasiyada iştiraklarına tam nəzarəti özlərində saxlayırlar. Müvafiq hüquq qaydaları çərçivəsində məcburi tələblər tətbiq edilmədiyi hallarda, tərəflər adətən aşağıdakılarda sərbəstdirlər:
  • Mediator barəsində razılığa gəlmək
  • Mediasiya prosesinin gedişi ilə bağlı razılaşmaq
  • Mediasiyaya təqdim ediləcək məsələlərin dairəsini müəyyənləşdirmək
  • Öz həll yollarını inkişaf etdirmək
  • Mübahisəni bütövlükdə həll etmək və ya qismən həll barədə razılığa gəlmək və yaxud
  • İstənilən vaxt mediasiyanı dayandırmaq
  • Aşağıdakı cədvəl mediasiya mərhələlərinin ümumi baxışını təqdim edir.

     Hüquqi çərçivə

       Mediasiya haqqında Singapur Konvensiyası

  1.  Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişlərinə dair Birləşmiş Millətlər Təşkilatının Konvensiyası ("Mediasiya üzrə Sinqapur Konvensiyası" və ya "Konvensiya") BMT Baş Assambleyası tərəfindən 20 dekabr 2018-ci il tarixində qəbul edilmişdir, Konvensiyada müəyyən edildiyi qaydada, ticarət mübahisəsini həll etmək məqsədilə tərəflər arasında mediasiya nəticəsində bağlanmış beynəlxalq barışıq sazişlərinə şamil olunur. Bu, tərəflər tərəfindən əldə edilmiş barışıq sazişinin məcburi və icra edilə bilən hüquqi sənədə çevrilməsini sadələşdirilmiş və sürətli prosedur əsasında təmin edir.

         Mediasiya qanunları

  1. Mediasiya qanunları, o cümlədən UNCITRAL-ın Beynəlxalq Ticarət Mediasiyası və Mediasiya Nəticəsində Bağlanmış Beynəlxalq Razılaşmalar haqqında Model Qanunu əsasında tərtib edilmiş qanunvericilik, adətən mediasiyanı belə tərif edir: mediasiya – tərəflərin mübahisəni qarşılıqlı razılaşma yolu ilə həll etmək üçün danışıqlar apardıqları və üçüncü bir şəxs və ya şəxslər tərəfindən yardım aldıqları bir prosesdir.Mediator tərəflərə yardım göstərərək həll yolu ilə bağlı danışıqlar aparmağa kömək edir,  həll yolunu məcburi şəkildə tətbiq etmək səlahiyyəti yoxdur.
  2. Əsasən, mediasiya qanunvericiliyi mediasiya prosesinin bütövlüyünün qorunması ilə , məsələn, mediatorun zəruri açıqlamaları verməsini təmin etməklə – tərəflərin iradə azadlığını təmin edərək maksimal çevikliklə arasında balans yaratmağa çalışır. Qanunvericilik prosedural fərqlilikləri nəzərə alınaraq tərtib edilib. Bu səbəbdən, həmin qanunvericiliklər adətən mediasiya proseduru üzrə standart (defolt) müddəaları ehtiva edir. Onlar tez-tez milli mediasiya qanunlarına fokuslanır və aşağıdakı məsələləri tənzimləyən müddəaları özündə əks etdirir: mediasiya imkanı, mediasiya institutlarının və ya təşkilatlarının yaradılması, mediatorlarin təyinatı və akkreditasiyası, habelə məxfiliyin qorunması.

Mediasiya qaydaları

  1. Tərəflər mediasiya qaydalar toplusundan istifadə etmək barədə razılığa gələ bilərlər. Belə qaydalar, adətən, mediasiya prosesinin prosedur çərçivəsini müəyyən edir. Həmçinin tərəflərin kommersiya müqavilələrində asanlıqla tətbiq edə biləcəyi nümunəvi mediasiya şərtləri də qəbul edir. Məsələn, UNICITRAL Mediasiya Qaydaları mediasiya prosesini idarə edən bir qurum olmadan, tərəflərin istədikləri kimi dəyişdirə və uyğunlaşdıra bildikləri qaydalar toplusudur, Tərəflər həmçinin mediasiya prosesinin hər hansı bir institut tərəfindən idarə olunmasına qərar verə bilərlər. Əksər institusional qaydalar da tərəflərə yüksək səviyyədə sərbəstlik imkanı verir.

  Mediasiyanın təşkili zamanı nəzərə alınacaq məsələlər

1.Mediasiya prosesinin başlaması

(a) Müxtəlif əsaslar

(b) Tərəflərin razılığı

(c) Mediasiyaya dəvət

(d) Mediasiya prosesinin başlama tarixi

(e) İnstitusional dəstək

2. Mediatorun təyin olunması və ya seçilməsi

(a) Mediator necə seçilir və ya təyin olunur

(b) Mümkünlük, bacarıqlar və təcrübə

(c) Etik tələblər

3. Hazırlıq addımları

(a) Səlahiyyət dairəsi, rüsum və digər xərclər

(b)  İnzibati dəstək

(c) Tərəflərin iştirakı və nümayəndəliyi

(d) Konfidensiallığın qorunması

(e) Mediasiya prosesinin yer və vaxtının müəyyən edilməsi

(f) Prosesin aparılacağı dillə bağlı razılaşma

4. Mediasiya prosesinin gedişatı

(a) Mediatorun rolu

(b) İlkin sessiya

(c)  Sənədlərlə təmin olunma və təqdim olunması

(d) Mediasiya prosesi və aktiv danışıqlar

5. Barışıq müqaviləsi

(a) Razılaşma təklifləri

(b) Barışıq müqaviləsinin tərtibi

(c) İcra

6. Mediasiya prosesin bitməsi

       Qeydlər

1.Mediasiya prosesinin başlanması 

  1. Müxtəlif əsaslar

16. Mediasiyadan mübahisənin müxtəlif mərhələlərində  istər arbitraj, məhkəmə və ya digər mübahisə həlli mexanizmlərinə başlanmazdan əvvəl, istərsə də həmin proseslər davam edərkən uğurla istifadə oluna bilər.

17. Mediasiya tərəflər arasında mübahisə yaranmamışdan əvvəl və ya sonra əldə olunmuş razılıq əsasında həyata keçirilə bilər (aşağıya bax: 19–22-ci paraqraflar). Mediasiya çox vaxt mübahisəni həll etmək üçün rəsmi proseslərə başlanmazdan əvvəl və ya onlar başa çatdıqdan sonra (məsələn, arbitraj qərarının və ya məhkəmə qətnaməsinin icrası məqsədilə) həll yolu tapmaq üçün sonuncu cəhd kimi çıxış edir.

18. Mediasiya, həmçinin beynəlxalq sənədlə və ya qanunla müəyyən edilmiş öhdəlik, yaxud məhkəmənin, arbitraj tribunalının və ya səlahiyyətli dövlət orqanının göstərişi və ya tövsiyəsi əsasında da həyata keçirilə bilər.

            (b) Tərəflərin razılığı

Mübahisədən əvvəlki razılıq

19. Tərəflərin bağladıqları müqavilələrdə mediasiya şərtinin əlavə edilməsi tövsiyə edilir. Bu cür şərt, adətən, tərəflərin müqavilə üzrə yaranan hər hansı mübahisəni mediasiya yolu ilə həll etməyə çalışacaqları nəzərdə tutulur. Tərəflər bu şərti öz ehtiyaclarına uyğunlaşdıraraq fərdiləşdirə bilərlər. Onlar həmçinin hansı mediasiya qaydalarına istinad ediləcəyini müəyyən edə bilərlər (yuxarıya bax: paraqraf 15). Bundan əlavə, mediasiya dili və mediasiyanın keçiriləcəyi yer də öncədən müəyyən edilə bilər (aşağıya bax: paraqraflar 52–54).

20. Mübahisədən əvvəl mediasiya şərti müqaviləyə ya sadə şərt kimi, ya çoxpilləli mübahisə həlli şərtinin bir hissəsi kimi mediasiya ilkin mərhələlərdən biri kimi nəzərdə tutulur və ya mediasiyanın arbitraj, məhkəmə və ya digər mübahisə həlli prosesləri ilə paralel şəkildə aparılacağını müəyyən edən bir şərt formasında daxil edilir. Çoxpilləli şərtlər halında, tərəflərə bu mərhələli prosedur çərçivəsində müəyyən hərəkətlərin hansı müddət ərzində yerinə yetirilməli olduğunu əvvəlcədən müəyyən etmələri tövsiyə olunur. Bu zaman həm vaxt baxımından, həm də prosesin gedişatı baxımından addımlar dəqiq göstərilməlidir.

Mövcud mübahisə üzrə mediasiyaya dair razılaşma

21. Əgər öncədən mediasiya barədə razılaşma yoxdursa, istənilən mərhələdə, hətta arbitraj, məhkəmə və ya digər mübahisə həlli prosesləri davam etdiyi halda belə, tərəflərdən biri mediasiya təşəbbüsü ilə çıxış edə bilər.

22. Mediasiya arbitraj və ya məhkəmə icraatı zamanı keçirilirsə, tətbiq olunan qanun buna qadağa qoymadığı təqdirdə, mediasiyanın keçirilməsi üçün vaxt ayrılması məqsədilə arbitraj və ya məhkəmə prosesi dayandırıla (təxirə salına) bilər. Bəzi hallarda tərəflər mediasiyanın arbitraj və ya məhkəmə prosesi ilə eyni vaxtda (paralel şəkildə) aparılması barədə razılığa gələ bilərlər.

(c) Mediasiyaya dəvət 

23. Mediasiyaya başlamaq istəyən tərəf, adətən, digər tərəfə və ya tərəflərə rəsmi mediasiyaya dəvət məktubu göndərir.

24. Bu ilkin mərhələdə, tərəflər arasında razılaşdırılmış və ya məcburi prosedurun mövcudluğundan asılı olaraq, mediasiyaya dəvət məktubunda aşağıdakı məlumatların göstərilməsi faydalı hesab olunur:

(i) Mübahisənin predmeti üzrə qısa izah,

(ii) Mübahisənin yarandığı və ya onunla əlaqəli olan istənilən müqavilə və ya digər hüquqi sənəd; əgər belə bir müqavilə və ya sənəd mövcud deyilsə, müvafiq hüquqi münasibətin qısa təsviri

(iii) Mediasiyanın hansı əsasla təklif edildiyinin göstərilməsi — məsələn, mediasiya sazişinə əsasən, yaxud digər əsaslarla

(iv) Tətbiq ediləcək mediasiya qayda və proseduru (əgər varsa)

(v) Dəvətin qəbul edilmədiyi təqdirdə, tərəfin bunu mediasiya dəvətindən imtina kimi qiymətləndirə biləcəyi bir müddətin müəyyən edilməsi 

(d) Mediasiya prosesinin başlama müddəti

25. Tərəflərin mediasiyanın başlanma tarixini müəyyən etmələri tövsiyə olunur. Bu, bir neçə səbəbdən vacibdir, o cümlədən bu tarix məxfilik öhdəliyinin başlama nöqtəsini müəyyən edir.

26. Başlanma tarixi adətən tərəflərin mübahisənin mediasiya yolu ilə həllinə razılıq verdikləri gündür.

(e) İnstitusional dəstək

27. Tərəflər mübahisələrini mediasiya təşkilatına yönəltməyi nəzərdən keçirə bilərlər. Mediasiya təşkilatları ümumi mediasiya ilə məşğul ola bilər və ya tikinti, infrastruktur, intellektual mülkiyyət mübahisələri kimi xüsusi sahələr üzrə ixtisaslaşmış ola bilər, yaxud müəyyən bir həll üsulu üzrə (məsələn, onlayn mübahisələrin həlli) fəaliyyət göstərə bilərlər.

28. İnstitusional dəstəyin mövcudluğu, xarakteri və dəyəri təşkilatdan asılı olaraq dəyişir. Bu dəstəyə aşağıdakılar daxil ola bilər:

(i) Mediasiyanın təşkili üzrə rəhbərlik göstərmək (məsələn, prosedur addımları və xərclər barədə);

(ii) Mediasiyaçının seçilməsində və təyin edilməsində kömək etmək;

(iii) İdarəetmə və logistika məsələlərində dəstək göstərmək (məsələn, konfrans zallarının rezervasiyası və tərcümə xidmətləri);

(iv) Məlumatların qorunması və kibertəhlükəsizlik tədbirləri təqdim etmək (xüsusilə onlayn mediasiya üçün);

(v) Mediasiyanın baş verdiyini təsdiq edən sənəd təqdim etmək.

  1. Mediatorun seçilməsi və təyin olunması

    1. Mediator necə seçilir və təyin edilir

29. Tərəflər mediasiyayla bağlı razılığa gəldikdən sonra mediatorun təyin edilməsi və seçilməsiylə bağlı prosedur başlayır. Tərəflər ola bilər ki, mediator barədə özləri razılaşsın və ya onun seçilməsini tələb etsinlər. Tərəflərin əvvəlcə mediatoru qarşılıqlı razılıq əsasında seçməyə çalışmasının üstünlüyü odur ki, bu yanaşma mediasiya prosesinin könüllü xarakterini qoruyur, tərəflərə daha çox nəzarət və müstəqillik imkanı verir, onların prosesə inamını artırır.

30.Ümumiyyətlə, tez və az xərcli bir proses təmin etmək məqsədilə bir mediator təyin edilməsi praktikasına üstünlük verilir.Bəzən tərəflər iki və ya daha çox mediator təyin edirlər. Bu, aşağıdakı hallarda baş verə bilər:

(i) Mübahisə mürəkkəb olduqda və bir neçə sahədə xüsusi bilik tələb olunduqda (belə hallarda tərəflər mediator əvəzinə ekspert də təyin edə bilərlər);              
(ii) Tək bir mediator beynəlxalq əməliyyatla bağlı olan hüquq, ticarət adətləri, dillər və ya mədəniyyətlərlə kifayət qədər tanış deyilsə;  
(iii) Mübahisəyə bir neçə tərəf cəlb olunubsa.

31. Bəzi mediasiya qaydaları, tərəflər mediator üzərində razılığa gələ bilmədikdə, təyin edən orqanın iştirakı imkanını nəzərdə tutur. Bu hallarda tərəflər uyğun bir mediator tövsiyə etməsi və ya birbaşa mediator təyin etməsi üçün bir quruma və ya şəxsə müraciət edə bilərlər. Beynəlxalq mediasiyada mediator rolunu yerinə yetirəcək şəxsi tövsiyə edərkən və ya tə       yin edərkən, təyin edən qurum və ya şəxs, mediatorun tərəflərin milli mənsubiyyətindən fərqli bir milli mənsubiyyətə sahib olmasının zəruri olub olmadığını nəzərə ala bilər və coğrafi müxtəliflik və gender balansına hörmət etməyə çalışmalıdır.

(b) Mediatorun əlçatanlılığı, bacarıqları və təcrübə

32. Prospektiv mediator seçərkən tərəflər aşağıdakı meyarları nəzərə ala bilərlər:
(i) Əlçatanlıq (mövcudluq);
(ii) Mediasiya sahəsində təlim və təcrübə, habelə mediasiyanı aparmaq bacarığı;          
(iii) Vətəndaşlıq və hüquq ənənəsi kimi mənşə və fon;          
(iv) Tanınmış peşəkar mediasiya standartları orqanı tərəfindən verilmiş aidiyyəti akkreditasiya və/və ya sertifikatlar;        
(v) Peşəkar ixtisas və biliklər, o cümlədən mübahisə predmeti üzrə biliklər, dil bacarıqları və texniki bacarıqlar.

(c) Etik tələblər

33. Bir mediator adətən müstəqil və qərəzsiz olmalıdır , mübahisədə və onun nəticəsində heç bir peşəkar, maliyyə və ya digər marağı olmamalıdır.

34. Təyinat anından etibarən və bütün mediasiya prosesi ərzində mediator onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək istənilən halları açıqlamalıdır. Əgər tərəflərə potensial maraq toqquşmaları barədə məlumat verilmiş və onlar məlumatlı razılıqlarını vermişlərsə, mediator mediasiyanı davam etdirə bilər.

35. Bir çox yurisdiksiyalarda mediatorun, mediasiyanın predmeti olmuş və ya olan mübahisədə və ya həmin müqavilədən və ya əlaqəli hüquqi münasibətdən irəli gələn digər mübahisədə arbitr və ya hakim kimi çıxış etməsinə icazə verilmir, əgər tərəflər arasında başqa cür razılıq əldə olunmayıbsa. Qanunvericilik və mediasiya qaydaları həmçinin tez-tez tələb edir ki, mediator, mediasiyanın predmeti olan mübahisə ilə bağlı arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli proseslərində tərəflərdən birinin nümayəndəsi və ya vəkili kimi çıxış etməsin.

3. Hazırlıq prosesi

  1. Səlahiyyətlər çərçivəsi, haqq və digər xərclər 

36.  Tərəflər tərəfindən mediator seçildikdən sonra onun təyinatı təsdiqlənməlidir. Tərəflər  mediatora təyinat məktubu göndərə bilərlər. Həmçinin, mediasiya prosesində mediatorun iştirakını və mediasiyanın müxtəlif aspektlərini əhatə edən səlahiyyətlər çərçivəsinin (terms of reference) tərəflər və mediator tərəfindən imzalanması da geniş yayılmış təcrübədir. Səlahiyyətlər çərçivəsində mübahisənin ümumi təsviri, mediasiyanın aparılma qaydasını müəyyən edən müvafiq qaydalar (məsələn, mediatora tətbiq olunan etik normalar və açıqlama öhdəlikləri),  tərəflərin məxfilik barədə razılığı (aşağıda, 45–51-ci bəndlərə bax) əks oluna bilər.

37. Tərəflər və mediator, mediasiya prosesinin əvvəlində mediatorun haqqının və mediasiya xərclərinin müəyyən edilməsi və bölüşdürülməsi məsələsində razılığa gəlməlidirlər. Mediatorun haqqı, mediasiyanın nəticəsindən və ya mübahisənin məbləğindən asılı ola və ya olmaya bilər. Bundan əlavə, nəticədən asılı olmayaraq, tərəflər əvvəlcədən mediatorun ödəniş alacağı barədə razılığa gəlməlidirlər. Mediasiya xərclərinə adətən aşağıdakılar daxildir:

(i) Mediator haqqı

(ii) Mediasiyanı idarə edən qurumun (əgər varsa) xidmət haqqı;

(iii) Tərəflər tərəfindən birbaşa qarşılanmadığı hallarda, mediatorun səyahət, yerləşdirmə, inzibati və texnoloji dəstək kimi xərcləri;

(iv) Mütəxəssislərin (ekspertlərin) xərcləri, əgər cəlb olunublarsa;

(v) Tərcümə və şərh xidmətləri kimi digər xərclər.

38.  Mediator tərəflərdən xərclərə avans kimi müəyyən məbləğ depozit etmələrini tələb edə bilər və bu depozit ödənilənədək mediasiyanı dayandıra bilər. Mediasiya qaydalarında bu məsələlərlə bağlı tez-tez müddəalar olur — məsələn, depozitin tərəflər tərəfindən bərabər şəkildə ödənilib-ödənilməyəcəyi və tələb olunan ödənişi etməyən tərəf üçün nəticələr. Əgər mediasiya bir mediasiya institutu tərəfindən idarə olunursa, həmin institut aşağıdakı xidmətləri göstərə bilər:depozit məbləğinin müəyyən edilməsi, depozitlərin saxlanması, idarə olunması və uçotu. Əgər institut belə xidmətlər göstərmirsə, bu halda tərəflər və ya mediator bank və ya digər xarici xidmət təminatçısı ilə lazımi razılaşmaları özləri həyata keçirməlidirlər.Hər bir halda, aşağıdakı məsələlərin əvvəlcədən dəqiqləşdirilməsi faydalı hesab olunur: 

  • depozit saxlanılacaq hesabın növü və yerləşdiyi yer,

-     depozitlərin necə idarə olunacağı və

-     depozitə faiz hesablanıb-hesablanmayacağı.

 39. Qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər mediasiya xərcləri üçün ayrılmış depozitlərin idarə olunmasına təsir göstərə bilər. Belə məhdudiyyətlərə, məsələn, peşəkar və etik davranış kodekslərindəki tələblər, vəsaitin faydalanıcılarının şəxsiyyəti ilə bağlı maliyyə qaydaları və ticarət və ya ödənişlərlə bağlı məhdudiyyətlər daxildir.

40. Xərclərin bölüşdürülməsi adətən tərəflər arasında razılaşma əsasında və ya tətbiq olunan mediasiya qaydalarına uyğun olaraq müəyyən edilir. Ümumiyyətlə, əgər xüsusi razılaşma yoxdursa, mediasiya ilə bağlı xərclər tərəflər tərəfindən bərabər şəkildə qarşılanır. Əgər mediasiya bir neçə tərəf arasında aparılırsa, "xərclərin bərabər bölüşdürülməsi" barədə razılaşma daha dəqiq şəkildə müəyyənləşdirilməlidir.

(b) İnzibati yardım

41. Mediasiyanın daha səmərəli aparılması üçün mediatora inzibati dəstək lazım ola bilər. Bu məqsədlə tərəflər və ya tərəflərin razılığı ilə mediator, uyğun bir şəxs və ya qurumdan inzibati yardım tələb edə bilərlər.

(c) Tərəflərin iştirakı və nümayəndəliyi

42. Əgər bir tərəfin barışıq əldə etmək səlahiyyəti məhduddursa (məsələn, razılaşmanın icrası üçün direktorlar şurasının, nazirlik komitəsinin və ya sığortaçının təsdiqi tələb olunursa), bu tərəf mediatora və digər tərəflərə bu məhdudiyyəti əvvəlcədən bildirməlidir. Bu, mediatora mediasiya öncəsi bu məsələləri tərəflərlə müzakirə etməyə imkan verir. Bəzi hallarda müvafiq nümayəndəlik səlahiyyətini göstərən etibarnamə təqdim edilməsi tələb oluna bilər.

43. Mediasiyada iştirak edənlər arasında mübahisənin həllinə töhfə verə biləcək şəxslər də ola bilər.

44. Xüsusilə beynəlxalq mübahisələrdə, tərəflərə mediasiya prosesinin bəzi və ya bütün mərhələlərində hüquqşünasların (vəkillərin) dəstək verməsi geniş yayılmışdır. Hüquqi nümayəndəlik bütün hallarda tələb olunmur, çünki mediasiya əsasən maraqlara əsaslanan danışıqlardır və hüquqi məsələlərlə məhdudlaşmır. Lakin tərəfin hüquq və öhdəliklərinin müzakirəsi, təklif və barışıq imkanlarının hüquqi nəticələrinin təhlili, habelə barışıq sazişinin tərtibi tələb olunduqda, hüquqi təmsilçinin iştirakı tövsiyə olunur.

(d) Məxfilik məsələsinin tənzimlənməsi

45. Tərəflər mediasiyanın əvvəlində, prosesin hansı dərəcədə məxfi qalmasını istədiklərini nəzərdən keçirməli və məxfilik öhdəliklərinin kifayət qədər aydın şəkildə ifadə olunmasına və qorunduğuna əmin olmaq üçün tətbiq olunan qanun və qaydaları yoxlamalıdırlar. Tərəflər aşağıdakı aspektləri əhatə etməklə, məxfiliyin necə tənzimlənəcəyi barədə razılığa gəlməyi düşünməlidirlər.

Mediator və proses iştirakçıları

46. Mediator ümumiyyətlə mediasiyanı, o cümlədən mediasiya ilə əlaqəli və ya mediasiya zamanı əldə olunmuş hər hansı məlumatı məxfi saxlamaq öhdəliyini daşıyır. Məxfilik öhdəliyi adətən yalnız mediatora deyil, həmçinin mediasiyada iştirak edən digər şəxslərə də (məsələn, tərəfləri təmsil edən və ya onlara kömək edənlərə, eləcə də inzibati dəstək verənlərə) şamil olunur. Məsləhət görülür ki, mediasiyada iştirak edən bütün şəxslər məxfilik müqaviləsi ilə əhatə olunsun.

Tərəflər arasında

  1. Tərəflər tətbiq olunan qanunla qadağan olunmayan həddə arzu olunan məxfilik rejimiylə bağlı razılaşa bilərlər. Onlar mediasiyanın özü və mediasiya zamanı dəyişdirilən və ya açıqlanan hər hansı məlumatın nə qədər məxfi dərəcəsi barədə qərar verə bilərlər.
  2. Konfidensiallıq barədə müqavilə qeyd olunan məsələlərlə bağlı əhatə oluna bilər:  (a) konfidensial saxlanılmalı olan material və ya informasiya ( məsələn, mediasiyanın keçirildiyi yer, tərəflərin və mediatorun şəxsiyyəti, şifahi və ya yazılı danışıqlar, barışıq sazişinin məzmunu), (b)bu cür məlumatların konfidensiallığının təmin edilməsi tədbirləri və konfidensiallıq öhdəliyinin qüvvədəolma müddəti, (c)Məxfi məlumatlarının qanuni hüquqi müdafiəsi üçün zəruri olan dərəcədə tam və qismət açıqlana biləcəyi hallar (məsələn, ictimaiyyətə açıq olan məlumatlar və ya qanunla və ya tənzimləyici orqan tərəfindən tələb olunan açıqlamalar).

Mediasiya prosesində tərəflər və mediator 

  1. Tərəflər mediatorun mediasiya zamanı bir tərəfdən aldığı məlumatla necə davranacağı barədə razılığa gəlməlidirlər. Məsələn, belə bir razılaşma mövcud ola bilər ki, əgər bu, tərəflərin mübahisəni həll etməsinə yardım edəcəksə, mediator həmin məlumatın məzmununu mediasiyanın digər iştirakçılarına açıqlaya bilər. Lakin əgər bir tərəf hər hansı məlumatı mediatora məxfi saxlanılması şərti ilə təqdim edərsə, bu məlumat digər tərəflərə açıqlana bilməz.

Sübutların digər proseslərdə qəbul olunma imkanı

50. Mediasiya üçün əsasən hazırlanmış hər hansı sənəd, barışıqla bağlı verilmiş təkliflər və ya tərəflərdən birinin mediasiya zamanı etdiyi hər hansı etiraf arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli prosedurlarında sübut kimi təqdim edilə bilməz.

51. Sübutların digər prosedurlarda yolverilməzliyi ona xidmət edir ki, tərəflər barışığa nail olmaq məqsədilə açıq şəkildə fikir və məlumatlarını bölüşərkən hər hansı mənfi nəticə ilə üzləşməsinlər. Mediasiya zamanı mübadilə olunan məlumat və kommunikasiya vasitələrinin sübut kimi qəbul edilməməsi, habelə mediatorun mediasiyadan sonrakı hər hansı prosedurda şahid qismində çağırılmasının mümkünsüzlüyü, həmin mübahisə üzrə aparılacaq bütün sonrakı prosedurlara şamil edilməlidir. Bununla belə, belə məlumatlar qanunvericiliyin tələb etdiyi və ya barışıq sazişinin icrası və ya tətbiqi məqsədilə açıqlana və ya sübut kimi qəbul oluna bilər.

(e) Mediasiya prosesinin vaxtını və yerinin müəyyən edilməsi

52. Tərəflər mediasiya prosesinin harada keçirələcəyini müəyyən etməlidirlər. Görüş məkanı seçilərkən aşağıdakılar nəzərə alınmalıdır. 

(i) Tərəflər və mediator üçün məkanın, həmçinin o məkana gedişin rahatlığı və neytrallığı

(ii) Dəstək xidmətlərinin mövcudluğu və dəyəri

(iii) Məkanda hər bir tərəf üçün ayrı-ayrı otaqlar və bütün tərəflərlə birgə görüşlərin keçirilməsi üçün geniş otaq olması.

53. Mediasiya həm də tam və ya qismən onlayn şəkildə həyata keçirilə bilər ki, bu da tərəflərlə mediator arasında əlaqəni virtual görüşlərlə məhdudlaşdırır. Bu hallarda tətbiq olunan hüququn müəyyən edilməsinə təsir göstərə bilər və beləliklə, mediasiya prosesinə tətbiq edilən hüququn və barışıq sazişinin əvvəlcədən müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edə bilər.

54. Tərəflər lazımi qaydada hazırlana bilmək üçün vaxtı təyin edə, o cümlədən mediasiya üçün vaxt cədvəli və vaxt çərçivəsini razılaşdıra bilərlər.

      (f) Mediasiya prosesinin diliylə bağlı razılaşma

      55. Tərəflər mediasiyanın hansı dildə və ya dillərddə aparılacağı barədə    razılığa gəlirlər.  Mediasiya zamanı bir neçə dildən istifadə olunacağı halda, tərəflər və mediator qərar verməlidirlər ki, bu dillər tərcümə və ya şərh olmadan ardıcıl şəkildə istifadə ediləcək və ya bəzi sənədlər və kommunikasiya (və ya onların aidiyyəti hissələri) bütün dillərə tərcümə olunmalıdır.

4.Mediasiyanın aparılması         

(a) Mediatorun rolu

56. Ümumilikdə, mediatorların rolu tərəflər arasında və ümumilikdə prosesə qarşı etimad formalaşdırmaqla, mübahisənin həlli üzrə razılığa nail olunmasına şərait yaratmaqdır. Mediatorlar ilkin mərhələdə effektiv danışıqlar üçün təhlükəsiz, neytral və dəstəkləyici mühit yaratmağa çalışırlar. Onlar tərəflərin gözləntilərinə, işin konkret halları və müxtəlif təcrübələrə uyğun olaraq müxtəlif dərəcədə təsir vasitələrindən istifadə edirlər. Mediatorların neytral statusu onları tərəflərin irəli sürdükləri iddialara və arqumentlərə münasibətdə unikal statusa malik edir və tərəflərə öz mövqelərinin etibarlılığını qiymətləndirməyə kömək edir. Mediatorlar həmçinin tərəflərə ehtiyac və maraqlarını müəyyən etməkdə və əsaslandırılmasında yardım edirlər ki, bu da məlumatlı danışıqların aparılmasına və mübahisəyə uyğunlaşdırılmış fərdi həll yollarının tapılmasına imkan yaradır.

  1. Mediatorların prosesin dayandığı (tıxandığı hallarda onu irəlilətmək üçün istifadə edə biləcəkləri müxtəlif metodiki texnikaları və alətləri mövcuddur. Mediasiya boyunca mediatorlar tərəflərə dəstək verir və müzakirələrə yön verirlər, onları innovativ düşünməyə təşviq edərək bir sıra mümkün nəticələri və məhkəmə və ya arbitrajda əldə edilə bilməyəcək yaradıcı və ya daha uyğun həll yollarını nəzərdən keçirməyə təşviq edirlər.

(b) İlkin danışıqlar 

58. Mediator təyin olunduqdan sonra, tərəflərlər və mediator adətən hazırlıq görüşü keçirirlər (bu görüş fiziki olaraq və ya məsafədən – məsələn, konfrans zəngi vasitəsilə keçirilə bilər). Bu görüş zamanı işin xüsusiyyətlərinə uyğun olaraq prosedur qaydalar (tərəflər mövcud qaydalar arasından seçim edə və onları öz ehtiyaclarına uyğunlaşdıra bilərlər) və logistika məsələləri üzrə ən uyğun tənzimləmələr razılaşdırılır. Bu cür ilkin məsləhətləşmələr mediasiyanın razılaşdırılmış (könüllü) təbiətinin ayrılmaz hissəsidir və adətən "Hazırlıq tədbirləri" (3-cü Qeyd) bölməsində əhatə olunan təşkilati qərarlar üzrə həyata keçirilir. Əgər bu məsələlər üzrə tərəflər mediasiya başlamazdan əvvəl və ya hətta mübahisədən əvvəl imzalanmış mediasiya sazişində razılığa gəliblərsə, onlar sadəcə bu qərarları təsdiq edə bilərlər.

  1. Bundan əlavə, ilkin məsləhətləşmələr tərəflərin mediasiyanın aparılmasına dair gözləntilərini aydınlaşdırmağa kömək edir və mediatorun yanaşma tərzi, metodu və üslubunun mübahisənin mahiyyətinə uyğun olub-olmadığını, həmçinin tələb olunan haqq və xərclərin əsaslandırılmasını qiymətləndirməyə imkan verir. Buna görə də, ilkin məsləhətləşmələr, hətta logistika məsələlərinin artıq təşkilatçı qurum tərəfindən təmin olunduğu hallarda belə, olduqca vacibdir.
  2. Əgər tərəflər mediator tərəfindən tətbiq olunacaq prosedur və ya mediasiyanı tənzimləyəcək hər hansı qaydalar üzərində razılığa gəlməyiblərsə, bu zaman mediator və tərəflər birgə şəkildə prosedur hazırlaya bilərlər. Tərəflər mediasiyanın aparılma qaydasının müəyyən olunmasını mediatorun mülahizəsinə buraxa bilərlər, bu isə tətbiq olunan hüququn məcburi müddəalarına tabe olur. Xüsusilə ilkin mərhələdə tərəflər prosedur məsələlərində razılığa gəlməkdə çətinlik çəkə bilərlər və bu zaman mediatorun qərar verməsini tələb edə bilərlər. Bəzi mediatorlar hesab edirlər ki, tərəfləri adi prosedur məsələlərinə cəlb etmək, prosesə inam yaratmaq üçün ilkin və vacib addımdır.
  3. Tərəflər mediasiyanın erkən mərhələsində bir sıra məsələləri aydınlaşdırmağa çalışmalıdırlar. Bu məsələlərə, mediasiyanın arbitraj, məhkəmə və ya digər mübahisələrin həlli prosedurlarının başlanmasına maneə olub-olmadığı da daxildir. Onlar, həmçinin barışıq sazişinin bağlanması, icrası və icbari qaydada yerinə yetirilməsi ilə bağlı hüquqi çərçivəyə dair məsələləri də nəzərdən keçirə bilərlər.

(c) Tələb və əsaslandırıcı sənədlər

  1. Tərəflər öz işlərinə dair məlumatın mediatora necə və hansı formada təqdim olunması barədə sərbəst şəkildə razılığa gələ bilərlər. Mediasiya prosesi çərçivəsində tərəflər adətən qısa sənədlər (bəzən bunlara mövqe sənədləri, mediasiya bəyanatları, icmallar və ya işin xülasələri də deyilir) mübadiləsi aparırlar.
  2. Əgər belə yazılı xülasə hazırlanırsa, bu sənəd adətən yalnız mediasiyada razılığa gəlmək məqsədilə istifadə olunmaq üçün nəzərdə tutulur və gələcəkdə məhkəmə çəkişməsində istifadə üçün deyil. Bu xülasəni hər bir tərəf  ayrıca və ya birgə şəkildə təqdim edə bilər və adətən aşağıdakıları əhatə edir:
    (i) Mübahisənin tarixi;        
    (ii) Məsələlərin izahı;          
    (iii) Tərəfin mediasiya vasitəsilə əldə etmək istədiyi nəticə.
  3. Tərəflər öz arqumentlərini əsaslandırçaq və ya mübahisəyə aydınlıq gətirmək üçün təqdim olunacaq sənədlər barədə razılaşa bilərlər. Bu sənədlər müqavilələr, yazışmalar və digər müvafiq məlumatları əhatə edə bilər.
  4. Tərəflər və mediator məlumatların hansı formada təqdim ediləcəyinə dair (məsələn, kağız daşıyıcıda, elektron formatda və ya ortaq platforma üzərindən) və bu sənədlərin formatına (məsələn, axtarış funksiyaları olan xüsusi elektron format) dair praktiki detalları müəyyənləşdirməyi faydalı hesab edə bilərlər.
  5. Elektron ünsiyyət vasitələrindən istifadə mediasiyanı daha sürətli və səmərəli edə bilər. Lakin bu vasitələrə bütün tərəflərin çıxış imkanlarının olub-olmadığını və onlarla işləmə bacarıqlarını nəzərə almaq tövsiyə olunur. Elektron ünsiyyət vasitələrinin seçimi zamanı uyğunluq, saxlanma, çıxış imkanı, məlumatların təhlükəsizliyi və bununla bağlı xərclər də nəzərə alınmalıdır. Tərəflər və mediator həmçinin elektron ünsiyyətin yetərli səviyyədə qorunmasını təmin etməlidirlər.

            (d) Mediasiya sessiyaları və fəal danışıqlar

  1. Mediasiya prosesi nəticəsində əsas faktlar və mümkün nəticələrə dair aydın və dolğun anlayış formalaşmalıdır. Bu məqsədlə mediator adətən bir və ya bir neçə görüş təşkil edir; bu görüşlər fiziki şəkildə və ya məsələn, ümumi və fərdi görüşlərə imkan verən uyğun platforma vasitəsilə məsafədən keçirilə bilər (belə görüşlərə “mediasiya sessiyaları” deyilir). Mediasiya sessiyalarına ayrılacaq vaxtın müəyyənləşdirilməsi mediator tərəfindən tərəflərlə razılaşma yolu ilə təmin olunması məqsədəuyğun hesab olunur.
  2. Belə mediasiya sessiyaları bütün tərəflərin iştirakı ilə və ya hər bir tərəflə ayrıca (tez-tez “caucus” adlanır), yaxud ümumi və fərdi görüşlərin birgə kombinasiyası şəklində keçirilə bilər. Məsələn, mediator əvvəlcə ümumi bir görüş keçirə bilər, burada tərəflər mübahisə ilə bağlı baxışlarını bölüşürlər, daha sonra isə mediator tərəflərlə ayrı-ayrılıqda fərdi görüşlər keçirə bilər.    
    Eks parte (bir tərəflə) ünsiyyətlər qadağan edilmir, əksinə, mediasiyada faydalı hesab olunur. Bununla belə, mediator tərəflərə qarşı ədalətli münasibəti qorumalı və bərabər (eks part) ünsiyyətin baş verdiyini digər tərəfə açıqlamalıdır. Bərabər münasibət eyni münasibət demək deyil – çünki mediator bir tərəflə digərindən daha çox vaxt keçirməli ola bilər. Tərəflərin mediasiya sessiyalarında iştirak etməsi tövsiyə olunur.
  3. Mediasiya sessiyalarının sayı və müddəti mübahisənin mürəkkəbliyindən asılı olaraq dəyişə bilər və konkret işin xüsusiyyətlərinə, eləcə də mediator və tərəflərin seçdiyi yanaşmaya uyğun olaraq tənzimlənə bilər. Məsələlərin araşdırılması və uzunmüddətli, dayanıqlı həll yolunun müəyyən edilməsi üçün yetərli vaxt ayırmaq mühüm əhəmiyyət kəsb edir.
  4. Mürəkkəb mediasiya proseslərində, mediasiya sessiyalarının təşkili məsələsinə daha ciddi diqqət yetirilməlidir. Əgər tərəflər öncədən və açıq şəkildə razılıq verərlərsə, maraqlı iştirakçılar və ya mütəxəssislər də zərurət olduqda görüşlərə dəvət edilə və iştirak edə bilərlər. Belə hallarda məxfiliyin qorunması məsələsi mütləq həll edilməlidir; məsələn, məxfilik sazişləri bağlanmalıdır.

5. Barışıq Sazişi

(a)  Razılıq təklifləri

71. Mediator tərəfləri razılığa gəlməyə təşviq edə bilməz, amma mediator onların sülh yolu ilə mübahisəni həllinə yardım edə bilər. Razılıq təklifləri birbaşa tərəflər və ya mediator vasitəsilə edilə bilər.

72. Mediator əgər tərəflərin təklifi olarsa, bu zaman razılıq şərtləri barədə tövsiyə verə bilər.

 (b) Barışıq sazişinin təklif edilməsi

73. Əgər tərəflər mübahisəni həll etməyə razıdırsa, onlar barışıq sazişi hazırlayırlar.  Tətbiq olunan hüquqdan asılı olaraq, əgər tərəflər belə bir istək irəli sürərsə,mediator  barışıq sazişinin hazırlanmasında, məsələn, razılaşdırılmış şərtlərin xülasəsini təqdim etməklə, onlara kömək edə bilər. Adətən, barışıq sazişləri yazılı formada tərtib olunur; tərəflərə bu tələbin necə yerinə yetirilə biləcəyini yoxlamaları tövsiyə olunur.

74. Barışıq müqaviləsi aydın ifadə edilməli, məsələn, icra şərtləri birmənalı şəkildə müəyyən olunmalıdır. 

75. Barışıq sazişinə tətbiq olunacaq qanunu müəyyən edərkən və saziş üzrə öhdəliklərin əlaqəli olduğu yeri nəzərdən keçirərkən, tərəflər bu məsələyə bağlı hüquqi nəticələri, eləcə də ümumilikdə hüquqi çərçivəni, o cümlədən Sinqapur Mediasiya Konvensiyasını nəzərə ala bilərlər.

(c) İcrası 

76. Ümumiyyətlə, tərəflər barışıq sazişində nəzərdə tutulmuş öhdəliklərə könüllü şəkildə əməl edirlər. Bununla belə, tərəflər sazişin forması (dil tələbləri daxil olmaqla), məzmunu, qeydiyyatı və ya təqdim olunması ilə bağlı tətbiq olunan mediasiya qanunlarına, icra yerində qüvvədə olan müvafiq qanunlara və tətbiq olunan mediasiya qaydalarına əsasən tələbləri nəzərə almalıdırlar.

77. Zəruri olduqda, barışıq sazişi icra olunması üçün icra tələb edilən dövlətin prosedurlarına uyğun olaraq məhkəmə və ya digər aidiyyəti orqan vasitəsilə icraya yönəldilə bilər. Bu cür prosedurlar müxtəlif yurisdiksiyalarda fərqlidir.

78. Sinqapur Mediasiya Konvensiyasına tərəf olan dövlətlər və Mediasiya üzrə Nümunə Qanun əsasında qanunvericilik qəbul etmiş dövlətlər, ehtimal ki, həmin sənədlərdə müəyyən edilmiş icra mexanizmlərinə əməl edirlər. Tərəflər barışıq sazişini tərtib edərkən, Sinqapur Mediasiya Konvensiyası və Mediasiya üzrə Nümunə Qanun çərçivəsində nəzərdə tutulan müvafiq müddəa və tələbləri nəzərə ala bilərlər. Konvensiyanın 8-ci maddəsinə əsasən dövlətlər tərəfindən edilmiş qeyd-şərtlərin siyahısı UNCITRAL-ın rəsmi saytında mövcuddur.

79. Tərəflərə tövsiyə olunur ki, barışıq sazişinin mediasiya nəticəsində əldə olunmuş sübut kimi istifadə oluna biləcəyini və müvafiq hüquqi çərçivə üzrə hüquqi müdafiə tədbirlərinin görülməsi üçün əsas ola biləcəyini öz aralarında razılaşdırdıqlarını sənəddə açıq şəkildə ifadə etsinlər.

6. Mediasiya prosesinin yekunlaşması

80. Tərəflər prosesə daxil olduqdan sonra, mediasiya əsasən aşağıdakı əsaslarla yekunlaşır:

(i) Tərəflər arasında barışıq sazişinin imzalanması ilə – ya sazişin imzalandığı tarixdə, ya da sazişdə nəzərdə tutulan başqa bir tarixdə;

(ii) Mediator tərəfindən, tərəflərlə məsləhətləşmədən sonra verilmiş bəyanat əsasında, əgər mediator tərəfindən müəyyən edilmiş məqbul müddət ərzində bütün tərəflərdən tələb olunan depozitlər tam şəkildə ödənilməzsə — bəyanatın edildiyi tarixdə.

(iii) Mediator tərəfindən, tərəflərlə məsləhətləşmədən sonra verilmiş və mediasiya səylərinin davam etdirilməsinin artıq əsaslı olmadığına dair bəyanat əsasında — bəyanatın edildiyi tarixdə;

(iv) Mediatora ünvanlanmış və mediasiya prosesinin başa çatdığını bildirən tərəflərin bəyanatı əsasında — bəyanatın edildiyi tarixdə;

(v) Təyin edilmişdirsə, mediatora və digər tərəf və ya tərəflərə ünvanlanmış və həmin tərəfə münasibətdə mediasiya prosesinin başa çatdığını bildirən bir tərəfin bəyanatı əsasında — bəyanatın edildiyi tarixdə.

(vi) Tətbiq olunan beynəlxalq sənəddə, məhkəmə qərarında və ya məcburi qanuni müddəada müəyyən edilmiş konkret müddətin başa çatması ilə, yaxud tərəflərin lkin mərhələdə razılaşdırılmış müddətin sona çatması ilə.

81. Hər hansı bir mediasiya prosesinin başa çatmasının açıq və birmənalı şəkildə sənədləşdirilməsi tövsiyə olunur, çünki bu sonrakı hüquqi prosedurlar üçün başlanğıc nöqtəsi kimi çıxış edə bilər və ya mediasiya mövzusu olan iddia ilə bağlı tətbiq olunan  müddətlərinin gedişinə təsir göstərə bilər.

Tərcümə etdi: hüquqşünas Mehriban İsmayılova